Totemlər və tarixin ruhu
Bakı tarix boyu təkcə geosiyasi mövqeyi ilə deyil, həm də öz simvolizmi ilə seçilən şəhərlərdən olub. Onun daş divarlarında, qapılarında, minarələrində əks olunan rəmzlər zamanla sivilizasiyaların, inanc və dünyagörüşlərinin daşıyıcısına çevrilib. İçərişəhərin şimal girişində – Qoşa Qala qapılarının üzərində həkk olunmuş iki şir və onların arasında yerləşən öküz başı, günəş və ay diskiləri ilə birlikdə, sadəcə bədii kompozisiya deyil, bütöv bir fəlsəfi və simvolik sistemin ifadəsidir. Bu təsvirlər orta əsrlərdə Bakının rəsmi gerbi sayılırdı.
Qaya daşında gerb – Rəmzlərin dili
1683-cü ildə Bakıya gələn alman səyyahı Engelbert Kempfer qalanın şimal darvazasını belə təsvir edirdi:
“Üzbəüz dayanan iki şir qala divarlarını, ortadakı öküz başı dövləti (iç qalanı) günəş və ay altında gecə-gündüz qoruyur.”
Kempferin bu interpretasiyası sadə bir müşahidə deyil, astroloji, dini və totemik anlamları özündə birləşdirən dərin bir şərhdir. Qədim astroloji sistemlərdə öküz bürcü – sabitlik, məhsuldarlıq və müqavimət rəmzi – şir bürcünün himayəsində təsvir olunurdu. Bu isə sanki güc və zəhmətin, ruh və maddənin bir harmoniyasını simvolizə edirdi.
Öküz – Qüvvət və ənənənin rəmzi
Tarixi baxımdan öküz, əsasən musəvi ənənəsində müqəddəs totem sayılırdı. Qədim Şumerdən Qafqaz Albaniyasına qədər öküz təsvirləri məhsuldarlığın, qüvvətin və müqəddəsliyin göstəricisi olub. Onun buynuzlarının aypara şəklində təsviri isə ayla və ilahi dövrlə olan bağını göstərir. İçərişəhərdə və Bayıl qəsri yaxınlığında tapılmış daşlarda öküz başı təsvirləri bu simvolun Bakının totemik yaddaşında dərin iz buraxdığını təsdiqləyir.
Öküzün burada həm torpaqla bağlılığı, həm də maldarlıqla dolanan qədim abşeronluların həyat tərzini simvolizə etdiyi düşünülür. Öküz kəlləsinin təsviri bu qədim həyat tərzinə ehtiram, qoruyucu rəmz və şəhərin mənəvi sərhədlərinin nişanəsi kimi qəbul edilirdi.
Şir – Qoruyucu qüdrətin ikonası
Şir təsviri Şərq mədəniyyətində günəşin, odun, güc və hakimiyyətin rəmzidir. Atəşpərəstlərin müqəddəs heyvanı sayılan şir, Şumerlərdə qanadlı müharibə tanrısı, bəzən də ilahi keşikçi kimi təsvir olunurdu. Antik dövrlərdən bəri Şirvan adının özü də bu rəmzlə bağlıdır – “şir yurdu”.
Orta əsr Şirvanşahları dövründə döyülən sikkələrin üzərində də şir və günəş (şiri-xurşid) simvollarına rast gəlinir. Bu motiv daha sonralar Səfəvilər dövləti tərəfindən də mənimsənilib. Bu da onu göstərir ki, şir simvolu yalnız yerli kimlik deyil, həm də dövlətçilik və hökmranlığın daimi rəmzi kimi yaşayıb.
Şir və Öküzün birlikdə mənası
Qoşa Qala qapıları üzərindəki kompozisiya – iki şir, ortada öküz başı və günəş-ay diskləri – iki dünyanı təmsil edən, bir-biri ilə harmoniya və mübarizədə olan qüvvələrin birliyini ifadə edir. Şir – odun, ruhun və qüdrətin; öküz – torpağın, zəhmətin və maddiliyin simvolu olaraq bir araya gəlir. Qədim əsatirlərə görə, bu iki rəmz dünyanın ikili təbiətini – ruh və maddə, gün və gecə, hakimiyyət və zəhmət – təmsil edir.
Bəzi tarixçilər bu simvolu Bakının müxtəlif dini və mədəni təsirlər altında formalaşmış çoxqatlı kimliyinin ifadəsi kimi şərh edirlər: şirlər – qoruyucular; öküz – şəhərin özü və onun zəhmətkeş ruhu; Günəş və Ay – zamanın, əbədiyyətin nişanəsi.
Qayaüstü gerbdən daxili yaddaşa
Bu rəmzlər özü-özlüyündə təkcə daş üzərində həkk olunmuş tarixi xatirə deyil. Onlar mədəni kimliyin daş yaddaşı, daxili suverenliyin simvolu və şəhər yaddaşının qoruyucu totemləridir. Hər bir sivilizasiyanın öz simvolu varsa, Bakının da öz daşda yazılmış manifesti var: bir şəhər ki, özü bir öküz kimi zəhmətkəşdir, şir kimi qorxmazdır.
Xanım Aydın