Nəşr edilmişdir 07/15/2025

Paylaşın

TARİXİMİZ

Pyotr meydanında ucalan, “Koroğlu” uvertürası ilə açılan, Brejnevin şərəfinə ağ mərmərlə üzlənən Saray

Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin birinci mərhələsi Azərbaycanda milli-mənəvi dəyərlərin, tarixi şəxsiyyətlərin irsinin tədqiqi və təbliği, eyni zamanda yeni yaşayış komplekslərinin, sənət-mədəniyyət ocaqlarının, elm-təhsil səhiyyə müəssisələrinin tikilib qurulması ilə yadda qaldı. Həmin tarixi tikililərin içərisində bu qüdrətli şəxsiyyətin, dövlət xadiminin adını daşıyan Respublika Sarayı da var. 60-cı illər Bakısının incilərindən biri, daha doğrusu Ulu Öndərin iradəsi, məşhur mühəndis, o zamanlar öncə Bakı şəhər Sovetinin sədri, sonra isə Azərbaycan SSRİ Nazirlər Soveti sədrinin müavini kimi tarix yaradan Əliş Ləmbəranskinin təşkilatçılıq məharəti ilə tikilib istifadəyə verilən Respublika Sarayının təməli Azərbaycan KP MK-nın sədri Vəli Axundovun qərarı ilə qoyulub. Bakıda genişekranlı kinoteatrın tikilməsi məqsədi ilə təməli qoyulan binanın tikintisinə 1962-cı ildə başlanılıb. Nə az nə çox düz 10 il onun layihəsi üzərində işlənilib. Bir müddət inşaat işlərinin getməsinə baxmayaraq proses dayandırılıb.

Sarayın rəmzi açarı Ulu Öndərə təqdim olundu

Bütün həyatını millətinin, məmləkətinin tərəqqisinə həsr edən Ulu Öndərin siyasi hakimiyyətə gəlişi ilə bütün yarımçıq layihələr kimi Respublika Sarayının da tilsimi qırılıb. Çar Rusiyası zamanında “Pyotr meydanı” kimi tanınan, Şura hökuməti illərində məşhur inqilabçı Ernest Telmanın adını daşıyan kluba və tütün fabrikinə ev sahibliyi edən ünvanda yeni, möhtəşəm mədəniyyət mərkəzi tikilib. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin hər iki mərhələsini özündə ehtiva edən rəsmi sənədlərin  qorunduğu Azərbaycan Respublikası Prezidentinin  İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, fond 1-də, 59-cu siyahıda, 94-cü işdə, 11-ci qutuda qorunan sənəd Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitənin Siyasi Bürosunun 1972-ci il 24 noyabr tarixli 54-cü protokolunun 11-ci paraqrafında qaldırılan məsələ “Bakı şəhərində yeni tikilmiş saraya V.İ.Leninin adının verilməsi haqqındadır. Ulu Öndər Heydər Əliyevin rəsmi imzası ilə təsdiq olunan sənəddə deyilir: “Bakı şəhərində istifadəyə veriləcək yeni Sarayın ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün mühüm bir mərkəz olacağını nəzərə alaraq, ona V.İ.Leninin adının verilməsi qərara alınsın. Respublikanın Nazirlər Sovetinə bu məsələ ilə bağlı müvafiq qərar qəbul etmək tapşırılsın. “Ulu Öndərin diqtəsi, iradəsi ilə tikintisi başa çatan məşhur sənət-mədəniyyət ocağı 1972-ci il dekabrın 14-də “Lenin adına Saray” kimi tikilib istifadəyə verildi. 2500 nəfərlik tutumu olan, keçmiş SSRİ-də öz əzəməti ilə seçilən mədəniyyət mərkəzinin rəsmi açılışı isə 1976-cı ildə baş tutdu. Layihənin memarları Boris Ginzburq, Eduard Melxisedekov, Vadim Şulqin və Vitali Faynşteyn, inşaatçıları isə E.Bode və A.Qelfat idi.Sarayın tikintisində xüsusi xidmətləri olan inşaat mühəndisləri, məhşur ustalar 1972- ci il dekabrın 11-də Sarayın rəmzi açarını Ulu Öndərə xatirə kimi təqdim etdilər. Bu gün Heydər Əliyev adına Respublika Sarayının Xatirə Muzeyində qorunan həmin  açar Ulu Öndərin ölkədəki tikinti-quruculuğ işlərinə göstərdiyi diqqət və qayğının rəmzi kimi qorunur.

Saray “Koroğlu” operasının üverturası ilə açıldı 

Bütün dövrlərin sənət-mədəniyyət məbədi kimi bundan sonrada maraq dairəsində olacaq Saray qeyd etdiyimiz kimi 1972-ci il dekabrın 14-də açıldı. Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Üzeyir bəyin “Koroğlu” operasının uvertürası ilə açılan Sarayın açılış konsertində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, “Qaya” vokal kvarteti, SSRİ xalq artisti Hökümə Qurbanova, Zeynəb Xanlarova, Aşıq Pənah və bir çox incəsənət xadimləri zəngin proqramla çıxış etdilər.

Saray Leonid İliç Brejnivin şərəfinə ağ mərmərlə üzləndi

1978-ci ildə Azərbaycana rəsmi dövlət səfərinə gələn, “Şiroko şaqaet Azərbaycan” nidası ilə tarixdə qalan SSRİ-nin birinci şəxsi Leonid İliç Brejnivin şərəfinə o zamanlar Bakı şəhərində çox işlər görüldü. “Lenin meydanı”nda xalqla görüşü üçün  “Hökümət Evi”ninin arxa pilləkəni kiçildildi. V.İ.Lenin adına Sarayın fasadı ağ mərmərlə üzləndi. Boz rəngi dəyişdirilən saray daha möhtəşəm və yaraşığlı görkəm aldı. Brejnevin şərəfinə Sarayda təşkil olunan konsertdə onun iki sevimli sənətkarı: Zeynəb Xanlarova və Müslüm Maqomayev sevdiyi mahnıları ifa etdilər. Nəhəng dövlətin başçısı Brejnevin Azərbaycana gəlişi o dövrün ən mühüm hadisələrindən idi. Ulu Öndər özünün iradəsi, cəsarəti, eyni zamanda dövlət idarəçilik təcrübəsi ilə SSRİ boyda qüdrətli bir dövlətin liderini vətənə, Azərbaycana, onun paytaxtına gətirməklə, burada, Qafqazlarda qüdrətli bir dövlətin olduğunun dünyaya nümayişi idi. Bu təkcə onun qələbəsi deyildi. Bu İkinci Dünya Müharibəsində müharibənin taleyini həll edən, 300 min şəhidi, 300 min qəhrəman əsgəri, qara qızılı ilə tarix yaradan millətin, Bakı qəhrəman şəhərlər sırasında yer almasa da, zirvələrdə sultan olan Bakının zəfəri idi. Brejnevin Bakıdan Moskvaya döndükdən sonra Azərbaycanla bağlı mühüm qərarlar aldı. Bu indiyədək kənd təsərrüfatı ölkəsi kimi tanınan Azərbaycanın kompleks inkişafına təkan oldu.

Respublika Sarayı Moskva və Sankt-Peterburq da daxil olmaqla SSRİ-də 7 sənət məbədindən biri idi

Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətinin birinci mərhələsində Bakıda çox möhtəşəm layihələrə imza atdı. Yeni yaşayış kompleksləri salındı. İnzibati binalar tikildi. Ölkənin turizm potensialının təməli qoyuldu. Ağ qızılın və Qara qızılın diyarı “Keçici bayraq”larla təltif olundu. Ulu Öndərin təməlini qoyduğu iki möhtəşəm bina isə Bakının vizit kartına döndü: Bakı Məişət Kondisionerləri zavodu və Gülüstan Sarayı. Onların sırasında Moskva və Sankt-Peterburq da daxil olmaqla SSRİ-də 7 sənət məbədindən biri  kimi məşhur olan Respublika Sarayı da vardı. 

Tarixlə  müasirliyin körpüsü

Bakının tarixlə müasirlik arasında körpü olan tikililəri çoxdur. Onların sırasında Qız Qalasının, İçərişəhərin, İsmailiyyə binasının, Bakı Şəhər Dumasının, Tağıyevin Qız Məktəbi, Filarmoniyanın, Gülüstan Sarayının, Akademik Milli Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının, Opera və Balet Teatrının, Respublika Sarayının, Azərbaycan Milli Elmlər Akademiyasının özünəməxsus yeri və məqamı var. Respublika Sarayı bütün dövrlərdə möhtəşəm tədbirlərə ev sahibliyi edib. Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətinin birinci və ikinci mərhələsində burada onun sərəncamları, qərarları ilə rəsmi tədbirlər, mərasimlər keçirilib. Şeyx Nizami Gəncəvinin 840, Seyid İmadəddin Nəsiminin 600, Mirzə Fətəli Axundzadənin 170, Hüseyn Cavidin 100 illik yubileyləri, “Kitabi Dədə-Qorqud”  dastanının 1300, Mövlana Məhəmməd Füzulinin 500 illiyi Respublika Sarayında təntənə ilə qeyd edilib. Dünyaşöhrətli sənətkarların iynə atsan yerə düşməyən konsertlərinə ev sahibliyi edən, tarixlə müasirlik arasında körpü olan sarayda həm də, Dünya Azərbaycanlılarının qurultayları keçirilib. Iki  dəfə Ulu Öndər Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezident kimi Andiçmə mərasimləri baş tutub.

Son vida: “Azərbaycan, Azərbaycan, Azərbaycan!”  

Soyu, soykökü, şəcərə dəftəri ilə Səfəvilər İmperiyasına, Şah İsmayıl Səfəvi əzəmətinə bağlı olan Ulu Öndər Heydər Əliyev ondan sonra tək və yeganə liderimizdir ki, Ana dilinə dövlət dili statusunu verdi. Sarayını sənətin, mədəniyyətin gülzarına çevirdi. Bir əlində Qılınc bir əlində Qələm tarix yaratdı. General rütbəsi, Sərkərdə-xaqan ucalığı ilə milli dövlətçilik tariximizi zinətləndirdi. Bütün varlığı, ruhu, duyğuları  ilə Azərbaycan olan Ulu Öndər Heydər Əliyevin Sovetlər dönəmində ordu quruculuğu ilə bağlı gerçəkləşdirdiyi  layihələr Əliağa Şixlinski, Səməd bəy Mehmandarov, Cəmşid Naxçıvanski kimi sərkərdələr yetirən ölkənin əzəmətini 44 günlük Vətən Müharibəsində dünyaya nümayiş etdirdi. Gülüstan Sarayından sonra Respublika Sarayı Ulu Öndər üçün əzizdir, əvəzsizdir. O, Respublika Sarayını  “parçala, hökm sür, Qafqazı, Xəzər hövzəsini və İstanbulu fəth et” nidası ilə türkün qəvi düşməninə çevrilən I Pyotrun adını daşıyan   “Pyotr meydanı”nda, Gülüstan Sarayını isə Çəmbərəkənddə, Azərbaycanın cəlladı Sergey Mironoviç Kirovun abidəsinin olduğu yerdə ucaltdı. Bu torpaqların tarixi sakinlərinin və sahiblərinin ünvanını göstərdi. Ulu Öndər Respublika Sarayında Azərbaycan Silahlı Qüvvələrinə həsr olunan Bayram törənində  “Azərbaycan, Azərbaycan, Azərbaycan!” nidası ilə dünyaya vida nəğməsi oxudu. Gülhanə Hərbi Tibb Akademiyasında və Klivlent klinikasında müalicələr aldı. O, ürəyindən getdi. Əslində ürəyi qədər sevdiyi, canından əziz bildiyi Azərbaycandan getdi. Son məqamda mənsub olduğu milləti, məmləkəti daha etibarlı əllərə, Azərbaycanı Xüdafərin körpüsündə, Şuşa qalasında Bayrağa döndərən  Liderə, Ali Baş Komandan – İlham Əliyevə etibar etdi. Ulu Öndərlə vida mərasimi 2003-cü il dekabrın 13-də Respublika Sarayında oldu. Çiyninə mənsub olduğu millətin, məmləkətin yükünü alan Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 4 mart tarixli sərəncamı ilə onun adını daşıyan saraya çiyinlərdə gəldi. Respublika Sarayı həmin günə qədər nə belə tədbir, nə belə mərasim, nə də belə əzəmət görmüşdü. Ulu Öndər son gedişi, Vidası, Fəxri xiyaban ucalığı ilə belə millətinə, məmləkətinə birliyi, bütövlüyü öyrətdi.

“Mən səni tanıyıram, Heydər babanın oğlusan!”

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra Respublika Sarayı adlanan, 2004-cü ildən Heydər Əliyev Sarayı kimi şöhrətlənən Lenin adına Sarayın önündə  2013-cü ildə baş verən bir hadisəni unuda bilmirəm… Həmin gün ölkədə “Gül Bayramı” keçirilirdi. Cənab Prezident ailə üzvləri ilə başmaq seyrinə çıxmışdı. Çiçək, gül geyimli bir körpə qızı qucağına alan Prezident İlham Əliyev eşitdiyi kəlamdan qəribə bir hiss keçirdi. O kənardan hiss olunurdu. Körpə qız: “Mən səni tanıyıram, Heydər babanın oğlusan!” nidası ilə ona təkcə Sərkərdə-xaqan ucalığı deyil, həm də Lider-Varis əzəməti yaşatmışdı. Biz onu Cıdır düzündə, Şuşa qalasında, Xankəndində, Xanbağında yaşadıq. Hər birində bir Saray, Siyasət dili, mədəniyyəti var. Ulu Öndər Heydər Əliyev “Quş dili bilən Süleyman” idi. Gülüstan Sarayını da, Respublika Sarayını da niyə tikdiyini, kimin üçün qurduğunu yaxşı bilirdi. Abidələr qurmaq, abidəsini könüllərdə yapmaq onun alın yazısı, Tanrıdan tale pay idi. 

Ölkənin  Birinci vitse-prezdenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə “Gül bayramı”  “Ağac əkmə aksiyası” ilə əvəz olundu. Hər əkilən ağac özündə Heydər Əliyevin Əbədi həyatla bağlı duyğusunu, düşüncəsini özündə ehtiva edir. Qaba ağaclarımız doğranmasın! Axan sularımız bulanmasın!

  Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində iyulun 16-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb

Ən son

GÜNDƏM

Bakıda XIX əsrə aid Zərgərpalan hamamı kimi tanınan tarixi abidənin konservasiya işlərindən sonra açılışı olub

GÜNDƏM

Bakıda XIX əsrə aid Zərgərpalan hamamı kimi tanınan tarixi abidənin konservasiya işlərindən sonra açılışı olub