Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/03/2026

Paylaşın

TARİXİMİZ

Peyğəmbərlərin gülzarından əsintilər

IMG-20260303-WA0006

Ulu Tanrı məhz bu ayda niqabını qaldırdı, “Qurani-Kərim”i mələklərin qanadında yer üzünə endirib Peyğəmbər Əleyhissəlamın ruhundan cücərtdi. Adəmdən Xatəmə yol gələn dünyanı 124 min Peyğəmbərlə, 4 Səma kitabı ilə müjdələyən Ulu Tanrı qövmü ilə ayrı-ayrı Elçilərin dili ilə danışdı. Hər bir Peyğəmbər öz kəraməti, eyni zamanda müdrik kəlamları, hədisi-şəriflərə dönən dünyası ilə yerlə göy arasında körpüyə çevrildi. “Peyğəmbərlərin gülzarından əsintilər” bu duyğulardan cücərdi.

Nuh tufanından öncə gəminin taxtalarına yazılan 4 sirli ad

Nuh tufanından əvvəl Nuh peyğəmbərə bir gəmi inşa etməsi əmr olunduqda, Cəbrail əleyhissəlam ona hər taxtaya bir neçə peyğəmbərin adını yazmağı söylədi. Nuh peyğəmbər adları yazdı, lakin ertəsi gün hamısının silindiyini gördü. Üç dəfə təkrar yazdı, amma adlar yenidən silindi.

Nəhayət bu sirr Cəbraildən gələn bir vəhi ilə açıldı: Taxtaların birincisinə “mənim”, sonuncusuna isə “Habibim Məhəmməd” adını yaz ki, şeytan digər adları silə bilməsin.

Nuh peyğəmbər əmr olunduğu kimi edərək gəmini tamamladı. Lakin dörd taxta artıq qalmışdı. Bunu Cəbrail əleyhissəlamdan xəbər aldıqda, Vəhy mələyi sualı uca Allaha təqdim etdi, Tanrıdan nida gəldi: “O dörd taxtaya son Peyğəmbərimin dörd xəlifəsinin adını yaz. Gəmi o zaman tamam olacaq.”

Tanrının hikməti, Musa peyğəmbərin neməti

Həzrəti Musa bir gün Rəbbinə yalvarır: “Ey Rəbbim, mənə qullarına tətbiq etdiyin ədaləti göstər”.

Ulu Tanrı belə buyurur: “Ey Musa, sən səbr edə bilməzsən. Amma istədiyinə görə, filan yerdəki çeşmənin yanına get və onu görə biləcəyin bir yerə gizlən. Qüdrətimə və sirlərimə bax.”

Həzrəti Musa Tanrının dediyini edir və bir təpəcikdə gizlənib çeşməni izləməyə başlayır. Çox keçməmiş bir atlı gəlir. Atından düşüb, dəstəmaz alıb, suyunu içir. İçində min dinar olan kisəsini çıxarıb, yanına qoyur. Namazını qıldıqdan sonra tələsik atına minib gedir amma qızıl kisəsini orada unudur.

Bunun dalınca kiçik bir uşaq çeşməyə gəlir. Su içərkən qızıl kisəni görür, götürüb sevinclə uzaqlaşır. Uşaqdan sonra yaşlı və görmə məhdudiyyəti olan bir adam gəlir. Kisəsini unudan atlı geri dönür. Çeşmənin başında yaşlı adamdan başqa heç kəsi görməyincə dərhal onun yaxasına yapışıb: “Burada düşürdüyüm pul kisəmi ver, səndən başqa heç kim yox idi!” deyə qışqırır.

Yaşlı adam, “Mən görmə məhdudiyyətli bir qocayam, sənin kisəni necə görə bilərəm?” desə də, atlı inanmır. Hirslə qılıncını çəkir və yaşlı adamı orada öldürür. Üstünü axtarır, kisəni tapa bilməyincə atına minib gedir.

Bunlara dözə bilməyən Həzrəti Musa soruşur: “Ey Rəbbim, səbrim tükəndi. Bilirəm ki, Sən ən ədalətlisən. Bu gördüklərimin hikməti nədir?”

Elə həmin anda Cəbrail gəlir və deyir: “Ey Musa, Uca Allah buyurur ki, Mən bütün gizli olanları bilirəm. İndi dinlə! Kisəni götürən uşaq əslində haqqını aldı. Onun atası o atlının yanında çalışmış, amma min dinar alacağını almadan ölmüşdü. O pul uşağın haqqı idi.

Öldürülən yaşlı adam isə gəncliyində o atlının atasını öldürmüşdü. Atlı, atasının qatili öldürərək İlahi ədaləti yerinə qoydu. Gördüyün kimi, hər haqq sahibi nəhayət öz haqqına çatdı. Mənim ədalətim bu qədər gizli və incədir.

Bəzən başımıza gələn hadisələrin arxasındakı hikməti görə bilmirik, “nə üçün mən?” deyə soruşuruq. Amma unutmayın, heç bir şey təsadüf deyil. Uca Allahın ədalətinin təcəlli etmədiyi bir an belə yoxdur. Buna görə başımıza gələnlərə səbr və müdrikliklə yanaşmalıyıq.

Süleyman peyğəmbəri heyrətləndirən Quş

Bir gün yaralı bir quş Həzrəti Süleymanın yanına gələrək qanadını bir dərvişin qırdığını deyir. Həzrəti Süleyman dərvişi hüzuruna çağırtdırır və soruşur: “Bu quş səndən şikayətçidir. Niyə onun qanadını qırmısan?”
Dərviş özünü müdafiə edir: “Ya Peyğəmbər, mən bu quşu ovlamaq istədim. Əvvəl qaçmadı, yanına qədər getdim. Yenə qaçmadı. Mən də mənə təslim olacağını düşünərək üstünə atıldım. Tam tutacağım anda qaçmağa çalışdı. O anda qanadı qırıldı.”

Həzrəti Süleyman quşa sarı dönüb: “Bax, bu adam da haqlıdır. Sən niyə qaçmadın? O sənə gizlicə yaxınlaşmayıb. Sən öz haqqını müdafiə edə bilərdin. İndi isə qolum-qanadım qırılıb deyə şikayət edirsən.”

Quşun özünü müdafiə etməsi Həzrəti Süleymanı təəccübləndirir. “Ya Peyğəmbər, mən onu dərviş libasında gördüyüm üçün qaçmadım. Ovçu olsaydı dərhal qaçardım. Dərviş olan birindən mənə zərər gəlməz, bunlar Allahdan qorxarlar deyə düşündüm və qaçmadım.”

Həzrəti Süleyman bu müdafiəni doğru sayır və qisasın yerinə yetirilməsini istəyir. “Quş haqlıdır, dərvişin qolunu dərhal sındırın.” deyə əmr edir.

Lakin bu əmrə quş etiraz edir: “Ya Peyğəmbər, əl saxlayın, belə bir şey etdirməyin.” deyərək irəli atılır.

Həzrəti Süleyman “Nə üçün?” deyə soruşur.

Quş səbəbini belə izah edir: “Ya Peyğəmbər, dərvişin qolunu qırsanız, qolu sağalandan sonra yenə eyni şeyi edər. Siz ən yaxşısı onun üzərindəki dərviş libasını çıxarın. Çıxarın ki, mənim kimi quşlar bundan sonra libasına baxıb aldanmasın.”

Cənnətdə bir xurma ağacı

Bir gün Peyğəmbər Əleyhissəlam, Həzrəti Əbu Hüreyrəni ağac əkərkən görüb soruşur:
“Əbu Hüreyrə, nə əkirsən?”

O, cavab verir:
“Özüm üçün bir fidan əkirəm.”

Bunu eşidən Peyğəmbərimiz deyir:
“Sənə bundan daha xeyirli bir fidandan xəbər verim?”

Əbu Hüreyrə: “Bəli, ya Rəsulallah,” deyərək nə buyuracağını gözləyir.

Peyğəmbərimiz buyurur:
“Sübhanallahi velhamdülillahi və la ilahe illallahu vallahu ekber” de.
Bu sözlərin hər birinə qarşılıq cənnətdə sənə bir xurma fidanı əkiləcək.”

Allahın salam göndərdiyi qadın

Həzrəti Xədicə Hira yoxuşunu qalxarkən dağın zirvəsində Tanrının Mələkləri vardı. Rəsulun incisi Xədicə, Peyğəmbər Əleyhissəlama böyük bir eşqlə yoxuşu qalxırdı. Bu məqamda Cəbrail əleyhissəlam Peyğəmbərə səslənir: “Ya Rəsulallah,” deyir, “Bax, uzaqda görünən Xədicədir. Sənin yanına gəlir. Yanında bir qab və içində yemək var.”

Peyğəmbər Əleyhissəlam o tərəfə sevgi ilə baxır. Cəbrail əleyhissəlam davam edir: “Həzrəti Xədicə yanına gəldiyi zaman Rəbbindən və məndən ona salam söylə. Onu cənnətdə incidən oyulmuş, tək parça bir sarayla müjdələ.”

Rəsulullah bu müjdəni tez çatdırmaq üçün qalxır, sıldırım zirvənin ətəklərinə enir. Həzrəti Xədicə mübarək üzlüsünü görüncə ehtiram içində titrəyir: “Ya Rəsulallah, niyə buralara qədər zəhmət etdiniz?”

Rəsulallah, “Səlamun aleykum, ey can günəşim.” deyir. Həzrəti Xədicə, “Əleyküm salam və rahmətullahi və bərəkətühü.” deyərək aləmlərin Sultanının salamını vüqarlı bir duruşla alır.

Növbə müjdəyə çatır. Cəbrail əleyhissəlamın cənnət müjdəsi yer üzündə neçə qadına nəsib olardı? Salam uca məqamdan idi. Ucaların Ucası olan Rəbbindən salam alan qadın həya içində ikiqat olur. Utanır. Sevinc, biyyət və heyrət içində nə edəcəyini bilmir.

Təbəssüsmlə cavab verir. Dərin elmi ilə o anlamışdı ki, Allahın salamına salamla qarşılıq verilməz. Sahib olduğu fəzilətlər xəzinəsindən incilər toplayaraq Vəhyin sultanına təqdim edir: “Salam Odur, ya Rəsulallah.” deyir və davam edir: “Salam Ondandır. Allahın rəhməti və bərəkəti sənin üzərinə olsun. Şeytan istisna olmaqla, salamı eşidən hər kəsə salam olsun. Və salam Cəbrail əleyhissəlamın üzərinə olsun.”

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

– Bakıya arzunuz? – İçərişəhərdən muğayat olsun...

Ən son

GÜNDƏM

Bu gün Bakının Sabunçu rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

GÜNDƏM

Bu gün Bakının Sabunçu rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin