Bu ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktiki konfranslar keçirilib. Bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri barədə öz elmi məqalələri ilə çıxış ediblər. Yekun konfransda rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınıb.
Baki-baku.az xəbər verir ki, bu gün artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qalib elan edilən mövzulardan ibarət “Heydər Əliyev və Azərbaycan tarixi” adlı növbəti kitab işıq üzü görüb.
Bakı Şəhər İcra Hakimiyyətində aparatın məsul işçilərinin, qalib seçilmiş məktəblilərin, onların elmi rəhbərlərinin, bir sıra məktəblərin rəhbərlərinin, KİV nümayəndələrinin iştirakı və şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən təqdimat mərasiminin əvvəlində Ulu Öndər Heydər Əiyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin əvvəlində şagirdlər tariximizin müxtəlif dövrlərində mühüm rol oynamış böyük tarixi şəxsiyyətlərin obrazlarını canlandırıblar.
Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçı Eldar Əzizov bildirib ki, min illik tarixi ərzində Azərbaycan ilk dəfədir ki, cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə planetin ictimai-siyasi sistemində nüfuzlu oyunçu kimi çıxış edir, mədəni-idman həyatında artıq qəbul edilən əhəmiyyətli mərkəzə çevrilib. Butün əldə edilən bu uğurların əsasında da dahi insanın, İlham Əliyevin şəxsiyyət faktoru dayanır.
Məhz Bakı şəhərinin dünən 2026-ci ilin “Dünya İdman Paytaxtı” elan olunması buna əyani sübutdur. Bütün bu uğurların gənc nəslə təbliği mühüm əhəmiyyət kəsb edir.
Konfransda Səbail rayonu, 329 nömrəli tam orta məktəbin direktoru Elnur Mirzəyev, Nəsimi rayonu, 111 nömrəli tam orta məktəbin tarix müəllimi Natəvan Məmmədova, Səbail rayonu 132-134 nömrəli Təhsil Kompleksinin 10-cu sinif şagirdi Nurlanə Həsənli və başqaları çıxış edərək məktəblilərin, müəllimlərin bu layihəyə böyük maraq göstərdiklərini və həvəslə iştirak etdiklərini bildirdilər.
Qeyd olunub ki, konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu, Vətən müharibəsində qazanılan Şanlı Qələbə barədə öz elmi məqalələri ilə çıxış edib, son nəticədə isə belə bir kitab işıq üzü görüb.
Ümumilikdə isə Bakı şəhərinin 300-dən artıq orta məktəbini əhatə etməklə 3000-dən çox şagirdin iştirak etdiyi rayon konfranslarında qalib olan 80 şagirdin referatları Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan yeni kitaba daxil edilib.
Tədbirin sonunda qalib şagirdlərə sertifikatlar və referatları çap edilən kitablar, həmçinin onların elmi rəhbəri olan müəllilərə də kitablar təqdim olunub.
Ənənəvi xarakterli bu müsabiqənin növbəti illərdə də keçirilməsi nəzərdə tutulub.