Nəşr edilmişdir 06/05/2025

Paylaşın

GÜNDƏM

Qurban bayramının adətləri və qaydaları – MÜSAHİBƏ

Qurban bayramının adətləri və qaydaları, Qurban bayramının adətləri, Qurban Bayramı

Qurban bayramı İslam dünyasında mühüm dini-sosial əhəmiyyət daşıyan mərasimlərdən biridir. Bu bayram əsrlərdir ki, müsəlman cəmiyyətlərində mənəvi təmizlənmə, sosial həmrəylik və Allaha yaxınlaşma niyyəti ilə qeyd olunur. Qurban ibadəti yalnız dini bir vəzifə olmaqla kifayətlənmir, eyni zamanda yardımlaşma, mərhəmət və insani dəyərlərin cəmiyyət daxilində təşviqinə xidmət edir.

Bəs müsəlmanların ən əziz bayramlarından sayılan bu günlərdə Qurban bayramının adətləri, tarixi, qaydaları və qadağaları barədə nələr bilirik?

Bütün bu məsələlərə aydınlıq gətirmək üçün Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Hacı Cavad məscidinin imamı, f.ü.f.d, dosent İbrahim Quliyev Baki-baku.az-ın suallarını cavablandırıb.

Müsəlmanların ən əziz bayramlarından sayılan bu günlərdə Qurban bayramının adətləri və tarixinə toxibadətinin tarixi və dini əsasları nələrdir? Kimlərə vacibdir, kimlər üçün müstəhəb sayılır? Qurbanlıq heyvanlarla bağlı şəriət baxımından hansı tələblər mövcuddur və bu ibadətin sosial yönümlü mesajı nədən ibarətdir?

Aşağıdakı müsahibədə Qurban bayramının dini və ictimai yönləri ətraflı şəkildə izah olunur, eyni zamanda bu müqəddəs ibadətin mahiyyəti barədə geniş məlumat verilir.

– Qurban bayramının mahiyyəti nədir?

– Qurbanlığın tarixi çox qədimlərə gedib çıxır. Quranı Kərimə görə qurban vermək ilk insanın dövründən başlayır. Həzrəti Adəm əleyhissalamın iki oğlu, yəni Habil və Qabilin qurban aparmaları bunun göstəricisidir. Qurban vermək Allaha yaxınlaşmaq baxımından da çox faydalı və önəmlidir.

Qurbanlıq özlüyündə bir çox mənəvi keyfiyyətləri əks etdirir. Birincisi, odur ki, bu, bir ibadət formasıdır. Yəni, bir insan öz malından qurban verirsə, onun Allaha yaxınlaşması bir addım təmin olunur. İkincisi, qurbanlığın insanlara savab gətirməsi baxımından da çox böyük dəyəri var. Üçüncüsü isə bunun sosial tərəfidir. İmkanlı bir insan öz malından, mal-qarasından qurban kəsərək onu paylayır. Ətrafdakı yoxsul şəxslərə qurban ətinin paylanması, onların da evlərində ət qazanının qaynaması, psixoloji ruh yüksəkliyinin yaranması imkanı olanlarla yoxsullar arasında bir mənəvi bağın formalaşmasına səbəb olur. Deməli, qurbanlıq cəmiyyətdə təbəqələri arasında olan münasibəti normallaşdırır.

Digər bir tərəfdən isə qurbanlıq bizim dini ayinimizdir və biz bu ayini qurban kəsməklə yaşatmış oluruq. Bizim qurbanlıq ənənəsini davam etdirməyimiz dini kimliyimizdən irəli gələn mühüm bir ayindir və hamımız bacardığımız qədər bu ayinə riayət etməliyik.

– Qurban bayramının adətləri nələrdir?

– Təbii ki, Qurban bayramının şəriətə uyğun təşkili tövsiyə ediləndir. Yaxşı olar ki, bayram günü hər bir insan bayram qüsulu alsın. Əgər şəxs namaz əhlidirsə yaxınlıqdakı məscidə üz tutaraq camaatla birlikdə bayram namazı qıla bilər. Bundan sonra isə qohumları, qonşuları, ətrafda yaşayan maddi cəhətdən, evlərinə gediş-gəliş az olan insanları ziyarət etmək tövsiyə olunur.

– Kimlər qurban kəsməlidir və kimlər qurban kəsməyə bilər?

– Bildiyimiz kimi, qurbanlıq ayini Həzrəti İbrahim əleyhissalamın dövründən qalıb. Əgər söhbət İsmayıl qurbanından gedirsə, Həcc ziyarətində olan şəxsin qurban kəsməsi vacib hesab olunur. Çünki həccin 18 ayinindən biri məhz budur ki, Məkkədə Minada qurban kəsmək şərtdir.

Ümumilikdə isə qurbanı o şəxslər kəsməlidirlər ki, onların maddi imkanları var. Ancaq Həcc ziyarətində olmayanlar üçün bu vacib yox, müstəhəb hesab olunur. Yəni bəyənilən əməldir.

– Kəsilən qurbanın müsəlman olmayan şəxslərə paylanmasına dinimizdə münasibət necədir?

– Qurbanlığın qeyri-müsəlman şəxslərə paylanması şəriət nöqteyi-nəzərdən qadağan edilməyib. Qonşuluğumuzda, ətrafımızda olan qeyri-müsəlman şəxslərə qurban payı verməklə, həm onları sevindirər, həm də dinimizin gözəlliklərini təbliğ etmiş olarıq ki, bu da bəyənilən əməldir.

– Hansı heyvanlar qurban kəsilə bilər və hansılarını kəsmək olmaz? 

– Heyvanlar arasında yalnız 3 növ heyvanın qurban kəsilməsinə şəriət icazə verir. Onlardan birincisi inək və camışdır. İkincisi xırda buynuzlular, yəni qoyun və keçidir, üçüncüsü isə dəvədir. Digərləri, məsələn, toyuq, hinduşqa və bu qismdən olan və yaxud da ov heyvanları, məsələn, ceyran, cüyür və s. bunların qurban kəsilməsi icazəli deyildir. Ona görə də qurban kəsən şəxslər bu məsələdə diqqətli olmalıdırlar. Hər hansı şəxs, əlbəttə ki, qeyd etdiyim quş cinsindən olanları və ov heyvanlarını kəsib, sədəqə niyyəti ilə paylayıb savab qazana bilər. Ancaq qurban niyyəti ilə kəsmək doğru hesab edilmir.

Qurban bayramının adətləri və qaydaları, Qurban bayramının adətləri, Qurban Bayramı

– Bəzən qurban kəsmək istəyənlər müəyyən səbəblərdən bunu onlayn üsul ilə, yəni ət almadan, kəsimdə özü iştirak etmədən, kiməsə bunları etməsi üçün pul göndərərək həyata keçirirlər. Belə bir yanaşma doğrudurmu?

– Bəli, doğrudur. Əgər qurbanı insanın kəsməsinə fürsət yoxdursa, kimisə vəkil təyin edə və pulunu ona göndərə bilər. Həmin şəxs etibarlı, inanılmış şəxs olmalı, pulun sahibinin adından qurbanı kəsməli və paylamalıdır. Yaxud ola bilər ki, insanın qurban etdiyi heyvanı kəsmək səriştəsi yoxdur. Belə olduğu təqdirdə də hansısa yaxınına və ya müəyyən bir məvacib miqdarında bu işi görə bilən şəxslərə heyvanını kəsdirib, onun ətini paylaya bilər.

– Qurbanı kəsdirmək əvəzinə onun pulunu kiməsə vermək qurbanlıq hesab edilə bilərmi?

– Qeyd etdiyiniz haz təbii ki, savab gətirəcək əməldir. Ancaq qurbanlıq hesab edilmir. Qurbanın məğzi daha əvvəl qeyd etdiyimiz heyvanların Allahın razılığını qazanmaq üçün şəriətə uyğun kəsilməsi və paylanmasıdır.

– Qurban kəsərkən nələrə diqqət etmək lazımdır və kəsilən heyvana münasibət necə olmalıdır?

– Şəriətimizdə heyvanların kəsimi ilə bağlı müəyyən edilmiş qaydalar var. Belə ki, heyvan kəsilərkən üzü qibləyə olmalı, Allahın adı çəkilməli, yəni Bismillah deyilməlidir. Yaxşı olar ki, həmin heyvan digər heyvanların gözü önündə kəsilməsin. Digər bir mühüm məsələ isə insanın öz əlinə öyrəşdirdiyi heyvanı qurban kəsməsi ilə bağlıdır. Bu, dinimizdə kərahətli, yəni xoşa gəlməz hal hesab edilir. Gördüyünüz kimi, bununla İslam dini vəfadarlığın, bir əmanətin nə demək olduğunu önə çəkmək istəyir. Çünki daim sənin əlinə öyrəşmiş bir qoyun və yaxud bir inək cinsindən olan heyvan sənin yanına gəldiyi təqdirdə onu kəsməklə sən bu heyvanın inamını qırmış olursan və burada ciddi kəharət var.

– Bir neçə nəfərin ortaq şəkildə qurban kəsməsi qəbul edilirmi?

– Bəli, bir neçə nəfərin ortaq şəkildə qurban kəsməsi qəbul ediləndir. Həmin şəxslər birlikdə iri və ya xırda buynuzlu heyvanı Allah yolunda kəsib, paylaya bilərlər.

– Qurbanın ətin qaylanmasında nələrə diqqət etmək lazımdır?

– Qurban ətinin paylanması ilə əlaqədar tövsiyələrdən biri mütləq şəkildə yoxsul insanların nəzərə alınmasıdır. Digəri isə qohumlara, qonşulara paylanmasıdır. Ancaq yenə də qeyd etməliyəm ki, maddi cəhətdən zəif olan insanlara qurban ətinin paylanması daha çox təşviq edilməlidir.

– Bir insanın adi gündə niyyət edib qurban deməsi ilə, bayram günü kəsilən qurban arasında fərq nədir?

– Qurban İslam şəriətində bir bir neçə növə bölünür. Birincisi vacib hesab edilən qurbandır. Buna, hər hansısa bir işin həyata keçməsi üçün qurban kəsməklə bağlı niyyət edilməsini misal göstərmək olar. Həmin şəxsin işi düzələrsə, deyilən qurbanı kəsməsi vacibdir.

Daha bir qurban isə əqiqə qurbanıdır. Buna, övladı dünyaya gələn şəxslərin onun adına qurban kəsməsi aiddir. Bu qurban vacib olmasa da, bəyənilən qurbanlardandır.

Nəhayət hər birimizin bayram kimi qeyd etdiyi İsmayıl qurbanıdır. O da söylədiyim kimi Həcc ziyarəti zamanı vacib, digər yerlərdə müstəhəb hesab edilir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakıdakı Əjdərbəy, Təzəpir və digər məscidlərdə Qurban bayramı münasibətilə namaz qılınıb.

Ən son

GÜNDƏM

Konsertdə incəsənət ustaları tamaşaçılara bir-birindən maraqlı ifalar təqdim ediblər.

GÜNDƏM

Konsertdə incəsənət ustaları tamaşaçılara bir-birindən maraqlı ifalar təqdim ediblər.