Nəşr edilmişdir 01/23/2025

Paylaşın

GÜNDƏM, MEMARLIQ, TARİX

Parapetin Fəvvarələr meydanına çevrilməsi – Bakı tarixinin səhifələrindən

cfd8b9e8-2741-4973-9a8e-35ce1962b0ce

Bakının ən gözəl və görməli olan yerlərindən biri, özündə həm keçmişi, həm də müasirliyi birləşdirən, ən çox yerli sakinlərin gəzişdiyi, ən çox da turistlərin görmək istədiyi məkanlardan biri, əlbəttə ki, Fəvvarələr meydanıdır. Meydan Səbail rayonunun ərazisindəki Nigar Rəfibəyli küçəsinin Əhməd Cavad küçəsi ilə kəsişdiyi yerdə yerləşir. Hazırda olduqca müasir olsa da, onun çox maraqlı bir tarixi var.

Bundan başlayaq ki, meydanın ilk adı Parapet olub. İndi də bəzən köhnə nəsil bakılılar meydanı elə adlandırırlar. Meydanın salınması 1864-cü il Bakı planına uyğun olaraq,  memar Qasım bəy Hacıbababəyovun 1868-ci ildə verdiyi layihəyə əsasən, məşqlər, yürüşlər və parad üçün məkan hazırlanması ilə bağlıdır. Qeyd edək ki, Parapet adından əlavə, bura Kolyubakin meydanı da adlanırdı. Çünki meydanın salınmasının təşəbbüskarı Bakı qubernatoru M.Kolyubakin olmuşdu və buna görə də onun şərəfinə belə deyilirdi. Beləliklə, meydanın iki adı vardı. “Parapet” sözünün mənası da, bildiyimiz kimi, “hasar” deməkdir. Meydanın ətrafı hasara alınmışdı, ola bilər ki, “Parapet” adı da elə buradan qalmışdı. Bu, 1920-ci ildə Nəriman Nərimanov meydanının adını dəyişdirib Karl Marks meydanı qoyana qədər davam etdi. Uzun müddət bu ərazi hərbi paradlar və dini yürüşlər üçün əsas meydan sayılır, böyük bayramlarda burada təntənəli tədbirlər keçirilirdi.

Meydan ətrafındakı tikililər əsasən Qasım bəy Hacıbababəyovun layihəsi ilə tikilib. Həmin dövrdə ərazidə ikimərtəbəli karvansaralar, yaşayış binaları, “Grand Hotel” və “Metropol” mehmanxanaları onun layihələri əsasında ərsəyə gəlib. Lakin bunlar da ümumi görünüş üçün azlıq edirdi. Və ümumiyyətlə, bu meydan bir çox şəxslərin diqqətində idi. Burada Xalq Teatrı tikmək istəyənlər çox olmuşdu. Lakin bu məqsədlə Dumadan icazə istəyənlərə imtina cavabı verilmişdi. Bakıda Aleksandr Nevski pravoslav kilsəsi tikilməsi nəzərdə tutulanda onun üçün yer bura təklif olunsa da, kiçik olduğuna görə qəbul edilməyib və sonradan – 1863-1869-cu illərdə burada Karl Hippiusun layihəsi əsasında Müqəddəs Qriqori kilsəsi inşa edilib.

Bütün bunlara baxmayaraq, meydanın, o dövrün arxivlərinə əsaslansaq, cansıxıcı görünüşü vardı. Bunu aradan qaldırmaq üçün iş şəhər memarı A.S.Kandinova tapşırılır və 1891-ci ildə o öz layihəsini təqdim edir. 1894-cü ildə isə burada Rusiya imperatoru  II Aleksandrın abidəsinin ucaldılması məsələsi gündəmə gəlsə də, Oktyabr inqilabından sonra bu, tamamən unuduldu. Lakin burada yaşıllıq salınmasına nail olundu. 1914-1918-ci illərdə Şollar suyunun  çəkilməsi də bu işə dəstək oldu.  Meydanın yenidənqurma işlərinə isə əsaslı şəkildə artıq 1950-ci illərdə başlanıldı və bura yaşıllıqla zəngin rahat bir parka çevrilməyə başladı. Tramvay yolu isə ləğv edildi. Meydan inkişaf etməyə, burada yeni binalar, restoran və iaşə obyektləri tikildi. O dövr üçün ən böyük yenidənqurmanı isə meydan 1984-cü ildə gördü. Memar R.Seyfullayevin rəhbərliyi altında ərazi əhəmiyyətli dərəcədə şəklini dəyişdi. Yerə qırmızımtıl rəngli daş pilətələr düzüldü, yaşıllıq sahələri genişləndirildi. Və ən əsası bura fəvvarələrin meydanına çevrildi. Bundan sonra ərazi Fəvvarələr meydanı adlanmağa başladı.

Fəvvarələr meydanı salınandan sonra ilk dəfə geniş miqyasda abadlıq və yenidənqurma işləri 2010-cu ildə aparıldı. Yüksək keyfiyyətlə aparılmış yenidənqurma prosesində Bakının tarixi, onun keçmişi ilə sıx bağlı olan bu ərazinin bədii tərtibatına xüsusi diqqət yetirildi. Qeyd edək ki, işlər zamanı ümumi struktur saxlanılaraq yeni planlaşdırma işləri aparıldı.  Burada modern üslubda yeni fəvvarələr tikildi. Meydanı əhatə edən tarixi memarlıq tikililəri olan binalarda da bərpa işləri ərazinin ümumi memarlıq ansamblına uyğunlaşdırıldı. Binalardakı eyvanların hamısı yeniləndi, fasadlarda müasir işıqlandırma sistemi quraşdırıldı.

Bu gün Fəvvarələr meydanı Bakının ən sevimli istirahət məkanlarından biri və bəlkə də birincisidir. Gənclər, yaşlı nəsil, orta nəsil – hər kəs üçün meydanda maraqlı nə isə mütləq tapılır. Burada sanki bir ansanbl şəklində muzey, kitabxana, restoranlar, mağazalar – istirahət və alış-veriş üçün hər şey var. Bütün bunlardan başqa, küçə musiqiçilərinin ecazkar ifası işıqlı Bakı gecələrini burada daha da rəngləndirir. Pinəçi, açarçı, saatsaz köşklərinin olması da sanki müasir butiklərlə bir qəribə harmoniya yaradır. Saatından asılı olmayaraq Fəvvarələr meydanı daim insanlarla doludur. Və əlbəttə ki, sevgililərin görüşdüyü dəyişməz ünvan da Fəvvarələr meydanıdır. Ötən neçə-neçə nəsillərin sevgili cütlükləri burada yaşadığı hissləri, çəkdirdiyi fotoları övladlarına, nəvələrinə göstərmək üçün yadigar saxlayırlar.

Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi yanvarın 9-da Yasamal

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Avropa Yenidənqurma və

GÜNDƏM, MEMARLIQ, TARİX

Bakının ən gözəl və görməli olan yerlərindən biri, özündə həm keçmişi, həm də müasirliyi birləşdirən,

GÜNDƏM

Ötən yazımızda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan məhəllələrin Bakının bir sıra ərazilərində acınacaqlı vəziyyətdə olması