Azərbaycanın hazırkı siyasi kursunun əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və ölkəmizin başçısı Prezident İlham Əliyev həmin siyasi kursu uğurla davam etdirir. Prezident İlham Əliyevin həyata keçiridiyi siyasət ölkəmizin təhlükəsizliyini təmin edən əsas faktordur.
Bu fikirləri Baki-baku.az -a müsahibəsində politoloq Turan Rzayev bildirib.
– İran və İsrail arasında müharibənin kökləri hansı dövrə gedib çıxır və iki ölkə arasındakı münasibətlər nə vaxt qarşıdurma xarakteri almağa başladı?
– İlk növbədə qeyd edim ki, İran və İsrail arasında mövcud olan gərginliyin olduqca maraqlı tarixi var. Əslində bu məsələdə maraqlı nüanslardan biri odur ki, uzun illər dost olmuş iki xalqın hazırda bir-birinə kin və nifrət bəsləməsi müşahidə olunur. Ümumiyyətlə tarixdə yəhudilərin 2 böyük sürgünü olub. Bunlardan biri Babil krallığı, digəri isə Roma imperiyası dövründə olub. Babil sürgünü zamanı bir çox yəhudi tayfaları dünyanın müxtəlif yerlərinə köç edir və daha çox Yaxın Şərq, Mesopotamiya coğrafiyasında (hazırkı İran və İraq ərazisi) məskunlaşır.
Qeyd etmək lazımdır ki, İranda Əhəmənilər dövləti dövründə yəhudilər milli kimliklərini qoruyub saxlaya bilib. Haqqında danışdığım hadisələr eramızdan əvvəl 539-cu ildə Böyük Kir Babil şəhərini fəth etdikdən sonra baş verib. Bununla Əhəmənilər imperiyası bölgənin hakiminə çevrildi. Kir digər hökmdarlardan fərqli olaraq fəth etdiyi xalqlara qarşı daha tolerant siyasət aparırdı. O, Babilə sürgün edilmiş yəhudilərə öz vətənlərinə qayıtmağa icazə verdi və onların dini adətlərini bərpa etməsinə mane olmadı. Bununla da yəhudilər yenidən Qüdsə qayıda bildilər və orada dağıdılmış Qüds məbədinin yenidən tikilməsinə icazə verildi. Bu səbəbdən yəhudi dini mətnlərində və tarixində Böyük Kir çox müsbət şəkildə xatırlanır. İncilin bir hissəsi olan Yeşaya kitabında Kir hətta Allah tərəfindən seçilmiş bir hökmdar kimi qeyd edilir. Yəni tarixə görə demək olar ki, farsların, xüsusilə də Böyük Kirin siyasəti yəhudilərin sürgündən qurtulmasına və öz torpaqlarına qayıtmasına səbəb olub.
Olduqca nadir hallarda qeyd olunsa da, yəhudilərin bir sıra adətləri və ibadətləri Zərdüşt ənənələrinə əsaslanır və farslardan gəlmədir. Ümumiyyətlə belə demək olar ki, bu gün İsraili yer üzündən siləcəyi ilə hədələyən və buna and içən İran əsrlər əvvəl yəhudilərin bir xalq olaraq yoxa çıxmasının qarşısını alıb. Əslində İran İslam inqlabından əvvəl Şah Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə İsraillə münasibətlər çox yaxşı idi. Ərəb ölkələri ilə İsrail arasında baş vermiş müharibələrdə farslar məsələyə müdaxilə etmədi və hətta bəzi qeyri-rəsmi mənbələrdə İranın İsrailə müəyyən yardımlar etməsi barədə məlumatlar yer alır. Bu səbəbdən əminliklə deyə bilərik ki, İran və İsrail arasında mövcud olan gərginlik məhz teotratik rejimin inanca əsaslanan siyasətindən qaynaqlanır. Mənim fikrimcə isə, İsraildəki Netanyahu komandasının idarəetməsi ilə İrandakı rejimin hakimiyyəti arasında elə də böyük fərq yoxdur. Sistemlərin xarici görünüşündəki fərqi kənara qoysaq görərik ki, hər ikisi ölkələrini teoloji əsaslarla idarə edir. İsrail hökuməti ozünü dini bir sistem kimi təqdim etməsə də, ölkənin xarici siyasətinə nəzər salanda görürük ki, “vəd olunmuş torpaq” anlayışına istinad edirlər, Fələstinə, Qüdsə hücum təşkil edirlər və bu da öz növbəsində teoloji idarəetmə sisteminə xas olan ideologiyadır. Bir sıra müsəlman ölkələri kimi İran da İslam inqlabından sonra İsrailə qarşı açıq şəkildə düşmən mövqedən çıxış etməyə başladı və İsrailin bir dövlət kimi regionda mövcudluğunu qəbul etmir.
– Dünyanın böyük bir hissəsinin gərginlik və qeyri-müəyyənlik yaşadığı bir vaxtda, qlobal miqyasda təlatümlərin hökm sürdüyü indiki şəraitdə ölkəmizdə sabitliyin qorunması istiqamətində həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
– Azərbaycanın xarici siyasəti ümumiyyətlə balanslı siyasət prinsiplərinə əsaslanır. Biz müstəqillik əldə edəndən sonra bu siyasi kursa sadiq qalmışıq. Tarixə nəzər salsaq görərik ki, 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti də bənzər siyasət həyata keçirirdi. Azərbaycanın yerləşdiyi coğrafiyanı və geosiyasi vəziyyəti nəzərə alaraq görürük ki, bu siyasi kurs məqsədəuyğundur. Rəsmi Bakı hər zaman dövlətlərin beynəlxalq hüquqla tanınan ərazilərinin bütövlüyünü tanıyıb, hörmətlə yanaşıb, heç bir zaman separatizmi dəstəkləməyib, hər hansı bir ölkənin Azərbaycan ərazisində hərbi baza yaratmasına icazə verməyib, öz suverenliyini qoruyub saxlayaraq heç bir hərbi alyansa qoşulmayıb və Qoşulmama Hərəkatına üzvlüyümüz də bununla bağlıdır.
Azərbaycanın balanslı siyasət yürütməsi, “minimum riks – maksimum fayda” prinsipini əldə rəhbər tutması bu gün də davam edir. Azərbaycan dünyanın xeyli sayda ölkəsi ilə münasibətlərini qoruyub saxlayır və hətta son zamanlar Ermənistanla da münasibətlərin normallaşması prosesinin başlanmasına şahid oluruq. Bütün bunlar da onu göstərir ki, Azərbaycan regionda münaqişələrin tərəfdarı deyil, qarşılıqlı anlaşma şəraitində yaşamağın və iqtisadi əlaqələrin genişləndirilməsinin tərəfdarıdır.
Azərbaycanın hazırkı siyasi kursunun əsası da Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və ölkəmizin başçısı Prezident İlham Əliyev həmin siyasi kursu uğurla davam etdirir. Son zamanlar Rusiya ilə münasibətlərdə soyuqluq müşahidə olunur, İranla vaxtaşırı anlaşılmazlıqlar olur, lakin hər kəsə məlumdur ki, Azərbaycan hər hansı bir gərginliyin içində varsa rəsmi Bakının orada iştirakı yoxdur, bilavasitə qarşı tərəflərin təhdidləri nəticəsində yaranan gərginlikləri görürük.
Dünyada baş verən qlobal münaqişələrdən kənarda qalmağımızın səbəblərindən biri də məhz budur ki, müxtəlif dövlətlərlə əməkdaşlığı da, rəqabəti də sağlam şəkildə aparırıq və hətta bizə qarşı olunan təhdidlərə də, atılan addımlara da verdiyimiz cavablar müəyyən bir ölçüdə, əsaslandırılmış şəkildə olur. Bu səbəbdən də baş verən hadisələrin fonunda Azərbaycanda təhlükəsizlik və sabitlik qorunub saxlanılır. Ölkəmiz heç bir zaman boş macəralara atılmır. Biz hər zaman risk faktorlarını nəzərə alırıq. Məsələn, Qəzzada Azərbaycan sülhməramlılarının iştirak etməsi məsələsi gündəmə gələndə rəsmi Bakı bu addımı atmadı, çünki yarana biləcək gərginliyi bilirdi və əgər orada hər hansı azərbaycanlı hərbçi xəsarət alsaydı, o zaman ərəb ölkələri və yaxud İsrail ilə münasibətlərə mənfi təsir göstərərdi. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçiridiyi siyasət ölkəmizin təhlükəsizliyini təmin edən əsas faktordur.
– Quru sərhədlərin bağlı qalması hazırkı regional və qlobal gərginlik fonunda Azərbaycanın təhlükəsizliyinə necə təsir göstərir?
Quru sərhədlərimizin bağlı qalmaq məsələsi ilə bağlı onu deyə bilərəm ki, ümumiyyətlə quru sərhədlərinin bağlanması pandemiya ilə əlaqədar idi. Daha sonralar sərhədlərin bağlı saxlanılması pandemiya ilə əlaqədar olsa da, hazırda aydın məsələdir ki, pandemiya bitib və belə bir anlayış mövcud deyil. Azərbaycanın yanaşması artıq bioloji pandemiyadan çox siyasi pandemiya əsaslıdır.
Yəni bu nə deməkdir? Azərbaycan şimaldan və cənubdan ehtimal olunan təhlükələrə, risklərə, provokasiyalara qarşı sərhədlərin təhlükəsizliyini qoruyur. Bu addımın atılması isə bizə Ukrayna müharibəsi gedişində qaçqın axınının qarşısını almağa imkan yaratdı.
Bir misal da çəkim ki, bu gün əgər İranda müharibə şiddətlənərsə yenə qaçqın axınının qarşısını almağa, xarici ölkələrin kəşfiyyat orqanlarının sızma ehtimallarını aradan qaldırmağa, narkotiklərin qanunsuz dövriyyəsini dayandırmağa və sair məsələləri əngəlləmək üçün sərhədlərin bağlı qalması vacib addımlardan biridir.
Əlbəttə ki, radikal qərardır. Bir çox cəhətdən müzakirəyə və mübahisəyə açıq məsələ ola bilər, lakin reallıq ondan ibarətdir və bugünkü prosesləri də nəzərə alsaq deyə bilərik ki, Azərbaycanı qorumağın ən rahat yollarından biri məhz budur. Bu gün sərhədlərimizin bağlı qalması məsələsinə etiraz edən biri varsa, düşünməlidir ki, paytaxtımızda və ölkəmizin müxtəlif yerlərində hər hansı terror aktının baş verməsindənsə sərhədlərin bağlı qalması daha məqbuldur və daha uzaqgörən bir siyasətdir.
Məlum məsələdir ki, sərhədlər əbədiyyən bağlı qalmayacaq. Siyasi proseslərin hazırkı gedişatı bizi buna məcbur edir. Nəzərə almaq lazımdır ki, bir çox hallarda bu məsələni çox yanlış şəkildə şərh edənlər olur, iqtidarla əlaqələndirib səhv fikirlər formalaşdırmağa çalışırlar. Sağlam düşüncə ilə yanaşsaq hər birimizə aydındır ki, heç bir iqtidar ölkə daxilində narazılıq yarada bilmək, kəskin bahalaşmaya gətirib çıxarma riski olan qərarların verilməsinə razı olmaz. Bu səbəbdən də hazırda sərhədlərimizin bağlı olmasının obyektiv və subyektiv səbəbləri var. Mən bunu əsasən təhlükəsizliklə əlaqələndirirəm
Müsahibəni hazırladı: Hacı Cavadov