Ana Vətən sevgisindən Ana sevgisinə
Bizim işimiz haqq işidir! Biz zəfər çalacağıq. Qarabağ Azərbaycandır! nidası ilə tarixi zəfərə imza atan, 30 illik intizara son qoyan Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev xarakterin gücü, iradənin əyilməzliyi ilə sübut etdi ki, burada, Güney Qafqazda qüdrətli bir xalq, qüdrətli bir dövlət, qüdrətli bir ordu var! Kimsə onun üzərinə yeriyərsə qarşısında Dəmir Yumruğu görər. Dəmir Yumruq onun yurduna, törəsinə, millətinə, məmləkətinə göz dikənlərin belini qırar. Tifaqını dağıdar. Hər günü bir dastan olan 40 günlük Vətən müharibəsi Güney Qafqazın mizanını, düzənini dəyişdi. “Kürəkçay”dan, “Türkmənçay”dan, “Gülüstan”dan üzü bu yana bölünmək, parçalanmaq alın yazısına dönən, taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan, Təbrizə, Dərbəndə, Borçalıya, İrəvana, Zəngəzura bölünən Odlar Yurdu Azərbaycan məhz Prezident cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandan iradəsi ilə haqsızlığa son qoyub, tarixi ədaləti bərpa etdi.
Ruh yüksəkliyindən başlayan Murovun zirvəsindən, Ağoğlan qəsrindən, Xudafərin körpüsündən, Şuşa qalasından, Şahbulaq qalasından keçən Zəfər dolu anlar hər günü qərinəyə, əsrə bərabər 44 günlük savaşın əzəmətini, Azərbaycan əsgərinin Vətən sevgisini, Azərbaycan Ordusunun qüdrətini dünyaya bəyan etdi. Vətən sevgisi adına hər gün bir qəhrəmanlıq dastanı yazan Müzəffər Ali Baş Komandan iradəsinin gücü, xarakterinin əyilməzliyi ilə 1941-1945-ci illər müharibəsində Dərbəndin, Dağıstanın, 90-cı illərdə Azərbaycanın xilaskarı kimi tarix yaradan polkovnik komissar Əziz Əliyevin nəvəsi, Ulu öndər Heydər Əliyevin Varisi olduğunu sübut etməklə kifayətlənmədi. Bütün varlığı, ruhu, duyğuları, sevgiləri ilə Azərbaycan olan Prezident cənab İlham Əliyev adı milli dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunan Vətən torpağının bir qarışını tutiya bilib, onun urğunda düşmən üzərinə yeriyən, Mancanaqlı arabanı icad etdirib buzu qırıb, qarı yarıb Vətəni Vətən edən Metenin, Atillanın, Alp Arslanın, Osman Qazinin, Fateh Mehmetin, Əmir Teymurun, Sultan Bəyazitin, Sultan Səlimin, Sultan Süleymanın, Şah İsmayıl Xətainin, Məhəmməd Əmin Rəsulzadənin, Qazi Mustafa Kamal Paşa Atatürkün, Ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrini, liderlik xüsusiyyətlərini öz fəaliyyətində gerçəyə çevirdi. Müharibənin ağır şərtlərinə, düşmənin arxasında dayanan beynəlxalq güclərin təhdidlərinə baxmayaraq, sübut etdi ki, Sərkərdə igid olsa, ordu bada getməz!
44 günlük savaşı həm onu cəbhədə, həm də informasiya cəbhəsində aparan Ali Baş Komandan, üzərimizə qalxan, səlib yürüşünə çıxan bütün dövlətlərdə Ana Vətən dediyimiz, Vətən torpağının hər qarışının bizim üçün nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirdi. “Resurslarınız Qarabağdadırmı?” sualına “Xeyr, bütün resurslar, burada Bakıdadır!” “Sizin üçün Bavariya nədirsə, Qarabağ da bizim üçün odur!” nidası ilə cavab verib, onların, o tipli sualların arxasında duranların üzünə sərt “Osmanlı tokatı” vurdu!
Unudulmaz yazıçımız, tarixi romanların müəllifi Fərman Kərimzadənin Çaldıran döyüşü əsərində incə bir məqam var: Səfəvilər dövləti Şərur düzündə elan olunur. Tacgüzarlıq üçün İsmayılın qoşunu Təbrizə yol alır. Təbriz Şeyx Heydərin nəvəsini, Səfəvilər dövlətinin banisini sonsuz sevinc, coşqu ilə qarşılayır. Fərman Kərimzadə o anı tarixi bir cümlə ilə əbədiləşdirib: “Şah İsmayıl Təbrizə Ruh bədənə girən kimi girdi!”
44 günlük tarixi savaşda, Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan iradəsinə Şuşa qalasına Ruh bədənə girən kimi girdi. Sərt, sıldırım qayaları dişi, dırnağı ilə aşıb Şuşa qalasına, Pənahəli xanın, İbrahimxəlil xanın yurdunu, Vaqifin, Natəvanın, Keçəçi oğlu Məhəmmədin, Mir Mövsüm Nəvvabın, Cabbarın, Xanın, Seyidin, Bülbülün, Üzeyir bəyin, Rəşidin diyarına, Mehmandarovların, Zülfüqarovların, Köçərlilərin, Mamayıların, Adıgözəlovların, Vəzirovların, Haqverdiyevlərin mülkünə varıb, onların nigaran ruhunu hüzura qovuşdurdu. Sarıbabanın, 40 pilləkanın, Topxana meşəsinin, Cıdır düzünün intizarına son qoydu.
Adına Ana Vətən dediyimiz Vətənin, Qarabağın üzərindən qara buludlar dağıldı. “Segah”ın “Rast”ın yerini “Cahargah”, “Cəngi” aldı.
Həmin gün Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyev Fəxri Xiyabana gəldi. Ali Baş Komandan, general atasının, Ulu öndər Heydər Əliyevin, Ali Baş Komandan, polkovnik komissar babası Əziz Əliyevin ruhu qarşısında Sərkərdə-xaqan ucalığı, əzəməti ilə hesabat verdi: “Xoşbəxt adamam ki, Ata vəsiyyətini yerinə yetirdim! Əziz Şuşa sən azadsan! Biz Səni tikəcəyik, quracağıq!”
O gün Prezident cənab İlham Əliyev, Müzəffər Ali Baş Komandan kimi təkcə Azərbaycanın deyil, min illərdir üstünə səlib yürüşünə çıxılan türk dünyasının, İslam mədəniyyətini çevrələyən, ruhunda TURAN, əlində QURAN bəşəriyyəti ideya və məfkurə birliyinə, dostluğa, qardaşlığa, bütövlüyə səsləyən Şərqin, günün doğub Günəşin çıxdığı, Tanrının niqabını qaldırıb peyğəmbərləri xəlq edib Səma kitablarını mələklərin qanadında yer üzünə endirdiyi dünyanın əzəmətinin, İlahi eşqinin, Vətən, torpaq sevgisinin nümayiş olunduğu gün idi.
O gündən bu günə biz bir türk, müsəlman, Azərbaycanlı olaraq dik, dimdik gəzir, sərt, sıldırım qayalar, başıqarlı dağlar kimi Millətimizin, Məmləkətimizin, dövlətimizin Xilaskarına, Yoxdan var edənimizə, Zəfər, Qələbə Memarımıza, Baba yadigarımıza səcdə edirik.
O gün onun günü idi! Prezident cənab İlham Əliyev Ana Vətən sevgisindən Ana sevgisinə körpü salımışdı. Düz 50 il ondan öncə anası, unudulmaz alimimiz, akademik Zərifə xanım Əliyeva Ulu öndər Heydər Əliyevin Bəy kəcavəsinə minib gəlin köçmüşdü. O Tanrıya xoş gedən tarixi gündən, uğurlu nigahdan şərqşünas alim Sevgil xanım Əliyeva və tarixi Zəfərin memarı, Qarabağın, Şərqi Zəngəzurun xilaskarı, Prezident cənab İlham Əliyev dünyaya gəlmişdi!
Həmin gün Müzəffər Ali Baş Komandanımız həm də qisası qiyamətə qoymayan, Şəhid analarının göz yaşını qurudan bir Lider kimi Şəhidlər Xiyabanında oldu. Azərbaycanın əbədi İstiqlal Yolçularını – 20 Yanvar Şəhidlərini və Birinci Qarabağ savaşının Şəhidlərini ziyarət edib Sərkərdə-xaqan sayğısı sərgilədi. O məqamda yenə yadıma unudulmaz yazıçımız Fərman Kərimzadə düşdü. Onun “Qarlı aşırım” kitabında bir məqam var. Abbasqulu bəy Şadlinski Qaradağlara gəlir, üzünü Kərbəlayi İsmayıla tutub deyir: “Kərbəlayi bu Şura hökumətidi, onunla zarafat etmək olmaz. Topu, tüfəngi, cəbbəxanası var!” Kərbəlayi İsmayıl da təhərini pozmadan cavab verir: “Şura hökumətinin topu, tüfəngi, cəbbəxanası var. Bizim də, Qürurumuz, Qeyrətimiz, Allahımız var, Bəy!”
20 Yanvar dəhşətləri, Xocalı faciəsi, daha doğrusu soyqırımı, Şuşanın, Qarabağın, Şərqi Zəngəzurun, Qərbi Azərbaycanın işğalı zamanı üstümüzə gələnlər, bizi Vətəndə Vətənsizə çevirənlər unudurdular: Onların topu, tüfəngi, cəbbəxanası, dünyanın dörd bir yanına səpələnmiş lobbiləri, “parçala, hökm sür”, siyasətinə arxalanan imperialist qüvvələri, bizim də, Qürurumuz, Qeyrətimiz, sonsuz Vətən sevgimiz, yoxdan var edənimiz-Allahımız, Müzəffər Ali Baş Komandan adında cəsarətimiz, ləyaqətimiz, əyilməz iradəmiz, dönməz xarakterimiz var: O, dünən “Qarabağ Azərbaycandır!” deyib tarixi Zəfərə imza atdığı kimi, bu gün də üzünü bu torpaqların qəvi düşmənlərinə tutub deyir: “Bizim kimsənin torpağında gözümüz yoxdur! Kimsəyə də bir qarış torpaq vermərik! Əgər kimsə revanşist addımlar atmaq istəsə, Biz burdayıq! Dəmir Yumruq da yerin də!
Şərəf Cəlilli