Tur Heyerdal: “Qobustanın qayaüstü təsvirləri, rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir”.
II yazı
Svilizasiyaların, mədəniyyətlərin beşiyi, dinlərin tolerantlıq ünvanı olan Odlar Yurdu Azərbaycan yaratdığı incilərlə bu gün də bəşəri dəyərlər xəzinəsini zənginləşdirməkdədir. Vatikanda, Drezdendə, Luvrda, Ermitajda, Viktoriya və Albert muzeyində, Misir kitabxanasında, Nuri-Osmaniyyədə, Peterburq, Moskva, Tiflis arxivlərində qorunan, sərgilənən sənət əsərləri, incəsənət nümunələri bunu söyləməyə əsas verir.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının I vitse-prezidenti xanım Mehriban Əliyevanın diqtəsi, iradəsi ilə dünyanın maddi-mədəni irsi siyahısına daxil edilən Azərbaycan xalısı, Azərbaycan muğamları, Azərbaycan kəlağayısı, Azərbaycan çörəyi, saz, ney, ud, Çovqan oyunları, Çələbi xalısı ilə birlikdə qədim yaddaş yerimiz, şəhər mədəniyyətimiz hesab olunan İçərişəhər, Şirvanşahlar saray kompleksi, Atəşgah məbədi ölkəmizin mənəvi əzəmətinin, zəngin mədəniyyətinin, bu mirası irsə çevirən əcdadlarımızın qüdrətinin göstəricisidir.
2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına açıq səma altındakı muzey kimi qəbul edilən Qobustan dünyanın ən qədim insan məskənlərindən biridir. Bunu arxeoloji qazıntılar, tarixi abidələr sübut edir: “Qobustan çox unikal bir ərazidir. Bu məkan Daş dövründən tutmuş, tunc dövrünə qədər böyük bir mərhələni özündə ehtiva edir. Burada azərbaycanlıların ulu əcdadları ən qədim zamanlardan orta əsrlərə qədər həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini yaradıblar. Qobustanın qayaüstü təsvirləri, rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Burada 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib. Məşhur Norveç alimi, tarixçi-türkoloq Tur Heyerdal və dünyanın bir çox böyük alimləri Qobustana səfər edərkən burada gördüklərindən heyrətlərini gizlədə bilməyiblər. Onu yaradan xalqın qüdrətini, əzəmətini etirafda bulunublar. Açıq səma altında muzey kimi şöhrət qazanan, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci-vitse Prezidenti xanım Mehriban Əliyevanın iradısi ilə dünyanın maddi-mədəni irsi siyahısına daxil edilən Qobustan Dövlət Tarixi- Bədii qoruğunda 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Milli Tarix-Bədii Qoruğunun ərazisində müasir, dünya standartlarına cavab verən muzey tikilib istifadəyə verilib.

Petroqliflər dünyası – daş dövrünün aynası
Qobustandakı rəsimlər, təsvirlər dünya mədəniyyət tarixində nadir hadisələrdəndir. “Azərbaycan xalqının şəkillərlə cızılmış, çəkilmiş tarixidir”. Onu yaradan xalqın daşa, yaddaşa dönən dünyası, tarixin daş salnaməsidir. Dünyanın nadir incilərindən hesab olunan “Muzey və inzibati bina kompleksinin ümumi sahəsi 2 min 460 kvadratmetrdir. Yeni muzey binası 12 kompozisiya zalından ibarətdir. Muzeydə qoruq əməkdaşları üçün 15 xidməti otaq, kitabxana, fotolaboratoriya və elmi-tədqiqat şöbəsi fəaliyyət göstərir. Muzeyin girişində petroqliflərin qonaqlara təqdim edilməsi üçün şərait yaradılıb. Burada rəsmlərin həlqəvari zolaqlar şəklində düzülməsi canlı rəqsin hərəkətlərini təcəssüm etdirir. Müasir innovativ texnologiya ilə təchiz olunan muzeydə xüsusi multimedia proqramları ilə hazırlanmış sensor ekranları, maarifləndirici və əyləncəli oyunlar, interaktiv stendlər, 3D video turistlərin ixtiyarına verilib. Muzey ziyarətçiləri sensor ekrandan istifadə etməklə müxtəlif dillərdə ətraflı informasiya əldə edirlər”.
Tarixin daş yaddaşına şahidlik edən muzeyin sərgi zalı müxtəlif bölmələrdən ibarətdir. “Qobustan: UNESCO-nun ümumdünya mədəni irsi” zalında dünyadakı 200-ə yaxın oxşar abidə haqqında məlumatlar əks olunub. “Qobustanın təbii mühiti” zalında isə turistlər özlərini real landşafta uyğunlaşdırılan texnogen illüstrasiyalı mühitdə hiss edirlər. Sensor ekranda minilliklər ərzində Xəzər dənizinin necə dəyişdiyini əks etdirən animatik təqdimatı müşahidə etmək, Qobustanın təbiəti, florası haqqında məlumatlar almaq mümkündür. Muzeyin “Qobustanda arxeoloji kəşf“ zalında petroqliflərin aşkar edilməsi və öyrənilməsi, qazıntıların aparılması prosesləri əks olunur. Burada arxeoloji təbəqələrdən tapılan daşlar, saxsı qablar və digər eksponatlar təqdim edilir.

Qobustana gəl, zamana səyahət et, Qavaldaşını dinlə
“Zamana səyahət” zalı isə tarixin müxtəlif dövrlərində Qobustandakı həyatı əks etdirir. Burada turistlər ilkin dövrdən başlayaraq Qobustanda gedən təbii dəyişikliklərin miqyasını, dünyada yaşanan insan köçünün coğrafiyasını seyr edə bilir. “Qədim dövr insanlarının həyatı” zalında daş əmək alətlərinin hazırlanması və onların funksiyaları barədə məlumatlar əks olunur. 3D ölçülü daş əşyanın nümayişi, paleolit, mezolit və neolit dövrlərinə aid alətlər və onların hazırlanma üsulu 3 stenddə təqdim olunur. “Qədim dövr incəsənəti” zalı ibtidai insanların gözəllik anlayışını və bədii təxəyyülünü nümayiş etdirir. “Əsrlərdən gələn petroqliflər” zalı sayı 6 mindən çox olan ornamentləri, qayaüstü incəsənətin təkamülünü öyrənməyə imkan verir.
“Petroqliflərin mənası” və “Qobustanın qədim dövr rəssamları” zallarında Qobustan qayaüstü rəsmlərinin mənası, “Heyvanlar və ovçular”, “Qobustan qayaüstü incəsənəti mədəni landşaftı” zallarında isə qədim heyvan sümüklərinin qalıqları, o dövrün insanlarının ən çox ovladıqları heyvanlar haqqında məlumatlar verilir. “Qoruq ərazisində 3D formatlı video ilə virtual uçuş da həyata keçirmək mümkündür. Muzeyin ekspozisiya zalında və fond otaqlarında 100 mindən çox arxeoloji materiallar toplanıb.
3D formatında 45 tamaşaçı üçün kinozal da var. İclas zalında müxtəlif konfransların, yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb”.

Cəfər Qiyasi: İbtidai insanların yaşayış yeri dairəvi planda, mağara formasında olub.
Muzeyin layihəsinin müəllifi, AMEA-nın müxbir üzvü professor Cəfər Qiyasinin açılış mərasimindəki çıxışı tarixlə müasirlik arasında körpü olan məbəd-muzey haqqında tarixi həqiqətləri özündə ehtiva edən amil kimi bu gün də yaddaşlara hakimdir.“Qobustan Azərbaycan mədəniyyətinin beşiyidir.Bir memar kimi mənim üçün xoşdur ki, burada muzey binasının layihəsinin hazırlanmasında iştirak etmişəm. Bu layihənin əsas ideyası ibtidai insanın yaşayış yeri olan mağara tipli bir mühit yaratmaq idi. İbtidai insanların yaşayış yeri dairəvi planlı olurdu, binanın layihəsində bütün bunlar nəzərə alındı. Ona görə də bu bina dairəvi planlı zallardan, salonlardan ibarətdir. Kənardan baxanda isə bina insan əli ilə yaradılmış nəhəng qayaları xatırladır. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkür edirəm ki, interyerlərinin tərtib olunmasına xarici mütəxəssisləri də dəvət etdilər. Mənə elə gəlir ki, muzey Azərbaycanın ən yaxşı muzeylərindən biri olacaq.”

Səsi Qavaldaşından gələn Vətən
Sivilizasiyaların, mədəniyyətlərin beşiyi olan, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci-vitse Prezidenti xanım Mehriban Əliyevanın iradəsi ilə dünyanın maddi-mədəni iris siyahısında yer alan Qobustan 100 mindən çox arxeoloji materialı 6 mindən çox qayaüstü təsvirləri, 20 mağara və yaşayış yeri, 40-dan çox kurqanı, “Qavaldaşı”, “Günəş saatı”, “Sofu Həmid”, “Huri qızlar” kimi tarixi milyon illərə dayanan piriləri, ziyarətgahları, möcüzələri ilə Yaradanla yaradılış arasında bağ olmaqla yanaşı dünyanın Daş bağıdır, Yaddaş yeridir. Millət, məmləkət də insan kimidir. Yaddaşı ilə yaşayır!
Odlar Yurdu Azərbaycan əbədiyyət üfiqlərində doğan Nəsiminin diyarıdır. Səsi Qavaldaşından gəlir. Bura Şərqdi! Şərq Günəşin doğduğu yerdi. Saatı bizdə, oda, atəşə aşiqlərin diyarında, kahalardan, mağaralardan, qədim yaşayış məskənlərindən iri-iri şəhərlərə, meqapolislərə, göydələnlərə yol gələn Odlar Yurdu Azərbaycanda – Qobustandadır!
Şərəf Cəlilli