Zamanı ölçmək insanın qədim ehtiyaclarından biridir. Günəşin kölgəsindən başlayaraq qum saatlarına, oradan da mexaniki saatlara qədər insan hər dövrdə zamanı “görünən” hala gətirməyə çalışıb. Amma qol saatı – yəni zamanın insan bədəni ilə birbaşa təmasda olduğu bu forma – nisbətən yeni bir ixtiradır.
Cibdən biləyə – saatın çevrilişi
XIX əsrin sonlarınadək saatlar əsasən cibdə daşınırdı. Cib saatları zərgərlik nümunəsi sayılır, xüsusilə kişilərin geyim tərzinin ayrılmaz hissəsi idi. Lakin bu formanın bir çatışmazlığı vardı – praktik deyildi. At çapan, hər iki əlin məşğul olduğu işlər, hərbi əməliyyatlar zamanı cib saatını çıxarıb baxmaq çətin idi.
Məhz bu səbəbdən ilk qol saatlarını qadınlar taxmağa başladı. Onlar daha çox bəzək məqsədilə hazırlanırdı. 1868-ci ildə İsveçrə firması “Patek Philippe” macar qrafinyası Koskoviç üçün ilk mexaniki qol saatını hazırladı. Lakin həmin dövrdə kişi auditoriyası bu ideyanı ciddiyə almırdı – qol saatı “bəzək” hesab edilirdi.
Müharibənin diktəsi – praktik ehtiyac
Qol saatının kişi modasına çevrilməsi Birinci Dünya müharibəsi illərinə təsadüf edir. Cəbhədə zabitlər döyüş zamanı vaxtı tez görməyə ehtiyac duyurdular, cib saatı isə bu vəziyyətdə əlverişli deyildi. Buna görə bir çox əsgər cib saatlarını sadəcə kəmərlə biləklərinə bağlamağa başladı. Bu “improvizə” tezliklə hərbi standart halına gəldi.
Müharibədən sonra qol saatları kütləvi şəkildə istehsal olunmağa başladı və artıq həm kişilər, həm qadınlar üçün praktik və zərif aksessuar sayılırdı.
Texnologiyanın ritmi
XX əsrin ortalarında mexaniki saatlar özünün qızıl dövrünü yaşadı. İsveçrə markaları – “Rolex”, “Omega”, “Longines”, “Tissot” və başqaları – dəqiqlik və prestij simvoluna çevrildilər.
1970-ci illərdə isə dünyada “kvarz inqilabı” başladı. Yaponiyanın “Seiko” şirkəti ilk kvarz mexanizmlə işləyən qol saatını təqdim etdi. Bu, saat sənayesində yeni mərhələ idi: saatlar daha ucuz, daha yüngül və daha dəqiq oldu.
Rəqəmsal və ağıllı dövr
XXI əsrdə isə qol saatı təkcə vaxt ölçən alət deyil. Smart-saatlar artıq nəbzi ölçür, yuxunu analiz edir, zəngləri qəbul edir, hətta sahibinin həyat ritmini izləyir. “Apple”, “Samsung”, “Huawei” kimi şirkətlər klassik saat anlayışını tamamilə yenidən formalaşdırıblar.
Amma bütün texnoloji dəyişikliklərə baxmayaraq, mexaniki saat hələ də öz cazibəsini qoruyur. Çünki o, sadəcə cihaz deyil – zamanın ruhunu daşıyan sənət əsəridir.
Zamanın simvolu
Qol saatı artıq təkcə “vaxtı göstərən” deyil, həm də xarakteri ifadə edən bir aksessuardır. Kimin üçünsə dəqiqlik, kimin üçün status, başqası üçün isə nostalji simvoludur.
Zaman dəyişsə də, insanın ona olan münasibəti dəyişmir. Qol saatı bu münasibətin ən gözəl təcəssümüdür — zamanla insan arasındakı səssiz dialoqun simvolu.