PAŞA Kapital İnvestisiya Şirkəti Azərbaycanın kapital bazarları tarixində növbəti bir ilkə imza ataraq, dövlətin kredit zəmanəti mexanizmi əsasında korporativ istiqrazların yerləşdirilməsini uğurla tamamlayıb.
Şirkətdən Baki-baku.az-a bildirilib ki, “AZƏRMAŞ GROUP” MMC-nin 10 milyon manatlıq korporativ istiqrazları İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti əsasında “PAŞA Kapital”ın anderrayterliyi ilə 15 oktyabr 2026-cı il tarixində Bakı Fond Birjasında (BFB) keçirilən rəqabətli hərracda tam həcmdə yerləşdirilib.
İnvestorların fəal iştirakı ilə baş tutan yerləşdirməyə 66 fiziki və 5 hüquqi şəxs olmaqla, ümumilikdə 71 investor qoşulub. İstiqraz emissiyasının 100 % reallaşdırılması “PAŞA Kapital”ın kapital bazarında uğurlu anderraytinq fəaliyyətinin daha bir göstəricisi olub.
İnvestorların sayı və yerləşdirdikləri sifarişlər üzrə həcm bölgü aşağıdakı kimi formalaşıb:
Fiziki şəxslər: 66 investor, 4 233 000 AZN (42,33%) sifariş həcmi;
Hüquqi şəxslər: 5 investor, 5 767 000 AZN (57,67%) sifariş həcmi.
Hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd istiqraz illik 13% kupon gəliri və 3 illik tədavül müddəti ilə investorlara təqdim edilib. İstiqrazlar üzrə faiz ödənişləri ilk yerləşdirmə tarixindən etibarən hər 3 aydan bir həyata keçiriləcək.