Qədim Yunan mifologiyasında qorxunc və təsəvvürləri alt-üst edən məxluqlar xüsusi yer tutur. Onlar – ilanabənzər canlılar, şirlər, nəhənglər və hətta dəhşətli itlər miflərdə bəşəri qorxuların və dağıdıcı təbiət qüvvələrinin simvolu kimi çıxış edirlər.
Baki-baku.az sizi qədim zamanların mifologiyasına aparır.
Lerna Hidrası
Lerna Hidrası qədim Yunan əfsanələrinin ən qorxunc varlıqlarından biri idi. O, ilanabənzər məxluq doqquzbaşlı əjdaha idi və bu başlardan biri ölümsüz sayılırdı. Hidranın zəhərli nəfəsi havanı çirkləndirir, suyunu zəhərləyir, onun zəhəri isə yuxuda olan insanı belə öldürə bilirdi. Ən dəhşətlisi isə bu idi ki, kəsilən hər başın yerində iki yeni baş çıxırdı.
Arqalida torpağını bu canavardan xilas etməyi kral Evristey Herakla tapşırdı. Herakl dostu İola ilə birlikdə Lerna bataqlıqlarına yollandı. O, yandırılmış oxlarla Hidranı gizləndiyi yerdən çıxartdı, lakin Hidra onun ayağını dolayaraq boğmağa çalışdı. Herakl başlarını kəsməyə başladı, lakin yeniləri dərhal çıxırdı. O zaman İola kəsilmiş boyunları yanan odunlarla dağlayaraq başların yenidən çıxmasının qarşısını aldı. Nəhayət, Herakl ölümsüz başı kəsib torpağa basdırdı və üstünü nəhəng daşla örtdü. Beləliklə, o, ikinci qəhrəmanlığını yerinə yetirmiş oldu.
Ssilla və Xaribda
Ssilla və Xaribda — Siciliya ilə İtaliya arasında yerləşən dar boğazın iki tərəfində yaşayan dəniz canavarlarıdır. Dənizçilər birindən qaçmağa çalışarkən, digərininkinə düşürdülər. Bu səbəbdən də “Ssilla ilə Xaribda arasında qalmaq” ifadəsi yaranıb.
Ssilla uçurumlu qayada yerləşən mağarada yaşayırdı. Onun on iki ayağı, altı başı və hər başında üçqat dişlərlə dolu ağzı var idi. O, vəhşi heyvan kimi ulayır, gəmilərə hücum edib bir anda altı nəfəri tutub aparırdı.
Xaribda isə Poseydonun qızı sayılırdı. Əvvəllər gözəl və ağıllı olan bu varlıq, sonradan Zevsin qəzəbinə tuş gəldi və o, onu canavara çevirdi. Xaribda gündə üç dəfə bütün dəniz suyunu və içində olan hər şeyi udur, sonra isə bulanıq və cansız şəkildə geri püskürürdü.
Odissey bu bölgədən keçərkən, Ssillaya yaxın olmağı seçdi – altı nəfəri itirmək, bütün gəmini itirməkdən yaxşı idi. Bu ağıllı qərar sayəsində o, özünü və ekipajının əksər hissəsini xilas edə bildi.
Meduza Qorqon
Meduza və onun bacıları Sfenno ilə Evriala əvvəllər gözəl qızlar olublar. Lakin Poseydonun onu Afina məbədində aldatmasından sonra, qəzəblənmiş Afina onu dəhşətli bir məxluqa çevirdi: saçlarının yerində ilanlar var idi və baxışı hər şeyi daşlaşdırırdı. Onun bacıları da qorxunc görünüşə sahib oldular.
Meduzanı öldürmək vəzifəsi Perseyə verilmişdi. Afina və Hermes ona kömək edərək güzgü kimi parıldayan qalxan və kəskin qılınc verdilər. Persey, birbaşa baxmamaq üçün onun əksinə baxaraq Meduzanın başını kəsdi. Qanının quma tökülən yerindən zəhərli ilanlar, dənizə tökülən hissəsindən isə mərcanlar əmələ gəldi. Meduzanın qanının bir hissəsini Afina həkim Asklepiya verdi: sol tərəfdən gələn qan ölüm gətirir, sağ tərəfdən gələn isə həyata qaytarırdı.
Sikloplar
Sikloplar, yəni “təkgözlülər”, qədim tanrıların oğulları olan nəhəng varlıqlardır. Miflərə görə, onların atası onları Tartarosa salmışdı, lakin Zevs titanlarla döyüş zamanı onları azad etdi. Sikloplar minnətdarlıq əlaməti olaraq Zevs üçün ildırım və göy gurultusu düzəltdilər.
Daha sonra Apollon oğlu Asklepiya Zevsin ildırımı ilə öldürdüyünə görə, həmin ildırımı düzəltmiş Siciliya sikloplarını məhv etdi. Bununla da bu güclü varlıqların hekayəsi sona çatdı.
Ximera
Ximera Yunan mifologiyasının ən qəribə və qorxunc varlıqlarından biridir. Homerə görə, onun keçi bədəni, şir başı, ilan quyruğu var idi. O, od püskürərək qarşısına çıxanı məhv edirdi. Hesiod isə əlavə edirdi ki, onun üç başı vardı: biri şir, biri keçi, biri isə ilan.
Zaman keçdikcə, Ximera real bir varlıq deyil, daha çox simvol — ilğım və fantaziyanın təcəssümü kimi qəbul olunmağa başlandı. Bu səbəbdən “ximera” sözü bu gün “gerçək olmayan, xəyal məhsulu” mənasında işlənir.
Kerber
Kerber – yeraltı dünya tanrısı Aidin qapılarını qoruyan üçbaşlı nəhəng it idi. O, ölülərin geri qayıtmasına imkan vermirdi. Onun kürəyi ilanlarla örtülü, quyruğunun ucunda isə əjdaha başı yerləşirdi.
Orfey sevdiyi qadın Evridikini geri qaytarmaq üçün yeraltı dünyaya endikdə, Kerberi musiqi ilə yuxuya verdi. Lakin Evridikini dünyaya çıxarmaq ona qismət olmadı.
Daha sonra Herakl Kerberi yer üzünə çıxarmaq tapşırığını aldı. Aidin izni ilə o, Kerberi əlləri ilə tutaraq, onunla döyüşdü və qalib gələrək Mikena şəhərinə gətirdi. Canavarı görən kral Evristey dəhşətə düşdü və dərhal onun geri aparılmasını əmr etdi.
Murad Muxtarov