Dünyada ikinci elə bir şəhər yoxdu ki, qıra Bakı qədər məhəbbət bəsləsin. Dünyadakı şəhərlərin çoxusu, ümumiyyətlə, qır nə olduğunu bilmir. Bilmir, heç öyrənmək də istəmir. Heyif, gərək öyrənəydilər, çünki atalar deyib: « Bilməmək ayıb deyil, bilməyib öyrənməmək ayıbdı.»
Onlar (yəni dünyanın başqa şəhərləri) örtük kimi şifer, kirəmit, allüminium təbəqələr, nə bilim, ayrı şeylər işlədir. Bakının tarixi isə bu məqsədlə ancaq qırdan istifadə eliyib. Bakının tarixi, öz içində saxladığı evlərin, dükanların, qarajların, ambarların, hətta ayaqyoluların hamısının damını qırla örtüb.
Qır Bakının mənəvi dəyərlərindən, sərvətlərindən biridir. Yox, biri deyil. Qır Bakının yeganə maddi- mənəvi sərvətidir. Niyə? Çünki qır neftayırma zavodlarında neftdən benzin, kerasin düzəldilən zaman yerdə qalan artıq-əskik zir-zibillərdən əmələ gəlir. Yəni, neftin içindən benzini çıxardırlar, kerasini çıxardırlar, mazutu çıxardırlar, bunlar neftdən ayrılandan sonra yerdə qalır saqqız kimi qatı, ağır bir məhsul ki, buna da qır deyirlər. Əgər Bakı tarixi müasir gənclər kimi gecə- gündüz saqqız çeynəmək fikrinə düşsəydi, yəqin ki, ağzından qır-saqqız əskik olmazdı.
Başqa ölkələrdə bu qır ancaq yollara çəkməkdən ötrü istifadə olunur. Qırı göndərirlər zavoda, ona bir az çınqıl, xırda daş, nə bilim, sonra nələr vurub eliyirlər asfalt, gətirib yaxırlar yollara. Düzdü, bizdə də asfalt olub. Lakin asfalt salmazdan əvvəl bakılılar həmən qırı evlərinin damına yaxmağı öyrəniblər.
Evlərin damına şifer vurmaq yaramır, çünki Bakının xəzrisinə şifer tab eləmir, yavaş-yavaş mismarlarını boşaldır, sonra da damdan alıb yerə çırparaq sındırır. Rus «izbuşkaları» kimi taxta damlar da eləmək olmur, çünki Bakının dövrəsində o qədər meşə yoxdur ki, taxta-şalban da bol olsun. Bizdə bol olan bircə qırdı, qap-qara qır. Bakı tarixinin, bakılıların yeganə sərvəti. Yox, neft yox, qır, məhz qır. Çünki Bakı neftindən əmələ gələn kerasini də, benzini də əcnəbilər daşıyıb aparıblar öz maşınlarına yedizdirməyə. Bakıya və bakılılara qalan bircə bu qır olub, onu da götürüb yaxıblar evlərinin damlarına ki, barı yağışın, qarın qabağını alsın.
Bakının damları cəhənnəmə gedən asfalt yolu xatırladır, fəqət, bu, bütöv bir yol zolağı yox, yolun qayçılanıb doğranmış formasıdır.
Bakının tarixi qara, qır damlardan ibarət mozaikadır. Məncə bizim torpağın altından neft yox, elə qır çıxsaydı, daha yaxşı olardı, əcnəbi qurumsaqlardan canımız qurtarardı.
Maraqlıdır, görəsən neftin emalından sonra artıq qalan zir-zibili, qara-qura saqqızı evlərin damına yaxmaq kimin ağlına gəlib? Başqa sözlə desək, Bakının ilk qırçısı kim olub? Və görəsən bu adam bilibmiş ki, dünyanın ən böyük kəşflərindən birini eliyib? Yəqin ki, bilib. Bakılılar nə elədiyini bilən adamlardı.
Bakı tarixi qır iyi verir, …ya da əksinə, qırdan Bakı tarixinin iyi gəlir. Ələlxüsus yayda, günortalar gün qırı qızdırıb yumşaq saqqıza döndərəndə.
Yayda, günün günorta çağı, Bakı damlarına çıxmaq olmaz, çünki ayaqqabıların altı da neftdən əmələ gələn rezindən düzəlir və iki əmioğlu bir-biriylə elə qucaqlaşır ki, yayda, günün günorta çağı bizim damlara çıxan adam öz ayaqqabıları ilə vidalaşmalı olur. Ayaqqabıların qara altlığı yapışır qıra, heç cür qopmur.
Qır da Bakı tarixinin simvoludur. Bakı isə çox kinlidir, qəzəblidir, öz tarixinin simvolunu tapdayanları sevməz, cəzalandırar.
Bakı qırının üzü üzlər görüb. Ən çox gördüyü isə xəzrinin üzüdür. Külli kainat dörd ünsürdən ibarətdir; ab, atəş, xak, bad. Yəni, su, od, torpaq, hava. Torpaq Bakıya öz içindən çıxartdığı qırı bəxş eliyib, hava isə xəzrini. Xəzri ilə qır eyni vaxtda yaranıblar – biri torpağın içində, biri də üstündə. Qırı torpaqdan çıxarıb atıblar havaya, amma havanı torpağa qatan olmayıb. Ona görə qır xəzridən aşağıda məskunlaşmasına baxmayaraq ondan bir mərtəbə üstündür.
Bakının tarixi qara-boz naxışlı xalçadır. Qara naxışlar qırlı damlardır, boz naxışlarsa xəzrinin səpələdiyi toz-torpaq. Toz-torpaqla damların qırı üzvi vəhdətdədir. Qır Bakı tozundan özünə yorğan düzəltməyi yaman sevir.
Əfsuslar olsun ki, bu yorğan o qədər də, davamlı deyil, yağış yağan kimi parça-parça olur…