Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/14/2026

Paylaşın

GÜNDƏM

Qışa hazır Bakı: Qarlı günlər üçün vahid mexanizm qurulub – FOTOLAR

Qış

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində şəhərin maddi-texniki bazası əhəmiyyətli dərəcədə güclənib, paytaxt Bakı yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısının yanaşmasına əsasən, bu gün bütün strukturlar öz funksional vəzifələrindən asılı olmayaraq vahid bir orqanizm kimi fəaliyyət göstərməlidir və bu istiqamətdə əməli addımlar atılır. Məhz mövcud imkanlar bu gün daha səmərəli, əlaqəli və çevik iş rejimini təmin edir ki, qış mövsümünə, qarlı havalara hazırlıq işləri də bu prinsiplər əsasında görülür.

Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətində qış mövsümünə hazırlıqla bağlı bir sıra müşavirələr keçirilib. Ardınca hər bir rayon üzrə ayrıca müşavirələr təşkil olunub, mövcud vəziyyət müzakirə edilib, qarlı hava şəraiti ilə mübarizə üçün hazırlıq səviyyəsi artırılıb.

Son günlərdə Moskvanın güclü qar səbəbindən faktiki olaraq iflic olması, məktəblərin və bir sıra müəssisələrin fəaliyyətini dayandırması, eləcə də qonşu Türkiyədə bəzi ərazilərdə qarın hələ də təmizlənə bilməməsi bir daha göstərir ki, hava şəraiti ilə mübarizə ciddi hazırlıq tələb edir. Qarın ən çox yağdığı ölkələrdə insanlar bunu adi qəbul etsələr də, hər bir şəhərin öz iqlim və infrastruktur xüsusiyyətləri nəzərə alınmalıdır.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu baxımdan hər bir rayona cavabdeh şəxslər təyin edilib.

Bununla bağlı Baki-baku.az Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsində olub, qışa hazırlıq vəziyyətini yerində müşahidə edib.

Mövzu ilə bağlı İdarənin rəisi Mübariz Hüseynov görülən işlər barədə sualları cavablandırıb.

Onun sözlərinə görə, İdarənin balansında olan bütün qış texnikaları tam saz vəziyyətə gətirilib və hər biri ayrı-ayrılıqda sınaqdan keçirilib:

“Hazırda 60-dan çox maşın və mexanizm mövcuddur ki, qış aylarında yolların qar və buz örtüyündən təmizlənməsi, texniki duzun səpilməsi və qarın ərazilərdən çıxarılması məhz bu texnikalar vasitəsilə həyata keçirilir. İdarə növbəli şəkildə 24 saatlıq iş rejimində fəaliyyət göstərir. İşçilər və bütün texniki heyət isti geyimlə və yeməklə təmin olunur. Bundan əlavə, paytaxtın 12 rayonunda təhkimçi işçi qrupları yaradılıb və onlar mütəmadi olaraq Bakı Şəhər İcra Hakimiyyətində 24 saat fəaliyyət göstərən qərargahla əlaqə saxlayırlar”.

İdarə rəisi qeyd edib ki, kifayət qədər duz ehtiyatı yaradılıb:

“Adətən Bakı sakinləri qarlı havada işə gedən vaxt yollar artıq qar və buz örtüyündən təmizlənmiş olur. Maşınların və insanların hərəkət intensivliyinin pozulmaması üçün işlər əsasən səhər saatlarında tamamlanır. Qarın və don hallarının mütəmadi olduğu vaxtlarda isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dislokasiya üzrə təyin edilən ərazilərdə gün ərzində təkrar duzlama və qar təmizləmə işləri aparılır, proses 24 saat fasiləsiz davam etdirilir”.

M. Hüseynov bildirib ki, ötən illərin təcrübəsinə əsasən, qarın ən çox və intensiv yağdığı ərazilər Yasamal rayonu və Suraxanı rayonunun Günəşli qəsəbəsi əraziləridir:

“Bu amil nəzərə alınaraq, ötən illə müqayisədə cari mövsümdə həmin ərazilərdə texnikanın sayının artırılması planlaşdırılıb. Duzun səpilməsi xüsusi texnikalar vasitəsilə, qarın yağıntı miqdarından asılı olaraq həyata keçirilir. Qar yağan kimi işlərə başlanılır. Lakin bu, duz səpildiyi anda qarın dərhal əriməsi demək deyil. Duzun təsir göstərməsi üçün mütləq hərəkət olmalıdır, yəni nəqliyyat vasitələri qarın üzərindən keçdikcə duz qarla reaksiyaya girir, parçalanır və ərimə prosesi başlayır. Qarın yağıntı ehtimalı yüksək olduqda isə texnikalar vasitəsilə qar ərazilərdən kənarlaşdırılır”.

Qarlı hava zamanı sosial şəbəkələrdə paylaşılan bir sıra iradlara da münasibət bildirən İdarə rəisi bu iradların əsassız olduğunu vurğulayıb:

“Qarlı hava şəraitində maşın və mexanizmlər əsasən magistral və məhəllədaxili küçələrin qar və buz örtüyündən təmizlənməsinə cəlb olunur, duz səpilməsi və qarın daşınması işlərini həyata keçirir. Amma sosial şəbəkələrdə səsləndirilən texnikanın çatışmaması, əl əməyindən istifadə olunması ilə bağlı iradlar əsassızdır. Belə ki, səkilərə texnika vasitəsilə duz səpilməsi və ya qarın kənarlaşdırılması mümkün deyil. Dünya praktikasında da belə bir yanaşma mövcud deyil. Dünyanın bütün ölkələrində səkilər əl əməyindən istifadə olunmaqla, kürəklər vasitəsilə təmizlənir. Bundan başqa, yaşıllıq olan ərazilərdə duzdan istifadə qətiyyən yolverilməzdir. Çünki duz səpilməsi ağac və kolların qurumasına səbəb ola bilər. Məhz bu səbəbdən həmin ərazilərdə də dünya praktikasına uyğun olaraq yalnız əl əməyindən istifadə edilir”.

Görülən tədbirlər göstərir ki, Bakı qış mövsümünə təsadüfi deyil, planlı və sistemli şəkildə hazırlaşır. Texniki imkanların artırılması, növbəli iş rejimi, ərazilər üzrə risklərin əvvəlcədən müəyyənləşdirilməsi və dünya təcrübəsinə əsaslanan yanaşma paytaxtda qarlı hava şəraitində gündəlik həyatın ritminin qorunmasına xidmət edir. Məqsəd təkcə qarın təmizlənməsi deyil, eyni zamanda şəhər sakinlərinin təhlükəsiz və rahat hərəkətinin təmin olunmasıdır ki, bu da görülən işlərin əsas mahiyyətini təşkil edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Ən son

GÜNDƏM

Bakı bulvarındakı kaktuslar soyuq qış günlərinin təsirindən zərər görməmələri üçün xüsusi qaydada örtülüb.

GÜNDƏM

Bakı bulvarındakı kaktuslar soyuq qış günlərinin təsirindən zərər görməmələri üçün xüsusi qaydada örtülüb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin