Azərbaycan Maliyyə Nazirliyi 2026-cı il üçün dövlət büdcəsinin ilkin göstəricilərini açıqlayıb.
Baki-baku.az-ın məlumatına görə, gələn ilin büdcə gəlirləri 38,4 milyard manat, xərcləri isə 41,5 milyard manat səviyyəsində proqnozlaşdırılır.
Bu rəqəmlər ölkənin sosial-iqtisadi inkişaf strategiyasının əsas konturlarını müəyyən etməklə yanaşı, həm də qarşıdakı ildə hansı sahələrin prioritet olacağını göstərir. Dövlət büdcəsi təkcə dövlət qurumlarının fəaliyyətinin maliyyələşdirilməsi deyil, həm də əhalinin rifahı, sosial müdafiə tədbirləri və iqtisadi dayanıqlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Millət vəkili Vüqar Bayramov mövzu ilə bağlı açıqlamasında bildirib ki, sosial-iqtisadi sahədəki artım 1,1 milyon insana təsir edəcək: “Mövcud qanunvericiliyə əsasən 2026-cı ilin yanvarından etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılacaq. Bu 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək. Bu xərclər büdcədə nəzərə alınacaq. Digər istiqamətlər üzrə mənzərə isə detal büdcə göstəriciləri ilə bağlı məlumatlar təqdim olunduqdan sonra aydın olacaq.”
Qeyd edək ki, bu prosesin əhali üçün bir sıra müsbət təsirləri gözlənilir. İlk növbədə, pensiyaların indeksləşdirilməsi inflyasiya fonunda vətəndaşların real gəlirlərinin qorunmasına, xüsusilə də yaşlı nəsil üçün sosial təminatın gücləndirilməsinə xidmət edəcək.
Əmək pensiyalarının artırılması 1 milyondan artıq insanın gündəlik həyat keyfiyyətinə birbaşa təsir göstərəcək, onların alıcılıq qabiliyyətini yüksəldəcək. Bu isə öz növbəsində daxili bazarda tələbin artmasına, iqtisadi aktivliyin genişlənməsinə səbəb olacaq.
Digər tərəfdən, sosial rifah tədbirlərinə ayrılan vəsaitlərin çoxalması dövlətin vətəndaşlara sosial dəstəyini bir daha nümayiş etdirir. Beləliklə, 2026-cı ilin büdcəsi təkcə iqtisadi deyil, həm də sosial yönümlü bir sənəd kimi əhalinin rifahına xidmət edəcək mühüm alət rolunu oynayacaq.