Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/18/2025

Paylaşın

GÜNDƏM

Qumda basdırılan məsuliyyət: Sakinlər çimərliklərin təmizliyini niyə biganə yanaşır?

Yay mövsümünün gəlməsi ilə minlərlə insan istirahət üçün dənizkənarı ərazilərə üz tutur. Çimərlik ərazilərində yaradılan şərait, insanların rahat formada istirahətini təmin etmək üçün görülən işlər fonunda isə başqa bir mənzərinin şahidi oluruq. Dəniz sahillərinə axın edən sakinlər arasında istirahət zamanı istifadə etdikləri qida qablarını, plastik butulkaları, sellofan torbaları və digər tullantıları ətraf mühitə atmaqdan çəkinməyənlər də var. Halbuki sahilboyu ərazilərdə xüsusi olaraq yerləşdirilmiş zibil qutuları mövcuddur. Təəssüf ki, bəzi insanlar bu infrastruktura məhəl qoymur, zibilləri ya birbaşa quma basdırır, ya da dənizə atırlar.
Tullantıların yığışdırılması bizim işimizdir, lakin onların atılmaması insanların məsuliyyətidir
Xəzər Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Hikmət İslamov bildirib ki, yay mövsümündə təmizlik işçilərinin iş yükü qat-qat artır: “Digər fəsillərlə müqayisədə yayda yerə atılan zibillər günün istisi altında tez çürüyür, qida tullantılarının iylənməsi baş verir və ətrafa xoşagəlməz qoxu yayılır. Bu səbəbdən təmizlik işçilərinə düşən öhdəlik də artır. Bu halın çimərliklərdə baş verməsi isə insanların istirahətinə birbaşa təhdid yaradır. Tullantıların yığışdırılması bizim işimizdir, lakin onların atılmaması insanların məsuliyyətidir”.
O qeyd edib ki, əhali dənizə axışdıqca, tullantıların həcmi də artmaqdadır: “Biz hər gün səhər tezdən sahillərdə genişmiqyaslı təmizlik işləri aparırıq. Gün ərzində təkrar yoxlamalar həyata keçirilir, zibil qutularının doluluğu nəzarətdə saxlanılır. Amma bir reallığı da etiraf etməliyik ki, nə qədər təmizləsək də, gün sonunda mənzərə yenidən eynidir. Sanki bir gün əvvəl heç bir iş görülməyibmiş kimi. İnsanların rahat istirahət etməsi üçün biz əlimizdən gələni edirik, amma təəssüf ki, bir çoxları bu zəhmətə sayğı ilə yanaşmır”.
Əməkdaş bildirir ki, çimərliklərdə kifayət qədər zibil konteynerləri və tullantı qutuları yerləşdirilib. Eyni zamanda, bəzi sahələrdə plastik və kağız tullantılar üçün ayrılmış çeşidlənmiş qutular da quraşdırılıb. Lakin bir çox vətəndaş sadəcə on metrlik məsafədəki zibil qabına tullantı aparmaq əvəzinə, onu yerə atmağı üstün tutur.
“Təəssüf doğuran məqam odur ki, bu hal yalnız fərdi şəxslərlə məhdudlaşmır. Bəzən ailəvi şəkildə dənizə gələn insanlar da uşaqlarının yanında tullantıları ətrafa atır. Bu, həm də gələcək nəsildə ekoloji məsuliyyət hissinin zəifləməsinə gətirib çıxarır. Biz maarifləndirmə ilə bağlı aidiyyəti qurumlarla birgə tədbirlər görürük, çimərliklərdə xəbərdaredici lövhələr yerləşdiririk, sakinlərlə söhbətlər aparırıq. Lakin bu, yalnız inzibati yanaşma ilə deyil, vətəndaş şüurunun formalaşması ilə mümkündür”, – deyə o diqqətə çatdırıb.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Körpələr evi-uşaq bağçası binasının inşasına ötən ilin fevralında başlanılıb