Gündə milyonlarla insan səhəri bir fincan qəhvə ilə açır, iş və dərs yorğunluğunu onunla dəf etməyə çalışır.
Baki-baku.az xəbər verir ki, kofeinin stimullaşdırıcı təsiri insanı daha gümrah edir. Lakin ifrat həddə kofein qəbulu bədəndə bir sıra ciddi fəsadlara yol aça bilər:
Belə ki, kofein sinir sistemini aktivləşdirir, diqqəti artırır. Amma çox içildikdə bu təsir əksinə çevrilir-insan gərgin, əsəbi, hətta, panik ataklara meyilli ola bilər. Axşam vaxtı qəbul edilən qəhvə yuxu ritmini pozur, orqanizmin bərpa olunmasına mane olur.
Araşdırmalar göstərir ki, çox qəhvə içmək ürək döyüntülərini də sürətləndirir, arterial təzyiqi qaldırır. Bu da xüsusilə hipertoniya və ürək ritmi pozuntuları olan insanlar üçün təhlükəlidir. Həddindən artıq kofein qəbul edənlərdə aritmiya riski artır.
Qəhvə mədədə turşu ifrazını da gücləndirir. Ona görə də mədə yanması, qastrit və xora kimi problemləri olan insanlarda vəziyyət daha da ağırlaşa bilər. Çox içildikdə bağırsaqlarda narahatlıq, qarın ağrısı və ishal müşahidə olunur.
Həmçinin kofein psixoloji və fizioloji asılılıq törədə bilər. Bir müddət çox qəhvə içən insan qəfil dayandırdıqda baş ağrısı, halsızlıq və əsəbilik hiss edə bilər. Bu da kofeindən asılılıq göstəricisidir.
Eyni zamanda, uzunmüddətli yüksək kofein qəbulu orqanizmdə kalsiumun azalmasına səbəb olur.
Bu isə sümük zəifliyi və osteoporoz riskini artırır.
Mütəxəssislər bildirir ki, sağlam insan üçün gündə 300–400 milliqram kofein təhlükəsiz sayılır. Bu da orta hesabla 3–4 fincan qəhvəyə uyğundur. Hamilə qadınlar, uşaqlar və ürək-damar xəstəlikləri olan şəxslər isə bundan daha az qəbul etməlidirlər.