Qış aylarında qar yağdıqda şəhər həyatı da dəyişir. Küçələrdə hərəkətin təhlükəsizliyi üçün yollar, səkilər və dayanacaqlar duzlanır, sürüşkənliyin qarşısı alınır. Lakin diqqət yetirəndə görürük ki, parklar, ağaclıq ərazilər, çəmənliklər və ümumiyyətlə yaşıllıq sahələri bu prosesdən kənarda saxlanılır.
Baki-baku.az qar zamanı yaşıllıq ərazilərə duzların səpəlməməsi səbəbini araşdırıb.
Qar yağan vaxt yaşıllıq ərazilərin duzlanmaması təsadüfi yanaşma deyil, illər ərzində formalaşmış ekoloji və aqronomik prinsiplərə əsaslanan qərardır.
Duzun əsas funksiyası buzun tez əriməsini təmin etməkdir. Ancaq bu maddə torpağa düşdükdə onun kimyəvi balansını pozur. Torpaqda duzun miqdarının artması bitkilərin kök sistemi üçün ciddi risk yaradır. Kök torpaqdan su və qida maddələrini normal şəkildə qəbul edə bilmir, nəticədə bitkinin ümumi inkişafı zəifləyir. Uzunmüddətli perspektivdə isə bu proses ağacların qurumasına, çəmənliklərin seyrəkləşməsinə, dekorativ bitkilərin estetik görünüşünü itirməsinə səbəb olur. Xüsusilə qışdan yeni çıxan, zəifləmiş bitkilər üçün duz sakit, amma dağıdıcı təsirə malikdir.
Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Baş mühəndisi Cavanşir Məmmədov mövzunu daha detallı şəkildə izah edir:
“Duz ilk baxışda zərərsiz görünə bilər, amma yaşıllıq üçün ən təhlükəli maddələrdən biridir. Qar əridikdən sonra duz torpağın dərin qatlarına hopur və uzun müddət orada qalır. Bu, ağacların kök sistemində yanıq effekti yaradır, torpağın strukturunu sərtləşdirir və onun nəfəs almasını çətinləşdirir. Nəticədə bitki torpaqdan nə su, nə də lazımi mineralları normal şəkildə ala bilir”.
Əməkdaş qeyd edir ki, duzun təsiri yalnız qış mövsümü ilə məhdudlaşmır, onun fəsadları yaz və yay aylarında da özünü göstərir:
“Biz bəzən yaz aylarında ağacların yarpaqlarında səbəbi bilinməyən quruma, saralma və inkişafdan qalma halları ilə rastlaşırıq. Yəni bir dəfə səpilən duz, illərlə bitkiyə təsir göstərə bilir. Buna görə də yaşıllıq ərazilərdə duzdan istifadədən qəti şəkildə imtina edirik. Məqsədimiz yalnız bugünkü rahatlığı yox, şəhərin yaşıllığını uzun illər qorumaqdır”.
Mütəxəssislər bildirir ki, duzdan istifadənin başqa bir mənfi tərəfi də onun canlı aləmə təsiridir. Duzlu torpaq ev heyvanları və quşlar üçün təhlükə yarada bilər. Bu baxımdan yaşıllıq ərazilərin duzdan qorunması yalnız bitkilər üçün deyil, ümumi ekosistem üçün də əhəmiyyətlidir.
Nəticə etibarilə, qar yağdığı zaman yaşıllıq ərazilərə duz səpilməməsi sadə bir qayda deyil, şəhərin ekoloji tarazlığını qorumağa yönəlmiş düşünülmüş addımdır. Bu yanaşma, qısa müddətli rahatlıq naminə uzunmüddətli zərərlərin qarşısını almağa xidmət edir və Bakının yaşıl simasının gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.