Üçüncü yazı
Qədim türk yurdu Borçalıda, tarixi torpaqlarında yaşayan, igidliyi ilə ad çıxaran qüdrətli tarixi, zəngin mədəniyyəti, iradənin gücü, xarakterinə əyilməzliyi ilə dillərə dastan olan Tərəkəmələr deyəndə Qarapapaqlar türkləri göz önünə gəlir.
Avropa Hun İmperiyasının dağılmasından sonra Çin hökumdarlığını qəbul etməyən bir çox türk tayfaları dünyanın qərb yörəsinə köçür. Bu zaman Böyük Hun ordusunun əsas – əsgəri heyəti olan gələcək Borçalı və Qazaxlı boylarının nümayəndələrinə geyimlərinə, qaragül quzunun dərsindən hazırlanan qara börkünə, qara papağına görə Qafqazlarda “Qarapapaqlar”, yaxud da “Tərəkəmələr” adı verilir. Bu onlara Qafqazda yaşayan xalqlar tərəfindən verilir.
Tərəkəmə, ərəbcə “tərakimə”, türkmənlər deməkdir. Bir çox tarixi mənbələrə istinad edərək deyə bilərik ki, onlar Alp Arslanın Anadolunu fəthindən sonra bu torpaqlarda məskunlaşıblar. XIX əsrin ikinci yarısına kimi əsasən Azərbaycanın qərbində, Göyçə gölünün quzeyində, Qazax və Borçalı mahallarında yaşamışlar. 1814-cü ildə sonuncu İrəvan xanı Sərdar Hüseynqulu xan Qacar Qarapapaqların böyük bir hissəsini İrəvana köçürüb, İrəvanın Dərəçək mahalının 28 kəndində Qarapapaqlar yerləşdirilib.

Milyon yarımdan çox Qarapapaq ailəsi Qacarlar İmperiyasına və Osmanlı torpaqlarına köçüb
1828–1829-cu illər Rus-Türk müharibəsində Qarapapaq süvariləri və alayları Osmanlı İmperiyası tərəfindən savaşıblar. Müharibədən sonra Göyçə gölü ətrafından və Borçalıdan milyon yarımdan çox Qarapapaq ailəsi Qacarlar İmperiyasına və Osmanlı torpaqlarına köçüb. Güney Azərbaycanda Urmiya gölü ətrafında, Osmanlıda isə əsasən Qars, İqdır, Ərdahan bölgələrində məskunlaşıblar. Qars Rus İmperiyası tərəfindən işğal edildikdən sonra işğalla barışmayan Qarapapaqlar, Batum, Ərdahan və Anadolunun ayrı-ayrı şəhərlərinə köçüblər. Amasyada, Yozqatda, Ağrıda, Malatyada, Sivasda, Muşda, Kayseridə məskən salıblar.
I Pyotrun “Qafqazı parçala, hökm sür, İstanbulu Fəth et”, kodeksinə uyğun olaraq Çar cəlladları Qarapapaqların köçdükləri tarixli torpaqlara erməniləri, yunanları, aysorları, rusları, malakanları və digər xristian soylu xalqları köçürüblər. XIX əsrin sonunda əhalinin 22 faizinin Qarapapaqlardan ibarət olduğunu bildirən mənbələr onların bu yörənin düşmənlərdən qorunmasındakı və inkişafındakı xidmətlərindən söz açır.

Emin ağa Acalovun məqsədi Borçalının özgürlüyünə nail olmaq idi
1897-ci ildə isə Çar Rusiyasının kafedral təsvirində Qarapapaqlar ayrıca dildə danışan döyüşkən xalq kimi qeyd edilir. Tarixi mənbələr sübut edir ki, 1917-ci ildə Çar Rusiyasını çevrələyən Qafqazda iki türk cümhuriyyəti qurulur. Onun biri Noman Çələbi Cihan xanın qurduğu Krım Xalq Cümhuriyyəti, digəri isə Qarapapaq türklərinin istiqlal havasının, haqq davasının, özgürlük nidasının simgəsi-bəlgəsi olan, Emin ağa Acalovun təməlini qoyduğu Borçalı Qarapapaq Türk Cümhuriyyəti idi.
Soykökü, şəcərə dəftəri ilə qədim türklərə, Məmlük hökmdarı Sultan Baybarsa, Eyyubilər İmperiyasının qurucusu Səlahəddin Eyyubiyə, Bolus bəylərinə bağlı olan Emin ağa Acalov, Borçalı Qarapapaq Türk Cümhuriyyətini qurmaqla kifayətlənməyəcəkdi. İqdırda elan edilib Naxçıvanda qurulan Araz-Türk Cümhuriyyətinin qurucularının sırasında yer alacaqdı. Onun ən böyük məqsədi Borçalının özgürlüyünə nail olmaq, Qarapapaqların Göytürklərdən, Hunlardan gələn əzəmətini qorumaq, üstəlik onları Çar Rusiyasının, Bolşeviklərin əsarətindən və erməni daşnaklarının təhdidlərindən xilas etmək idi.

Qarapapaqlar Borçalını daşnaklardan təmizləyir, onlara dərs verirlər
1917-ci ilin dekabrında erməni daşnaklarının hücumları nəticəsində Borçalı qana boyanır. Onminlərlə Qarapapaq türkünün başı kəsilib, qədim yaşayış məskənləri, kəndləri, obaları və oymaqları yandırılıb, talan və viran edilsə də, mərd və qorxmaz Qarapapaqlar Borçalını daşnaklardan təmizləyir, onlara ağıllarına gətirə bilməyəcəkləri dərs verirlər. Həmin ildə dekabrın 30-da çar cəlladlarının diktəsi ilə Borçalının Dağ Borçalı adlanan, Zəngəzurun böyük bir hissəsini əhatə edən kəsimi, Loru nahiyəsi, Pəmbək və Cəlaloğlu mahalları Osmanlı İmperiyası və Çar Rusiyası arasındakı neytral zona kimi elan olunur. Şura hökumətinin gəlişi və Borçalı Qarapapaq Türk Cümhuriyyətinin iflası ilə Qarapapaqların bu tarixi yaşayış məskənləri Qafqaz Seyminin diktəsi ilə Ermənistana verilir. Azərbaycanın tarixi torpaqlarında Ermənistan Respublikası qurulur.
1905-ci ildən 1918-ci ilə qədər dəfələrlə davam edən erməni daşnaklarının soyqırımına məruz qalan digər türk yörələri kimi burada – Borçalıda, Qarapapaqların diyarında da zülm ərşə dirənir. 1944-cü ildə Axıska və Axal-Kələkdə yaşayan Qarapapaqlar, Axıska türkləri, Krım tatarları, bulqarlar, çeçenlər, inquşlar, çərkəzlər və digər dağlı xalqlar və Azərbaycan türkləri kimi şura hökumətinə etimadsızlıqda ittiham olunaraq, pantürkist, panislamist damğası vurularaq Sibir çöllərinə, Türküstan qırgəzlərinə sürgün edilirlər.

Sürgünün və repressiyanın dəhşətlərini yaşayan Qarapapaqlar bu gün də Özbəkistanın, Qazaxıstanın və Qırğıstanın ayrı-ayrı bölgələrində yaşamaqda, ürüyüb artmaqda, əski gələnəklərini, dilini, tarixini və mədəniyyətini qorumaqdadırlar. Hazırda daha çox Şimali Qafqazda, Gürcüstan Respublikasının indiki Kvemo-Kartli adlanan – Borçalı bölgəsində, Mil, Muğan düzündə, Qazaxda, Qarabağda və Aran rayonlarında, Güney Azərbaycanın Sulduz, Urmiya, Türkiyə Cümhuriyyətinin Qars, Ərdahan, Muş, Malatya, Amasya, Çıldır, İqdır, Sivas, Kayseri və Adana kimi qədim-qayım köylərində, şəhərlərində ömür sürməkdədirlər.

Qarapapaq türkləri tarixən sivilizasiyaların və mədəniyyətlərin dialoquna töhfələr vermişlər
Tarixi mənbələrdə adı Börüçala – Qurdlar vadisi kimi keçən, Borçalı isə Qarapapaqların əski yaşayış məskəni, yaddaş yeri və 2000 illik tarixi olan ana vətəni sayılır. Borçalı həm də Emin ağa Acalov, İsmayıl ağa Mursaqulov, İsrafil Ağa, Mehralı bəy kimi qüdrətli sərkərdələrin, Hüseyn Bozalqanlı, Aşıq Alı, Xındı Məmməd, Hüseyn Saraclı, Aşıq Kamandar, Əhməd Sadaxlı, Məhəmməd Sadaxlı, Aşıq Gülabı, Çıldırlı Aşıq Şenlik, Azərbaycan muğamlarını ilk dəfə saz havaları ilə sintez edən və sazdan caza yol gələn dünyanın möcüzəsini sazın çanağından cücərdən, Vaqif Mustafazadə kimi mədəniyyət tarixində bir ilkə imza atan Aşıq Əmrah kimi ustad aşıqların diyarıdır.
Qarapapaq türkləri tarixən sivilizasiyaların və mədəniyyətlərin dialoquna töhfələr vermişlər. İlk aşıq qadın – Mirzə Güllər Şirvanda, Şamaxının elmi-mədəni mühitində və Mahmud Ağanın Muğam Mərkəzində yetirilməsi Odlar Yurdu Azərbaycanın mədəniyyət tarixində hadisə olduğu kimi, Güllər Pərisinin varlığı da Borçalı aşıq mühitində əlçatmaz, ünyetməz məqam hesab edilmişdir. Şəcərə dəftəri ilə Göyçə aşıq mühitinə və dədə Ələsgər müqəddəsliyinə bağlı olan Güllər Pərisi “Borçalı bağım mənim, aranım, dağım mənim, mən pərvanə sən işıq, çıraqda yağım mənim”, deyib doğulduğu torpağı işığa və nura, özünü isə pərvanəyə bənzədərək Qarapapaq ruhunun aynasına çevilmişdir. Səadət Buta, Zəlimxan Yaqub kimi şairlər də məhz buralarda – Qarapapaqların diyarında, Borçalıda yetirilmişdir.
İsrafil Ağanın, Mehralı Bəyin, Emin ağa Acalovun qılıncının qına qoyulduğu, Şura hökumətinin gəldiyi illərdə Əlimərdan bəy Topçubaşov, Minasazov qardaşları, Nəriman Nərimanov, Mustafa ağa Vəkilov, akademik Zahid Xəlilov kimi alimlər qələmini süngüyə çevirmiş, milli dövlətçilik və pedaqoji fikir və elm tariximizi zinətləndirmişlər.
General Yadigarov qardaşları Çar Rusiyasının Birinci Dünya müharibəsində və Rusiya-Yapon müharibəsində tarix yaradan məşhur Vəhşi Diviziyanın zadəganlardan ibarət korpusların generallarının sırasında xüsusi yerə və məqama sahib olmuşlar.
Azərbaycanlılardan ibarət ilk Əlahiddə Korpusun qurucusu kimi tarix yaradan Əliağa Şıxlinski, qüdrəti, əzəməti və fitri istedadı ilə dünyanın düzənini və mizanını dəyişən, İstiqlal Bəyannaməsinə imza atan, Cümhuriyyətin qurulması üçün bütün qüvvələrini səfərbər edənlərin arasında Bəyannaməni tərtib edən Həsən bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Əliağa Şıxlinski, Firudin bəy Köçərlinin soy ağacı, şəcərə dəftəri də bilavasitə Qarapapaqlara bağlı idi. Onu da xüsusi olaraq qeyd edək ki, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi hökumət qurucuları və dövlət başçıları da ana tərəfdən bilavasitə Qarapapaqlara, Tərəkəmələrə bağlıdır. Məclisi-Məbusanın bir çox üzvləri də bilavasitə Qarapapaq Türklərindən gəlirdilər.

Qarapapaqlar sufi, hürufi, nəqşibəndi ocaqları ilə Yaxın və Orta Şərqə, Türk dünyasına səs salıblar
Yaxın tarixin gizlilərini özündə ehtiva edən rəsmi sənədlər də sübut edir ki, Molla Pənah Vaqif, Dədə Ələsgər, Mirzə Şəfi Vazeh, Molla Vəli Vidadi, Səməd Vurğun, İsa Hüseynov – Muğanna, İsmayıl Şıxlı, Aşıq Ədalət, Mir Həmzə Seyid Nigari, Nəqşibəndilər təriqətinin davamçıları olan Hacı Omar Əfəndi, Hacı Mahmud Əfəndi, dünya səhiyyə tarixində mikroskop altında ilk cərrahi əməliyyatı keçirən oftalmoloq alim Nazim Əfəndiyev, Mirvari Dilbazi, Əminə Dilbazi, Nigar xanım Şıxlinskaya, Badi Səba xanım Vəkilova-Köçərli kimi elmi-irfan bulağından içən, qələmini, neştərini süngüyə çevirən dahi fikir və düşüncə sahibləri, təbib filosoflar, ustad sənətkarlar, qüdrətli pedaqoqlar da məhz Qarapapaq türklərinin, Göytürklərin, Hunların, Gök Börünün, Boz Börünün və Qara Börünün qopub gəldiyi yaddaş yerinə bağlıdırlar.
Sazın və sözün mahir bilicisi hesab olunan, “Zarıncı”, “Misri”, “Borçalı divanisi”, “Cəlili”, “Urfanı”, “Bozalqanlı havası”, “Tərəkəmə”, Qəhrəmanı”, “Koroğlu” havaları ilə aləmə səs salan, adı ilə bağlı “Tərəkəmə” rəqsi ilə dünyanın məşhur sənət, mədəniyyət və incəsənət salonlarının sükutunu pozub, riqqətə gətirən Qarapapaqlar irfan ədəbiyyatı incilərini yaratmaqla yanaşı, sufi, hürufi, nəqşibəndi ocaqları ilə Yaxın və Orta Şərqdə, Türk dünyasında ad çıxarıblar.

“Börü törəsi olduğunuzu, qədim-qayım imperiyalar və dövlətlər qurduğunuzu unutmayın!”
Tək Tanrının eşqinə qəlbi dağların zirvələrində tonqallar çatıb, şaman duaları ilə qamların və şamanların, oda-atəşə aşiqlərin məskəninə çevriliblər. Qopuzun saza, davulun qavala, süngünün qələmə dəyişdiyi dünyada dilini, tarixini, mədəniyyətini, sonsuz yaddaş sevgisini qoruyub, din içində dil, dil içində din bəsləyib, üzünü saza söykəyib, yallı gedib, məclislərində “Misri”, “Zarıncı”, “Tərəkəmə” səslənib.
“Atam, anam tərəkəmə” deyib, qürur duyub. Geridən gələn nəsillərə üz tutaraq söyləyib: “İnsan yaddaşı ilə yaşayır, yaddaşınızı itirməyin, dilinizi, mədəniyyətinizi, qeyrətinizi qoruyun. Börüçalını – Qurdların vadisini, Göytürklərin, Hunların, Qarapapaqların diyarını uca tutun. Gülə, gülüstana çevirin. Hicrəti, mühacirəti ölümdən yey bilin. Özünüz, özünüz boyda məzar daşınızla daşa – yaddaşa çevrilin. Börü törəsi olduğunuzu, qədim-qayım imperiyalar və dövlətlər qurduğunuzu unutmayın! Buradaydıq, buradayıq, burda olacağıq! nidası ilə qışda qışlaqda, yayda yaylaqda olun, bir içim su olub Vətən torpağına sorulun!”
Şərəf Cəlilli