Bu gün Beynəlxalq Rəqs Günüdür
Qədim sivilizasiyaların qovşağında – Xəzərlə Qafqaz dağları arasında – əsrlər boyunca formalaşan unikal mədəni sistemdə rəqs düşüncə tərzinə, yaddaşın qorunması üsuluna və strateji özünüidentifikasiya vasitəsinə çevrilmişdir. Azərbaycanda rəqs zaman keçdikcə minilliklər boyu formalaşmış arxetiplərlə kodlaşdırılmış mədəni kod funksiyasını qazanmışdır: bərəkət ayinləri, təşəbbüs mərasimləri, döyüş rəqsləri, saray mərasimlərinin elementləri – bütün bunlar milli xoreoqrafik dilin mürəkkəb, emosional təbiətinə malik strukturuna daxil olmuşdur.
Bu sistemdə, rəqs mədəni diplomatiya forması kimi çıxış etdiyi şəraitdə, sənətin gələcəyə doğru hərəkətini müəyyən edən simalar xüsusi əhəmiyyət daşıyır. Bu simalardan biri də Azərbaycanın Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, pedaqoq, xoreoqraf və strateq Təranə Muradovadır. Onun fəaliyyəti bir həqiqəti təsdiqləyir: rəqsin dövlət mədəniyyət siyasətinin tərkib hissəsinə çevrilməsi yalnız ənənəni müasirliyə inteqrasiya edə bilən, koordinat sistemini dağıtmadan onu genişləndirən şəxsiyyətlərin mövcudluğu ilə mümkündür.
Rəqs – milli yaddaş matrisi kimi
Azərbaycan rəqsinin tarixi inkişaf xətti ardıcıl nəsillərarası ötürülmə mexanizmini nümayiş etdirir. XX əsrin ortalarından etibarən, Qəmər Almaszadə və Əlibaba Abdullayev kimi sənətkarların səhnə plastikası təməllərini qoyması və milli səhnə dili kanonuna daxil olan obrazlar yaratması ilə xoreoqrafiya artıq lokal hasdisə olmaqdan kənara çıxmağa başlamışdı. Sonrakı dövrdə Ləylə Vəkilova, Əminə Dilbazi, Xumar Zülfüqarova, Afaq Məlikova kimi ustadların hər biri rəqs sənətini daha da inkişaf etdirərək rituallıq, dekorativlik və balet elementlərini milli səhnə ifadə sisteminə daxil etdilər. Bu sənətkarlar mədəni irsin daşıyıcılarına çevrildilər və Təranə Muradova bu xəttin birbaşa və ardıcıl davamçısı oldu.
1990-cı illərin əvvəllərindən, ictimai-siyasi mühitin dəyişməsi və mədəniyyət institutlarının zəiflədiyi bir zamanda, rəqsin identiklik forması kimi qorunub saxlanması sənətkarlardan yalnız yaradıcı deyil, həm də təşkilati yanaşma tələb edirdi. Təranə Muradova həmin dövrdə artıq «Naz eləmə», «Qavalla rəqs», «Vağzalı» «Mirzəyi» kimi nümunələrlə yeni repertuar kanonuna daxil olan ifaçı kimi tanınırdı. Onun səhnə obrazları ideoloji məqsədlə formalaşırdı: rəqs xalqın dayanıqlı mədəniyyətini təcəssüm etdirməli idi.
Xoreoqraf – mədəniyyət moderatoru kimi
İfaçılıq sənətində yüksək səviyyəyə çatmış bir sənətkar kimi Təranə Muradova sənət yolunun növbəti mərhələsində qeyri-adi addım atdı. O, təhsil, idarəçilik və institutlaşma müstəvisinə daxil oldu. “Səyyah” uşaq ansamblı ilə iş onun üçün sosial bir missiya olmaqla yanaşı, milli rəqs sənətini inkişaf etdirmək istəyən yeni nəsil xoreoqrafların formalaşdırılması vasitəsinə çevrildi. Onun yanaşmasını sistemli pedaqoji kod adlandırmaq olar, çünki o, xalq rəqslərinin ənənəvi repertuarı ilə akademik nizam-intizamın sintezinə əsaslanan, beynəlxalq xoreoqrafik dialoqa açıq model yaratmağa müvəffəq oldu.
Əhəmiyyətli məqamlardan biri də odur ki, Təranə Muradova yalnız dərs deməklə və məşqlərlə kifayətlənmədi. İstedadı, yaradıcılıq nailiyyətləri, dövlət tərəfindən aldığı fəxri ad və digər mükafatlarla təltif olunduqdan sonra, onları institutlaşma addımlarına çevirdi.
Beynəlxalq Rəqs Günü: yaddaş və layihələndirmə nöqtəsi
29 aprel – Beynəlxalq Rəqs Günü – bu dəfə Təranə Muradovanın bioqrafiyasına sadəcə yaradıcı nailiyyətlər zənciri kimi yox, milli mədəni strategiyanın qurulma modeli kimi baxmağa imkan verir. Bu gün bir həqiqəti xatırladır: rəqs – unudulmaya qarşı müqavimət forması, zamanı qeydə alan alət, sözlərin aciz qaldığı yerdə danışa bilən dil sistemidir.
Milli torpaqda formalaşmış, dəqiq metodika ilə bərpa olunmuş və gənc ustalara ötürülmüş rəqs – yaddaşın davamlı sisteminə çevrilir. Təranə Muradovanın bu istiqamətdəki fəaliyyəti nə epizod, nə də sadəcə bioqrafik faktdır. Bu, əslində milli mədəniyyət layihəsinin bir hissəsidir. O, rəqslə yaşayır və rəqsin yaşaması üçün təhsil proqramlarında, səhnə məkanında, institut mexanizmlərində, tələbələrin təfəkküründə, gələcək nəsillərin repertuarında şərait yaradır.
Beləliklə, Azərbaycan rəqsi rituallıq dövrünü, səhnə quruculuğunu, ideoloji yükü, akademik sistemləşməni adlayaraq bu gün intellektual resursa çevrilir. Və bu prosesi mümkün edən, sübutlarla təsdiqlənmiş, mükafatlarla tanınmış və hər gün davam edən əməyin arxasında duran simalardan biri – Təranə Muradovadır.
Beynəlxalq Rəqs Gününüz mübarək!
Əbülfəz Babazadə