Paytaxt Bakımızın simasını müəyyənləşdirən, ona özünəməxsusluq verən gözəlliklərdən biri də yaşıllıqlar, bağlar, parklar, bulvardır. Bakını onlarsız təsəvvür etmək mümkün deyil.
Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə böyük vüsət alan, Prezident İlham Əliyevin hakimiyyəti illərində isə daha da artan parklar insanların istirahət məkanına, havasına, rahatlığına çevrilib.
Baki-baku.az “Bakının yaşıl siması” adlı yeni rubrikasını təqdim edir.
İlk rubrikada isə şəhərimizin ən müasir istirahət məkanlarından biri olan “Ağ Şəhər bulvarı”ndan bəhs edəcəyik.
Dövlətimizin başçısının Sərəncamı ilə həyata keçirilən “Ağ Şəhər bulvarı” layihəsi çərçivəsində əvvəllər “Qara şəhər” kimi tanınan və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazi tamamilə yenilənərək müasir tələblərə cavab verən yeni istirahət məkanına çevrilib. Bu layihə həm ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır, həm də paytaxtın simasının yenilənməsi istiqamətində atılan mühüm addımlardandır.
Bulvarın ümumi uzunluğu 2,7 kilometr, sahəsi isə 33 hektardır. Burada hər yaş qrupundan olan insanlar üçün asudə vaxtlarını səmərəli keçirməyə imkan yaradan çoxsaylı imkanlar mövcuddur. Ərazidə basketbol, voleybol və iki futbol meydançası, eləcə də açıq havada idman qurğularından ibarət trenajor sahəsi yaradılıb. İdmanla yanaşı, sakinlərin istirahətini daha da zövqlü etmək üçün qeyri-adi dizaynlı dibçəklər, müasir üslubda oturacaqlar, geniş yaşıllıq zolaqları salınıb.
Minlərlə ağac və bəzək kolu əkilmiş, təmiz hava və dəniz küləyinin vəhdətində gözəl bir mənzərə formalaşdırılmışdır. Burada şəhər həyatının səs-küyündən uzaq, sakitlik və estetik harmoniyanı duymaq mümkündür. “Ağ Şəhər bulvarı”nın infrastruktur səviyyəsi ən müasir tələblərə uyğun qurulub, gəzinti yolları, işıqlandırma sistemi və istirahət guşələri yüksək keyfiyyətlə dizayn edilib.
Bu bulvar yalnız bir istirahət zonası deyil, həm də Bakının keçmişindən gələcəyə uzanan simvolik bir dəyişimin göstəricisidir. Bunu “Qara şəhər”in ekoloji baxımdan təmiz, müasir və yaşıl “Ağ şəhər”ə çevrilməsinin bariz nümunəsi kimi də səciyyələndirmək olar.
Qeyd edək ki, Bakı şəhəri ərazisində 300-dən çox park mövcuddur. Son 20 il ərzində Azərbaycan Prezidentinin şəxsi təşəbbüsləri sayəsində və onun tapşırıqları əsasında 96 yeni park salınıb. 84 park isə əsaslı təmir olunaraq sakinlərin və qonaqların ixtiyarına verilib. Bundan başqa, Bakı şəhərində son illər ərzində IDEA İctimai Birliyinin təşəbbüsü ilə 200-ə yaxın məhəllələrarası park yaradılıbdır ki, bu da sakinlərin yaşadıqları ərazidə asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaradır.
Həmçinin 71 parkda fəvvarə, 2 parkda isə musiqili fəvvarə quraşdırılıb ki, onlar da parkların gözəlliyinə xüsusi estetik dəyər və daha böyük sərinlik qazandırır. Bakı parklarının 4-də göl də yaradılıb.









