Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/20/2025

Paylaşın

TARİXİMİZ

Qisası qiyamətə qalmayan Qarakənd

Qarakənd, Qarakənd Faciəsi

Qarakənd faciəsi yalnız bir vertolyotun vurulması deyildi, milli dövlətçiliyimizə yönəlmiş amansız terror aktı idi

1920-ci ilin 28 aprelindən sonra sufilərin, hürufilərin, xəlvətilərin, qədərilərin diyarı olan Odlar Yurdu Azərbaycan iki dəfə qədərinin – alın yazısının, 20 rəqəminin dəhşətini yaşadı. Milli dirçəlişi, Əbədi İstiqlalı ona çox görən bolşevik Rusiyası onu 20 Yanvar dəhşətləri, Qarakənd faciəsi ilə üz-üzə qoydu. Xocalı faciəsindən sonra üzləşdiyimiz Qarakənd faciəsi milli dövlətçilik tariximizdə dövlətin sütunlarını çökdürən kədər dastanı kimi tarixə həkk olundu. 34 il əvvəl  1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında baş verən və bir millətin düşünən beyinlərini, dövlətin strateji ağırlıq mərkəzini bir anın içində çökdürən dəhşətli Qarakənd faciəsi baş verdi.

O gün Ağdamın Mərzili kəndi səmasında havaya qalxan “Mi-8 N72” hərbi vertolyotu ölüm kabusuna çevrildi. İçərisində Azərbaycanın siyasi tarixində iz qoymuş dövlət xadimləri, diplomatlar, hüquq və təhlükəsizlik orqanlarının rəhbərləri, tanınmış jurnalistlər, həmçinin Rusiya və Qazaxıstandan olan müşahidəçilərin yer aldığı vertolyot bir anın içərisində külə döndü. Erməni daşnaqlarının, onların havadarlarının qurduğu tələ, çıxardığı ölüm hökmü Müstəqillik Aktına imza atan millətin, məmləkətin gözdağına çevrildi.

İçərisində tanınmış dövlət xadimlərinin və ziyalıların olduğu helikopteri hərbi vertolyotlar mühafizə məqsədilə müşayiət etməliydilər…

Hadisənin ilk anlarında ictimaiyyətə “vertolyotun dumana düşərək qayaya çırpılması” kimi yalan məlumat ötürülürdü. Noyabrın 20-də həqiqətən də, Qarabağ səmasında duman vardı, amma bu duman hava deyil, erməni məkrinin, Qorbaçov adminstrasiyasının və yerli separatçıların yaratdığı siyasi duman idi. Artıq üç ilə yaxın idi ki, Ermənistanın ərazi iddiaları, Moskvanın ikibaşlı oyunu regionun üzərinə görünməz pərdə çəkmişdi.Faciə ərəfəsində, daha dəqiq desək, 1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vuraraq respublikanın Dağlıq Qarabağ rəhbərliyindən Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirməyi xahiş edir. Əsas səbəb isə həmin ərazidəki torpaq iddiasında olan erməni “liderlərinin” və Moskva nümayəndələrinin də bu iclasda iştirakının planlaşdırılması idi. Telefon zəngindən sonra Bakıda iclasda iştirak edəcək şəxslərin siyahısı tərtib edilir. Rəsmi Moskva həmin vaxt Azərbaycanda böyük nüfuza malik şəxslərin, o cümlədən dövlət katibi Tofiq İsmayılovun, baş prokuror İsmət Qayıbovun həmin siyahıda yer alması üçün xüsusilə israr edirdi. Siyahıya Viktor Polyoniçkonun başçılıq etməsi haqqında qərar qəbul olunsa da, faciədən bir gün əvvəl, qaranlıq gecədə“ölüm siyahısı yenilənir”… Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Yeni siyahını Ayaz Mütəllibov təsdiqləyir… Məsələ burasındadır ki, içərisində tanınmış dövlət xadimlərinin və ziyalıların olduğu helikopteri hərbi vertolyotlar mühafizə məqsədilə müşayiət etməliydilər, amma etmədilər…

Faktla bağlı Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açıldı

1991-ci il noyabrın 20-də Ağdam yaxınlığındakı Qarakənd səmasında “Mi-8” hərbi vertolyotu ermənilər tərəfindən vuruldu. Nəticədə vertolyotda olan 22 nüfuzlu şəxs və dövlət xadimi həlak oldu.

Onların arasında Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər – dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfi Hacıyev, deputatlar Vaqif Cəfərov və Vəli Məmmədov, Prezidentin İcra Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, DQMV prokuroru İqor Plavski, DQMV Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, telejurnalist Alı Mustafayev, Azərbaycan Televiziyasının işıqçısı Arif Hüseynzadə, videooperator Fəxrəddin Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Kotov, heyət üzvləri Gennadi Domov, Dmitri Yarovenko həlak oldular.Əvvəlcə rəsmi olaraq vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gündən sonra onun vurulması faktı təsdiqləndi.

Bu terror aktı ilə erməni separatçıları özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər

Üstündən 34 il ötməsinə baxmayaraq hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara bu günə qədər aydınlıq gətirilməyib. Məsələn, nə üçün bu qədər dövlət rəsmisi eyni zamanda bir vertolyota minib? Nə üçün döyüş zonasında mühafizə üçün onu hərbi vertolyot müşayiət etməyib? Uçuşun dəqiq marşrutunu ermənilər haradan bilirdi? Yeri gəlmişkən, həmin məlumata yalnız Qarabağda sovet silahlı qüvvələrinin komandanlığı malik idi. Vertolyotun vurulduğu raketin mənbəyi də məlum deyil. Qarabağda o zaman ən çox istifadə edilən silah təyyarəvuran zenit raketləri və eyninövlü “Alazan” raketləri idi. İstilik raketlərindən istifadə edilmirdi. Aviaqəzalarda bütövlüyünü saxlayan və zədəsiz qalan qara qutudakı lentin “yanması”da qaranlıq məsələdir. Bu terror aktı ilə erməni separatçıları özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər. Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açıldı. İstintaqın aparılması Respublika Prokurorluğuna həvalə edildi. Terror aktının baş verdiyi ərazinin vaxtilə işğal altında olması səbəbindən cinayət işi üzrə istintaq dayandırılsa da, bir gün mütləq yarımçıq qalan təhqiqat işinə mütləq dönüləcək. Tarixi düşməndən hesab sorulacaqdır. Necə ki, 30 illik işğaldan, intizardan sonra erməni daşnaqlarına da, onların havadarlarına da dərs verildi.

24 saat davam edən lokal antiterror əməliyyatı ilə Qarakənd səmasında sükut pozuldu

1991-ci ilin 20 noyabrında baş verən Qarakənd faciəsi yalnız bir vertolyotun vurulması deyildi. Bu, Azərbaycanın siyasi iradəsinə, milli yaddaşına və dövlətçiliyinə yönəlmiş amansız terror aktı idi. O zaman açılan cinayət işləri işğal səbəbi ilə dayandırılsa da, tarix heç vaxt unudulmadı, haqqın izi itmədi. Zamanın çarxı döndü, illər keçdi, həqiqətin nuru qaranlığı yarıb keçdi. 2023-cü ilin sentyabrında, yalnız 24 saat davam edən lokal antiterror əməliyyatı ilə Qarabağ səmasında sükut pozuldu, qanunsuz silahlı birləşmələr tərksilah edildi, onların hərbi infrastrukturu məhv edildi. Azərbaycanın suverenliyi bütün ərazilərində bərpa olundu, düşmən ağ bayraq qaldıraraq təslim oldu. Və nəhayət, 44 günlük Vətən müharibəsindən, haqq davasından sonra Qarakənd də azad edildi. Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyev Xocavənd rayonunda Azərbaycan Bayrağını ucaltdı. Ucalan bayraq təkcə Vətən torpağının işğaldan azad edilməsi deyildi, Qarakənddə şəhid olmuş dövlət xadimlərinin ruhunun hüzura qovuşması idi. Bu gün Qarabağ səmasından qara buludlar dağılıb. Azərbaycanın hilallı, ulduzlu, üçrəngli bayrağı göy üzünə sərilib. Xocavənddən, Şuşadan, Xankəndindən boy verən bayraqlar qələbənin, qayıdışın, yenidən doğuluşun təntənəsidir. Qarakəndin intiqamı alınıb, qisası qiyamətə qalmayıb.

    30 illik işğala, intizara baxmayaraq Qarakənd faciəsi unudulmadı, unutdurulmadı! “Qarabağ Azərbaycandır!” nidası, qüdrətli ordusu ilə düşmən üzərinə yeriyən Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyev sübut etdi ki, özü öz tarixi torpaqları ilə həmsərhəd edilməyə məcbur olan, imperiyalar arasında parçalanan  Borçalıya, İrəvana, Dərbəndə, Təbrizə bölünən vətənin – Odlar Yurdu Azərbaycanın sinəsinə “Gülüstan” ,“Türkmənçay”, 28 Aprel, 20 Yanvar, 26 Fevral, 20 Noyabr dağını çəkmək olar, Qarakənd faciəsindən sonra onu Qaraheybət, Aktau aviaqəzaları, faciələri ilə də, baş-başa qoymaq olar, amma əymək, sındırmaq iradəsini qırmaq, özgürlüyünü əlindən almaq, siyasi səhnədən silmək olmaz! Çünki onun “Müstəqilliyi daimidir, əbədidir, dönməzdir!

    Şərəf Cəlilli

    Yazıçı-publisist

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Azərbaycanda noyabrın 20-də havanın 22 dərəcə isti olacağı gözlənilir.

    Ən son

    GÜNDƏM

    Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası gələn il üçün fəsillərin Azərbaycana daxilolma vaxtlarını

    GÜNDƏM

    Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası gələn il üçün fəsillərin Azərbaycana daxilolma vaxtlarını
    Facebook
    X (Twitter)
    LinkedIn
    Email

    Пришлите нам статью

    Məqalənizi göndərin