Arxeoloqlar İspaniyada apardıqları araşdırmalar nəticəsində qədim insanların bəzək seçimlərinin təsadüfi olmadığını üzə çıxarıblar.
Baki-baku.az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, El-Tesoro və Kueva-del-Oyo-de-la-Mina mağaralarında tapılan 37 fosil fraqmenti 5,3–3,6 milyon il əvvələ aiddir. Bu bəzəklərin böyük ehtimalla Malaqa sahillərindən toplanıldığı bildirilir.
Tədqiqatçılar qeyd edirlər ki, qədim insanlar bəzək üçün daşlaşmış balıqqulaqlarından istifadə edərkən yalnız iki xüsusi növü – Paradentalium inaequale və Paradentalium sexangulum-u seçiblər. Qabıq fraqmentləri cilalanıb, qırmızı oxra ilə boyanaraq dekorativ və ritual məqsədlər üçün hazırlanıb.
Alimlər bildirirlər ki, daş dövründə fosil toplamaq geniş yayılmış vərdiş olub və bu əşyalar bəzən həm simvolik, həm də ticarət məqsədilə istifadə edilib. Hətta neandertalların da ilk “fosil kolleksiyaçıları”ndan ola biləcəyi düşünülür – bunu İspaniyanın şimalında aşkarlanan dəniz qabıqları sübut edir. Maraqlı ehtimallardan biri də odur ki, bəzi nümunələr sadəcə uşaqların oyun məqsədilə yığdığı əşyalar olub.