Azərbaycan xalq yaddaşı yalnız padşahlar və sərkərdələrlə deyil, zülmə qarşı çıxan, ədaləti öz silahı ilə qoruyan qaçaqlarla da formalaşıb. Bu yaddaşın ən qeyri-adi, ən paradoksal və ən güclü simalarından biri Qaçaq Gülsümdür – kişi adı altında bir əsrdən çox yaşayan, yüzlərlə qaçağa başçılıq edən və sonradan dünyanın taleyini dəyişəcək bir şəxsin – İosif Stalinin həyatında mühüm rol oynaayn qadın.
Zülmdən doğulan üsyan
Gülsüm Əmirqulu qızı 1861-ci ildə Şəmkirin Sarxan kəndində, kasıb və çoxuşaqlı bir ailədə dünyaya gəlib. Kəndin ağsaqqalı sayılan atası Əmirqulu kişi uzun müddət vergi verə bilmədiyinə görə yerli məmurların təzyiqinə məruz qalırdı. Taleyin dönüş nöqtəsi isə pristavın və kəndxudanın ailənin gözü qarşısında yaşlı kişinin kürəyinə qaynar samovar basması olur.
Bu an Gülsümün həyatını iki yerə böldü…
Atasına edilən zülmə dözməyən gənc qız evin içindən açılan güllə ilə əvvəlcə pristavı, sonra isə qaçmaq istəyən kəndxudanı öldürür. Ertəsi gün kənd mühasirəyə alınanda isə qardaşlarının qurban getməsinə razı olmur, kişi paltarı geyinərək evdən qaçır və meşəyə sığınır. Xəbər göndərir: “Pristiav və kəndxudanı mən vurmuşam, heç kimdə günah axtarmayın”. O andan etibarən Gülsüm ölür, Qaçaq Süleyman doğulur.

Süleyman adı ilə yaşayan qadın
Meşələr, dağlar, qaçaq dəstələri – Gülsüm yeni həyatına kişi kimliyi ilə başlayır. Kərbəlayı Əsgər, Məşədi Yolçu, Bayramqulu kimi tanınmış qaçaqlar onun qarşısına çıxanda, o, özünü Süleyman kimi təqdim edir və Gülsümün qardaşı olduğunu deyir. Heç kim şübhələnmir.
Əvvəlcə Çaqqal Səlimin dəstəsinə qoşulan Süleyman, onun kasıbları da soyduğu görür və buna görə də cəzalandırır: yeməyinə bihuşdurucu qatır və başını kəsir. Bu addım onun ədalət anlayışını açıq göstərir – Gülsüm üçün qaçaqlıq talan yox, haqq idi. Kasıbın əlindən alınan haram, haram yolla qazanan varlının əlindən alınıb kasıba verilən halal idi.
Daha sonra Qaçaq Kərəmin dəstəsində ad-san qazanır. Qorxulu döyüşlərdə göstərdiyi hünər nəticəsində qaçaqlar onu özlərinə başçı seçirlər. Artıq Süleyman təkcə qaçaq deyil, artıq bir simvol idi.
Qafqazdan Cənubi Azərbaycana
Jandarm və kazaklarla saysız-hesabsız döyüşlərdən sonra Gülsüm gecə ilə Arazı keçərək Cənubi Azərbaycana gedir. Burada əsir düşür, zindana salınır. Məhz bu zaman Qaçaq Kərəm onu xilas edir – hələ də Süleymanın qadın olduğunu bilmədən. Sadəcə azərbaycanlı olduğu üçün onda dayaq durur.
Təbrizdə yaşadığı illərdə Gülsüm Kərəmin adından əməliyyatlar aparır, qaçaq hərəkatını idarə edir. Yalnız illər sonra Kərəmə öz sirrini açır. 1890-cı ilə qədər kişi adı ilə yaşamaq artıq onun taleyinə çevrilmişdi.

Stalini xilas edən qadın
Tarixin ən maraqlı və mübahisəli hissəsi də məhz buradan başlayır.
1902-ci ildə Batumidə həbs olunan gənc inqilabçı Soso Cuqaşvili (sonralar İosif Stalin) Gəncəyə aparılacağını biləndə gizli xəbər göndərir. Bu xəbər Qaçaq Kərəm vasitəsilə Qaçaq Süleymana çatır.
Plan dəqiq qurulur.
Qatar yolda saxlanılır, maşinist öldürülür, dustaqlar azad edilir, pullar götürülür. Azad edilənlərdən biri də Soso Cuqaşvilidir. O, kəndlilərin haqqı uğrunda mübarizə aparan bu dəstəyə qoşulur və 7 ay Qaçaq Gülsümün himayəsində yaşayır, əməliyyatlarda iştirak edir.
Metex qalasından qaçaqların azad edilməsi də məhz Sosonun metodları ilə həyata keçirilir. Bu təhlükəli qaçışlarda onlarla insan xilas olur. Maraqlıdır ki, Qaçaq Süleymanın qadın olduğunu bilən cəmi üç nəfərdən biri də məhz Soso Cuqaşvili idi.
Stalin borcu unutmadı
İllər keçir. Gülsüm qaçaqlıqdan əl çəkir, ailə qurur, səkkiz uşaq anası olur. Sovet hakimiyyəti qurulandan sonra bir müddət toxunulmaz qalır.
Lakin hamilə gəlinini zorla aparmaq istəyən dörd erməni milisini yerindəcə güllələməsi onu yenidən həbsxanaya aparır. Məhkəmədə tək bir tələb irəli sürür: “Stalinə xəbər verin.”
Xəbər Moskvaya çatır.
Stalin dərhal Bağırova zəng edir və əmr verir: “Gülsüm azad edilsin. Oğlu kolxoz sədri təyin edilsin”. Mikoyanın Gülsümün 300-dən çox erməni öldürməsi etirazına isə bu sözlərlə cavab verir:
“Çətin günlərdə yeddi ay bu qadının çörəyini yemişəm. Belə dost hər şeydən dəyərlidir.”
Bir əsrlik həyat, bitməyən əfsanə
Qaçaq Gülsüm 1962-ci ildə, təxminən 101 yaşında vəfat edib. Qəbri Şəmkirin Sarxan kənd qəbiristanlığındadır. O, nə orden aldı, nə titul. Amma xalq yaddaşında kişi adını daşıyan, qadın cəsarəti göstərən, imperiyanın başçısına borc yazdıran nadir simalardan biri kimi qaldı.
Qaçaq Gülsüm qaçaq idi, kişi kimi qaçaq idi. O, Azərbaycan tarixinin əsl qadın üsyanı idi…

Xanım Aydın