Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/21/2026

Paylaşın

TARİX

Pirvənzərə – Çəmbərəkənddən Xəzərə açılan pəncərə

Pirvənzərənin haqqında bir müqəddəs ziyarətgah, məkan kimi söz açan ilk Azərbaycan ziyalısı Hüseynqulu Sarabski olub

Bakının ən qədim yaşayış məskənlərindən, məzar yerlərindən olan Çəmbərəkənd Şura hökumətinin güdazına gedən yaddaş yerimiz olsa da, onun  gizli qalan, bilinməyən sirləri içərisində Pirvənzərə ziyarətgahının öz yeri var. Bir vaxtlar Çəmbərəkənd qəbiristanlığına, 1918-ci il 31 Mart Soyqırımı qurbanlarının üz söykədiyi torpağa, Azərbaycanın bolşevik cəlladı Sergey Mironoviç Kirovun əzəmətli abidəsinə, Dostluq parkına evsahibliyi edən Çəmbərəkənddə 30-cu illərin dəhşətli repressiyaları zamanı və 50-ci illərdə köçürülmə siyasəti həyata keçirilib. Sovet Azərbaycanının rəhbərliyi tərəfindən hər kəsə doğmasının məzarının istədiyi əraziyə köçürülməsinə icazə verilib. Məzara sahib çıxanlar çıxıb, sahib çıxmayanların doğmalarının nəşi Dostluq parkının asfalt qatı altında qalıb.

Xalq 20 Yanvar dəhşətlərindən sonra daha kəskin qərar aldı: Dostluq Parkını Şəhidlər Xiyabanına çevirdi

Azərbaycan Xalq Cümhuriyyətinin Bakı mərhələsindən sonrakı ilk Hərbi naziri Səməd bəy Mehmandarovun, 31 Mart Soyqırımı zamanı Hacı Zeynalabdin Tağıyevə göz dağı vermək üçün Lənkəran qarnizonunda gülləyə tuş edilən Məhəmməd Hacı Zeynalabdin oğlu Tağıyevin və Bakının işğaldan azad olunması üçün 1918-ci ildə Azərbaycanca gələn Osmanlı əsgərlərinin məzarları belə inqilabın qurbanı olub.

1919 – ci ilin Meydan hərakatı zamanı Lenin meydanında inqilabın atasının – V.İ.Leninin abidəsini yerləbir edən, Lenin meydanını Azadlıq meydanına çevirən Azərbaycan xalqı sinəsinə dağı dağ üstə çəkən Sovet İttifaqına görk olsun deyə, Sergey Mironoviçin abidəsini də dişi-dırnağı ilə sökdü. “Azadlığı zərrə-zərrə, qram-qram istəməyən” Xalq 20 Yanvar dəhşətlərindən sonra yanvarın 22-də daha kəskin qərar aldı. 20 Yanvar Şəhidlərini Dostluq parkına çevrilən Çəmbərəkəndə – nigaran ruhların dolandığı məkana qaldırdı. Dostluq parkını Şəhidlər Xiyabanına çevirdi.

Ölkəmiz “Müstəqillik aktı”na imza atdıqdan, Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Çəmbərəkənddə üç abidə ucaldıldı: 20 Yanvar və I Qarabağ Müharibəsinin şəhidlərinin şərəfinə Şəhidlər Kompleksi, 1918-ci ildə Bakını işğaldan azad edərkən şəhid olan Qafqaz İslam Ordusu igidlərinə ehtiram əlaməti olaraq şərəfinə yapılan Türk Şəhidliyi və minarəsindən hər gün mələklər boy verən Türk Məscidi.

Bakılılar onun nəşini Heybətin bibisi adında qoruyub himayə etdi

Bolşevik Rusiyası Şura Azərbaycanına qədəm qoyduqda yaddaş adını çox, lap çox müqəddəsliklərə əl uzatdı. Məscidlər mədəniyyət evlərinə, klublara çevrildi. Din xadimlərinin böyük bir qismi ya yerində güllələndi, ya da Sibirə, Türküstan bozqırlarına sürgün edildi. Peyğəmbər əleyhissəlamın varislərinin uyuduğu məkanlar dağıdıldı. Bibiheybət pirində uyuyan Həkimə xanımın məzarı üzərində asfalt çəkildi. Əhli-Beytə sevgisini ölümdən üstün tutan bakılılar onun nəşini Heybətin bibisi adında qoruyub himayə etdi. Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra Bibiheybəy kompleksini yenidən quraraq Odlar Yurdu Azərbaycanın müqəddəslər və müqəddəsliklər diyarı olduğunu sübuta yetirdi.

Bakını Çəmbərəkənddən seyr edənlər məhz Pirvənzərənin önündə nəfəs dərib, dua ediblər

O müdhiş illərdə Şura hökumətinin, bolşevik Rusiyasının əlaltılarının toxuna bilmədikləri bir məzar, ziyarətgah isə məhz möcüzələr sayəsində Çəmbərəkəndin yaxasında qorunub qaldı. Düz 70 il Dağüstü parka – Dostluq parkına istirahətə gələnlər, S.M.Kirovun abidəsinin önündə şəkil çəkdirib, Bakının möhtəşəm mənzərəsini Çəmbərəkəndin ən uca zirvəsindən seyr edənlər İçərişəhərdən üzü yuxarı qalxarkən məhz Pirvənzərənin önündə nəfəs dərib, dua edib.

Pirvənzərə qayasını müxtəlif dinlərdən olan insanlar ziyarət etsələr də, daha çox o, övlad həsrətində olan insanların ümid, inam yeri olub. Pirvənzərənin haqqında bir müqəddəs ziyarətgah, məkan kimi söz açan ilk Azərbaycan ziyalısı Hüseynqulu Sarabski olub. Onun “Köhnə Bakı” kitabında bu barədə deyilir: “Şəhərin kənarında, şimal-qərbində Pirvənzəri deyilən çapılmış dik bir daş vardır. Vaxtı ilə qadınlar cümə günləri xoş bahar havalarında buranı ziyarət və dua edərlər.”

Pirdən baxanda Xəzər dənizinə ehtişamlı bir mənzərə açılır

Bir çox mənbələrdə adı Pirvənzəri, bəzilərində isə Pirvənzərə olaraq qeyd olun müqəddəs ziyarət daşı bu gün də Pir kimi qəbul edilir. Daşın adının zəmanəmizə qədər gəlib çatan Vənzəri piri ilə bağlayanlar olsa da, onun ana dilimizə tərcüməsinin olmadığını qeyd edirlər. Vənzəri və ya Vənzərə sözünün izahı ilə bağlı terminoloji lüğətlərdə müxtəlif fikirlər səslənsə də, onun ən böyük yozumu olduğu məkanla şübhəsiz ki, bilavasitə bağlıdır. Çünki Pirdən baxanda Xəzər dənizinə ehtişamlı bir mənzərə açılır.

Bu cür dəfn üçün üzü dənizə tərəf olan yüksəkliklər seçilirdi

Pirvənzərə qayasının, qaya daşın içərisində məzarın mövcud olması isə onun daha əski inanclarla, daş dövrü düşüncələri ilə bağlı olduğunu təsdiqləyir. Məzarın İslamdan öncəki dövrə aid edilməsini təsdiq edən əsas amil isə onun quruluşudur. Çünki, İslam adət-ənənələri ilə dəfn olunan müsəlmanlar kəfənlənib torpağa verildiyi halda, Pirvənzərədəki məzar daşdan yonulmuşdur.

Tarixi mənbələrə istinad edərək onu da qeyd edə bilərik ki: “Bu cür dəfn üçün üzü dənizə tərəf olan yüksəkliklər seçilirdi.” Məzardakı daxili daşdan oyulan pəncərənin üzünün Xəzər dənizinə olması da, deyilənləri təsdiq edən amillərdəndir. Əldə olunan məlumatlar onu da sübut edir ki, zaman keçdikcə Pirvənzərənin ətrafında daha bir neçə məzar mövcud olub. Burada xristian, müsəlman və yəhudi qəbirləri yan-yana düzülüb ki, nəticədə böyük qəbiristanlıq əmələ gəlib.

Pirvənzərə Tanrıya əl açıb dua etdiyimiz ünvanlardan biridir

Mart soyqırımı zamanı şəhid olan günahsız insanların, şəhid türk əsgərlərinin, nüfuzlu şəxsiyyətlərin dəfn edilməsi ilə bir qədər də genişlənən Çəmbərəkənd qəbiristanlığı mənəvi terrora məruz qalıb dağıdıldıqdan sonra yerində Dağüstü park – Dostluq parkı salınıb, Radioinformasiya Baş İdarəsi – Teleradio Verilişləri Komitəsi, Moskva Mehmanxanası ( indi onun yerində Alov Qüllələri mövcuddur.) Azərbaycan Respublikasının Ali Soveti,  Müdafiə Nazirliyi, Fəxri Xiyaban və AMEA-ya məxsus bir neçə İnstitutunun binası ucaldılıb. 

Ötən əsrin 90-cı illərindən sonra Dostluq parkı – Şəhidlər Xiyabanına, Türk Şəhidliyinə, Türk məscidinin və Şəhidlərin şərəfinə ucaldılan məqbərə-kompleksin ünvanına çevrilib. Bu müqəddəslikləri ziyarətə gələnlərin, gedənlərin yolunun üstündə isə Çəmbərəkəndin daş dövrünə, islamdan öncəki yaddaş yerinə ayna tutan Pirvənzərə adlı inanc yeri dayanıb. İnsan Tanrının və onu dünyaya gətirənlərin sevgisi ilə doğulur, inancı ilə dünyadan köçür. Pirvənzərə Bibiheybət, Nardaran piri, Pirhəsən ziyarətgahı, Mirmövsüm Ağa müqəddəsliyi kimi ayaq saxlayıb, köç əyləyib, Tanrıya əl açıb dua etdiyimiz ünvanlardandır. Pirvənzərə həm də Çəmbərəkəndin Xəzərə açılan ümid, inam qapısı, pəncərəsidir. Dünya bir pəncərə olsa da, Bakının, alagözlü Xəzərin seyrinə dalanlar Çəmbərəkənddən, Dağüstü parkdan boylanıb baxanlar burada ayaq saxlayır, nəfəs dərib dua edir. Tanrı sevdiklərinə, seçdiklərinə xatir dualarımızı qəbul etsin…

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Ən son

GÜNDƏM

Yay mövsümünün başa çatması ilə turizm sektorunda diqqət tədricən payız-qış aylarına yönəlir.

GÜNDƏM

Yay mövsümünün başa çatması ilə turizm sektorunda diqqət tədricən payız-qış aylarına yönəlir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin