Qız qalası yaxınlığında, İçərişəhərin qədim küçələrindən birində bu gün yalnız özülləri görünən bir ibadət məkanı var. Bu yer vaxtilə Bakının ən müqəddəs xristian ziyarətgahlarından biri – Müqəddəs Varfolomey kilsəsi idi. İndi isə o, həm dini inancın, həm də şəhərin çoxqatlı tarixinin şahididir.
Şəhidlik məkanı üzərində ucaldılan kilsə
Rəvayətə görə, miladın 71-ci ilində Həzrət İsa Məsihin 12 həvarisindən biri – Həvari Varfolomey məhz Qız qalasının ətəyində bütpərəstlər tərəfindən ağır işgəncələrlə qətlə yetirilib. Deyilənlərə görə, o, Kiçik Asiyadan başlayaraq Hindistana, oradan isə Xəzər dənizi sahillərinə qədər İncil təlimini yayıb, nəhayət indiki Bakı əraizində çarmıxa çəkilib, dərisi soyulub və başı kəsilib.
Bu faciəli hadisənin baş verdiyinə inanılan ərazidə əsrlər boyu müqəddəs yer kimi ehtiram göstərilib.

1892–1936: Kiçik kapella, böyük mənəvi məna
Kilsə 1892-ci ildə İçərişəhərdə “qaranlıq sıralar” adlanan ərazidə, yerli xristian icmasının ianələri hesabına inşa edilib. Tikinti xərci təxminən 2000 rubl olub. Layihənin müəllifi memar İ.V.Edel idi və bina rus pravoslav kilsə memarlığı üslubunda tikilmişdi.
14 sentyabr 1892-ci ildə – Müqəddəs Xaçın ucaldılması bayramı günü – Bakıda möhtəşəm təqdis mərasimi keçirilib. Liturgiyada qubernator V.P.Roggen, ruhanilər və çoxsaylı dindarlar iştirak edib, kilsəyə doğru təntənəli yürüş təşkil olunub. Kilsənin üzərinə güzgülü xaç qoyulub, divarında isə belə bir mərmər lövhə yerləşdirilib:
“Bu yerdə Məsihin 12 şagirdindən biri, müqəddəs Həvari Varfolomey Məsih üçün canını verdi.”
Kiçik kapella formasında olan ibadətgahın interyeri Varfolomeyin və digər müqəddəslərin ikonaları ilə bəzədilib. Burada həmçinin ikonalar və dini broşuralar üçün anbar mövcud idi. Kilsə hər gün səhərdən axşama qədər açıq olurdu.
Maraqlıdır ki, bu məbəd Bakının ilk və ən qədim kilsəsinin özülləri üzərində inşa edilmişdi. Hətta əvvəlki kilsənin ikonostasından üç təsvir də burada qorunub saxlanılmışdı.

Dağıdılma və yaddaş
Kilsə 1936-cı ilə qədər fəaliyyət göstərdi. Lakin sovet dövründə aparılan dinlə mübarizə kampaniyası çərçivəsində bina söküldü. Ondan yalnız bünövrə qaldı.
Bu gün həmin özüllər 2015-ci ildən etibarən arxeoloji abidə kimi qeydə alınıb və qorunur. İçərişəhərin qədim ruhunu yaşadan bu qalıqlar Bakının dini və mədəni müxtəlifliyini xatırladan mühüm tarix izidir.
Müasir dövrdə anım mərasimləri
Hər il iyunun 24-də – Müqəddəs Varfolomeyin anım günündə – Bakı yeparxiyası kilsənin qalıqları üzərində dua mərasimi (moleben) keçirir. Bu ənənə, dağıdılmış məbədin mənəvi varlığının yaşadığını göstərir.
2003-cü ildə isə Konstantinopol patriarxı I Varfolomey Müqəddəs Varfolomeyin qalıqlarının bir hissəsini Azərbaycan xristian icmasına hədiyyə etmişdi. Həmin müqəddəs əmanət hazırda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında saxlanılır.

Tarix və inancın kəsişdiyi məkan
Müqəddəs Varfolomey kilsəsi artıq mövcud olmasa da, onun hekayəsi yaşayır. Qız qalasının kölgəsində qalan bu özüllər Bakının çoxmillətli, çoxdinli tarixinin bir parçasıdır. Burada bir vaxtlar dua səsləri yüksəlir, zəvvarlar toplaşır, şamlar yanırdı. İndi isə tarix həmin bu qalıq daşlarda yaşayır.
Xanım Aydın