Bu gün bütün dünyanı lərzəyə gətirən, inanılmaz döyüş taktikası və biliklərinə sahib olan türk sərkərdə, Teymurilər dövlətinin əsasını qoyan, tarix salnamələrində adı qızıl hərflərlə yazılan Əmir Teymurun doğum günüdür.
Baki-baku.az xatırladır ki, böyük sərkərdə Teymur 9 aprel 1336-cı ildə Cığatay xanlığı – Şəhrisəbzdə (Keş) anadan olub.

1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur. Rus mənbələrində Teymurun adı “aksak Teymur”, fars mənbələrində isə Teymurləng, daha sonradan Avropa mənbələrində Tamerlan kimi keçir adı. Ərəb mənbələrində tam adı Teymur ibn Tarağay Barlas, türk mənbələrində Barlaslı Tarağayın oğlu Teymur kimi yazılır. Çağatay və monqol dilində Temur sözü isə “dəmir” mənasını verir. Amma Əmir Teymurun axsaq olmağı da hamıya bəllidir. Bunun səbəbi nə idi bəs? Avropa tarixçiləri Armin Vamberi və Kristian Lanqlenin araşdırmalarına görə, Əmir Teymur müttəfiqi Əmir Hüseynlə birgə Məlik Fəxrəddinin dəvəti ilə Mavarünnəhrə köməyə gedirlər. Geri qayıdanda palçıqlı bir yerdə sistanlılarla qarşı-qaşıya gəlirlər. Bu döyüş zamanı Teymur bir əlindən yara alır, diz qapağına isə ox batır. Nəticədə o, iki barmağını itirir, dizindən aldığı zədəyə görə axsaq qalır. Bu fikirləri antropologiya elmi tam şəkildə təsdiqləyir. Stalinin istəyi ilə 1941-ci ildə iyunun 21-də Əmir Teymurun qəbri açıldı. Qəbir açılanda Gerasimov təsdiqlədi ki, Teymurun diz qapağı oxla zədələnib və bu, barmağın kəsilməsi ilə eyni gündə baş verib.
Əmir Teymurun qəbri açılarkən mərmərin üzərində Teymurun 16 adı və Qurani-Kərimdən bir ayə yazıldığını görüblər: “Hər birimiz ölümə məhkumuq və bu dünyadan köçəcəyik. Bizdən əvvəl də böyük insanlar olub və bizdən sonra da olacaqlar. Özünü digərlərindən üstün sayan və əcdadlarının ruhunu ləkələyənləri dəhşətli bəla gözləyir”. Bir çoxları bu sözləri lənət kimi qəbul edib. Və…

Növbəti gün Hitler Almaniyasının SSRİ-yə müharibə elan etmədən hücum etməsi barədə xəbərlər yayılır. Həmin gün Böyük Vətən Müharibəsi başlayır. Alimlər və arxeoloqlar dərhal qazıntı işlərini dayandırıb, geri dönürlər.
M.Gerasimov Əmir Teymurun sümüklərini özü ilə Moskvaya aparır. Bir müddət sonra Səmərqənddə baş verənlər və müharibənin başlanmasının Əmir Teymurun qəbrinin açılması (lənət) ilə bağlı ola biləcəyi haqqında Stalinə məlumat verilir. Stalini qorxudan bu məlumatı çatdıran şəxs məşhur sovet sərkərdəsi general G.Jukov olub. Bundan sonra Stalin Özbəkistan Kommunist Partiyasının birinci katibi Usman Yusupovla əlaqə saxlayır və təcili olaraq Əmir Teymurun qalıqlarını Qur-Əmirə qaytarmaq lazım olduğunu deyir. Ancaq bu, elə də asan bir iş deyildi. Çünki M.Gerasimov hələ labaratoriyada sümüklər üzərində ekspertiza aparırdı.
Və nəhayət, 1942-ci il noyabrın 15-də sümük qalıqları geri qaytarılıb, basdırılması üçün Moskvadan xüsusi qatarla Özbəkistana yola salınır. Hətta Stalinin xüsusi tapşırığı ilə sümük qalıqları böyük bir mühafizə ilə aparılır. Müharibə şəraitinə görə sümük qalıqlarının Səmərqəndə geri qaytarılması təxminən 1 ay çəkir.
Əmir Teymurun sümükləri, nəvəsi və oğlunun qalıqları ilə birlikdə 1942-ci il dekabrın 20-də türbəyə geri gətirilib. Sümük qalıqları İslam qaydalarına uyğun olaraq, yenidən çıxarıldıqları yerə dəfn olunub. İki gün sonra Almaniyanın 330 minlik ordusu Stalinqradda mühasirəyə alınıb, əsas hissəsi məhv edilib, qalanları isə əsir götürülüb.
Müharibə başa çatdıqdan sonra Stalin Səmərqənddə Əmir Teymurun məqbərəsinin bərpası üçün 1 milyon rubl pul ayırıb. O zamana görə bu pulla bir neçə hərbi texnika almaq və ya bir ordunun ən azı 1 aylıq ərzaq təminatını ödəmək olardı.
Ümumiyyətlə, tarixdə Əmir Teymurun qəbrini açmaqla bağlı çoxlu maraqlı və magik məqamlar var. Onun öləndən sonra da təsirinin qaldığına inananlar çoxdur.
Əmir Teymur sağlığında başlıca olaraq özünün doğma şəhəri Mavəraünnəhrin çiçəklənməsi və paytaxt Səmərqəndin şöhrətlənməsi üçün böyük qayğı göstərirdi. Teymur ələ keçirdiyi bütün ölkələrdən ustaları, memarları, zərgərləri və inşaatçıları imperiyasının paytaxtı Səmərqənd, atasının vətəni Keş, Buxara və sərhədyanı şəhər Türküstanı yenidən qurmaq üçün sözügedən yerlərə göndərirdi. Teymurun Səmərqəndə olan qayğısı onun bu məşhur cümləsində öz əksini tapıb: “Səmərqəndin üzərində həmişə mavi səma və qızıl ulduzlar olacaq”.
Əmir Teymurun Xarəzm yürüşü, Xorasan yürüşü, üç illik yürüş, Dəşt-i Qıpçaq üzərinə yürüşü, beş illik yürüşü, Hindistana yürüşü, yeddiillik yürüşü, Sivasın fəthi, Məmlüklərlə döyüşü, Ankara döyüşü, Çapaqcur döyüşü tarixdə xüsusi yer alır.

Əmir Teymur ona xəyanət edənlərə qarşı çox qəddar olub. Amma eyni zamanda da ədalətli və mərhəmətli olub. Məsələn, Ərdəbildə Şeyx Səfi ilə görüşdən sonra onun xahişi ilə yüzlərlə insanı azad edir. Amma 1387-ci ildə Əmir Teymurun İran səfərində İsfahan şəhəri ağsaqqallarının aman diləməsinə görə Əmir Teymur şəhəri talan etmir. Qarşılığında şəhərə vergi qoyur və 4 min əsgərini burda saxlayır. Lakin İsfahan əhalisi gecə ilə hücum edərək bu əsgərlərin hamısını öldürür. Bunu eşidən Teymur onları ən ağır formada cəzalandırır. Bu cür faktlar çoxdur.
Böyük sərkərdə Əmir Teymur 18 fevral 1405-ci ildə, Çinə səfərə gedərkən Otrarda 69 yaşında dünyasını dəyişib. Teymur dünyasını gənc yaşda dəyişən, çox sevdiyi və davamçısı olaraq gördüyü nəvəsi üçün Səmərqəndin seçmə bir təpəsində inşa etdirdiyi Əmiri-Gur məqbərəsində dəfn edilib. Əmir Teymur Gürkan tarixin ən güclü, məğlubedilməz sərkərdəsi kimi yaddaşlarda qalıb.

Xanım Aydın