Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/20/2025

Paylaşın

ETNOQRAFIYA

“Pul kolleksiyası yığmaq məndə artıq həvəs deyil, xəstəlikdir” – kolleksioner Asəf Kərimov

kolleksioner Asəf Kərimov, Kolleksiya, Asəf Kərimov

Numizmatika sikkələr, onların zərb tarixi, qiyməti, istifadə edilmə müddəti, nominal və həqiqi dəyərlərini öyrənən, Bonistika isə pul nişanları və bonları öyrənən köməkçi tarix elmidir. Məlum olduğu kimi həmin elmlərlə məşğul olan xüsusi insanlar – peşəkarlar var. Amma həm də çox nadir olsa da, bon və sikkələri toplayan kolleksionerlər də var.

Baki-baku.az-ın bugünkü qonağı müxtəlif ölkələrin müxtəlif zamanlarda – həm tarixi, həm də müasir pul nişanları və sikkələrinin kolleksioneri Asəf Kərimovdur.

Asəf Kərimov Zaqatala sakinidir və elə onunla müsahibə etmək üçün Bakıdan 450 km uzaqlıqda olan bu əsrarəngiz bölgəmizə yollandıq.

kolleksioner Asəf Kərimov, Asəf Kərimov

– Bu ideya sizdə nə vaxtdan və nədən yarandı?

– Uşaq olanda, bu sovetlər dönəminə təsadüf edir, dəmir qəpiklər yığmağı sevirdim. Yığıb harasa gizlədirdim ki, heç kim görməsin. Zamanla başa düşdüm ki, bu artıq bir hobbiyə çevrilib. SSRİ pullarından keçdim xarici pullara. O zamanlar xarici pulları tapmaq çox çətin idi. Amma mən axtarıb tapırdım. Tələbə vaxtı “Torqovı”da əntiq mallar satanlar həm də xarici ölkələrin pullarını satırdılar. Dərsdən çıxıb həmişə gedir, təzə gələn pulları əldə edirdim. Tələbə təqaüdümün əksərini elə buna xərcləyirdim. Yavaş-yavaş bu iş məndə daha da böyük maraq yaratdı və günlərin bir günü başa düşdüm ki, pul yığmaq məndə artıq həvəs deyil, xəstəlikdir. Get-gedə kolleksiyamda xarici ölkələrin sayı artdı, mən artıq pulları “set”lərə bölməyə başladım. Yəni kolleksiyamı albomlara böldüm, hər albomda müxtəlif ölkələrin müxtəlif zaman kəsiklərində istifadə etdiyi pulları topladım. Hazırda məndə 100-dən çox ölkənin pulu var.

– Bəs qədim pullara marağınız haradan yarandı?

– İndiki dövrün pullarını toplayandan sonra marağım qədim pullara, sikkələrə yarandı. İstədim ki, kolleksiyamda ötən əsrin də, orta əsrlərin və ondan da qədim dövrlərin pulları olsun. Başladım o sahəylə maraqlanmağa.

Asəf Kərimov

– Bu işdə ən çətini nədir?

– Xüsusən qədim dövrlərə aid, dövriyyədə olmayan pulları əldə etmək lap çətindir. Bəzən, hər hansı bir pulu almaqdan ötrü Zaqataladan Bakıya, həmçinin ölkənin digər bölgələrində də getməli olmuşam. Xaricdən gətirdiyim, aldığım pullar da olub. Amma bu işdə həm də ən çətini kağız puldursa üstündə qatın olmaması (yəni qat kəsiyinin olmaması), sikkələrdə isə üstünə izin, cızığın olmamasıdır. Məsələn, kolleksiyamda çar dövrünə aid pullar var ki, onları əldə etmək çətin olub. Həm də yubiley pulları var ki, onlar öz zamanında çox az sayda buraxılıb. Təbii ki, günümüzə də gəlib-çıxanı çox azdır, ya da yaxşı vəziyyətdə deyil. Amma məndə həmin pulların da yaxşı – təzə vəziyyətdə olanları var.

Asəf Kərimov

– Pulun saxta olmadığını necə müəyyənləşdirirsiniz bəs?

– Pulun özünəməsus səsi var. Kağız pulu silkələyəndə ondan çıxan səslə əsli saxtadan ayırd etmək olur. Bundan başqa kağız pulların üstündə xüsusi “su nişanları” olur. İşığa tutanda baxmaqla o nişanları görmək olur. Bir də əl toxunuşu. Barmaqlarının toxunuşu ilə hiss edirsən ki, bu pul saxtadır, yoxsa yox. Bu vərdiş insanda illərlə formalaşır.

– Hansı əsginas sizin üçün xüsusi önəmlidir?

– Mənim üçün hamısı bir-birindən dəyərlidir. Hər birinin öz xatirəsi var. Heç birini rahat, asanlıqla əldə etməmişəm. Mənim üçün hamısının öz önəmi, öz yeri var. Bir dəfə Tovuzdan bir nəfər zəng vurdu ki, nənəmin sandığından qədim sikkə tapmışam. Şəklini göndərdi. İllərlə axtardığım pul idi. Danışdıq ki, səhər Tovuza gedib görüşəcəyəm. Həyəcanımdan səhərə kimi yatmadım. Tez əldə edib kolleksiyama daxil etmək istəyirdim. Onu əlimə alanda o qədər xoşbəxt idim ki…

Asəf Kərimov

Bildiyim qədəriylə, sizdə çox nadir tapılan, dövrümüzə çox az sayda çatan sikkələr də var.

– Bəli. Kolleksiyamda bayaq da qeyd etdiyim kimi, çar dövrünə aid çox nadir tapılan əsginaslar var. Elə dövlətlərin pulları var ki, indi heç həmin dövlətlərin özü yoxdur. Bundan başqa, Roma İmperiyası (Bizans), Səfəvilər İmperiyası, Əməvilər xilafəti, Şirvanşahlar dövləti, Qacar İmperiyası, Ağqoyunlu dövləti, Qaraqoyunlu dövləti, Elxanilər, Teymurilər dövləti, Əfşarlar İmperiyası, Böyük Moğol İmperiyası, Osmanlı İmperiyası, Sasanilər İmperiyası, Bərzakailər, Təbəristan, Qəznəvilər dövləti, Borucigin sülaləsi, Ərəb Xilafəti, Əməvilər Xilafəti, Şəddadilər dövləti, Şamaxı xanlığı, Gəncə xanlığı, Bakı xanlıqlarının müxtəlif dövrlərə aid kağız pul və sikkələri var. Onların içində XVIII əsrin 40-cı illərində Abşeron yarımadasında  yaranmış paytaxtı Bakı olan Bakı xanlığının pulu xüsusi önəm daşıyır. Onun zərb yeri Bakı, çəkisi 2,18 qram, diametri 18 mm-dir. O sikkədən dövrümüzə çox az sayda gəlib çatıb. Onu çox böyük çətinliklə əldə etmişəm. Həmçinin Səfəvilər Dövləti, I Şah İsmayıl Xətainin hakimiyyəti zamanında dövriyyədə olan çəkisi 4,15 qram, diamertri 25mm olan təkkə və ya si də var. O də mənim üçün çox qiymətlidir. Deyə bilərəm ki, kolleksiyamın ən əziz “üzvlərindədirlər”.

Asəf Kərimov

– Kolleksiyanızda lap qədim dövrlərə aid müxtəlif bəzək və ov predmetləri də var.

– Bəli. Onlar Aran və Zaqatala-Balalən zonasında tapılan bilərziklər, üzüklər, ox ucluqları və s. var. Onlar da tariximizin bir izidir. Materialları dəmir, mis, bürünc, gümüşdür. Bildiyim qədəriylə, bürünc və dəmir dövrünə aiddir.

– Hazırda kolleksiyanızın neçə “üzvü” var? Heç saymısız?

– Əlbəttə… Hamısını əzbər bilirəm. Cəmi 3759 ədəd, onlardan 949-u bon, 2810-u sikkədir. Sikkələrin içində gümüş, bürünc, misdən olanlar çoxdur.

Asəf Kərimov

– Pulunuz çox olsun!

– Təşəkkürlər!..

Söhbətləşdi: Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Общество и культура – это два неотъемлемых компонента человеческой жизни