Nəşr edilmişdir 05/14/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Özünü yandırmaq istədi, ömürləri yandırdı – Hökümə Qurbanova

IMG-20250514-WA0019

1913-cü il yayının bir günü Bakıdakı tacir evlərindən birində bir qız uşağı doğuldu. Adını Hökümə qoydular – bu ad elə bil onun taleyinə yazılmışdı. Hökümə Qurbanova nəinki Azərbaycan səhnəsinin, bir epoxanın ruhunun simasına çevrildi. Onun hekayəsi sadəcə bir sənətkarın deyil, həm də böyük və güclü bir qadının qeyri-adi ruh hekayəsidir.

Çöküşlə başlanan yüksəliş

Atası Abbasəli Qurbanov tanınmış tacir idi. Anası isə bəstəkar Müslim Maqomayevin bacısı – Məlikət xanım. Amma bolşeviklər gələndə bu ailənin səssiz, sakit həyatı bir anda alt-üst oldu. Hökümənin atası xanımı üçün tikdirdiyi ikimərtəbəli mülkü hökumətə təhvil verməyə məcbur edildi. Elə həmin hadisədən sonra ata dünyasını dəyişdi – ürəyi dözmədi.
Hökümə hələ yeniyetmə yaşlarında oğlan paltarı geyinib baqqal dükanına çuval daşıyırdı. Zəhmət haqqı kimi bir ovuc un alırdı. O unun da bir gün yağışda palçığa tökülməsi, onun qırılan uşaq qüruru, göz yaşları – bütün bunlar ömrü boyu içində bir iz buraxdı. Baqqal göz yaşı işində olan Höküməyə əlavə bir ovuc unu qıymadı. Amma həmin un hekayəsinin davamı daha da maraqlıdır: illər sonra səhnənin ulduzu olmuş Hökümə o baqqalı parkda dilənərkən görəcək, ona çörək alıb səssizcə qarşısına qoyub gedəcəkdi…

Səhnənin qapısı bir fotodan açılır

Hökümə xanımın gənclik fotosu təsadüfən Cəfər Cabbarlının gözünə dəyir. Onu axtarıb tapır və 1933-cü ildə “Almaz” filmində Yaxşı roluna dəvət edir. Kamera qarşısında hələ yeni olan bu gənc qızın duruşunda bir liriklik, bir səssiz qürur var idi – onu digərlərindən fərqləndirən də bu idi. Film ekranlara yazıçının ölümündən sonra çıxsa da, Hökümə artıq yolunu tapmışdı.

Dəmir intizam, mərmər səbir

1938-ci ildən etibarən Akademik Milli Dram Teatrının əsas simasına çevrildi. Səhnədə bəzən dəqiqələrlə hərəkətsiz durardı – elə bil mərmər heykələ çevrilmişdi. Onun səsi isə təkcə qulağa deyil, ürəyə toxunurdu. Oynadığı Hermiona (Şekspir – “Qış nağılı”), Xuraman (“Vaqif”), Xumar (“Şeyx Sənan”), Süsən (“Namus”) kimi obrazlar bu gün də teatr tariximizin zirvələrindədir.

Sevgi, qürur və ağrı…

İlk sevgisi Ələsgər Ələkbərov idi. Aktyor Höküməni görəndən ona vurulur. Elçi düşür, amma qızın anası etiraz edir. Amma Hökümə razılıq alınmayacağını anlayanda otaqda hönkürür: “Əgər məni Ələsgərə verməsəniz, kerosini üstünə töküb özümü yandıracağam…” Dəhşətli ultimatumdan sonra nikah baş tutur. Qızları Nailə doğulur. Amma qısqanclıq bu evliliyi sona çatdırır. Ayrılırlar. Deyilənlərə görə, bu ayrılığın səbəbi isə məşhur kino və teatr rejissoru Ədil İsgəndərov olub. Onların aralarında sevgi qığılcımlarını hiss edən Ələsgər Ələkbərov Hökümədən boşanır. Aralarında böyük inciklik yaranır, uzun illər danışmırlar. İllər keçir. Teatrda bir tamaşa zamanı Ələsgər Höküməni səhnədə buz heykəl kimi görür. Tamaşadan sonra ona yaxınlaşır və deyir: “Sənətkarlığın qarşısında baş əyirəm.” Barışırlar. Amma bu sevgi artıq başqa mərhələyə keçmişdi – məhəbbətdən ehtirama.

İkinci evlilik, üçüncü sevgi…

Bir müddət sonra aktrisa teatr rəssamı Nüsrət Fətullayevlə ailə həyatı qurur və bu evlilikdən onların Vəfa adlı qızları dünyaya gəlir. Vəfa Fətullayeva sonradan Azərbaycan teatrının maraqlı və yaddaqalan aktrisalardan birinə çevrilir. Amma ikinci evliliyinin ömrü də uzun sürmür. İkinci dəfə boşanan aktrisa bu dəfə özündən 17 yaş kiçik olan aktyor, “Bir qalanın sirri” filmində Elşən obrazı ilə yadda qalan Gündüz Abbasovla böyük bir məhəbbət yaşayır. Gündüz Abbasovdan ayrılan Ofeliya Məmmədzadə isə Hökümə Qurbanovanın ikinci həyat yoldaşı Nüsrət Fətullayevlə ailə qurur.

Qəlbi daşıyan sandıqçalar və qızıl hekayəsi

Hökümə Qurbanovanın qızıla çox böyük tutqunluğu olub. Hara gedirdisə, qızıl sandıqçasını da özü ilə aparardı. Bir dəfə Moskvada qızı Vəfa ilə alış-veriş zamanı həmin sandıqçanı mağazada unudurlar. Vəfa bu hadisədən sarsılır. Deyilənə görə, bu sarsıntı onun ağır xəstəliyinin başlanğıcı olur…

Ana hökmü və qızın taleyi

Vəfa Fətullayeva da anası kimi səhnəni sevirdi. Amma həyat yoldaşı onun aktrisa olmasını istəmirdi. Hökümə xanım bu evliliyə son qoyur. Vəfanın hamilə olmasında baxmayaraq, uşağın dünyaya gəlməsinə imkan vermir. Qızının ikinci sevgisi aktyor Fuad Poladov olur. Ancaq bu dəfə də münasibətə ana “yox” deyir. Deyilənlərə görə, Vəfa Fuaddan ayrıldığı üçün böyük xiffət çəkirmiş.

Xəstəlik, ölüm, müəmma…

1987-ci ildə Hökümə xanım qızını – can parçasını – ağır qan xəstəliyindən itirir. Cəmi bir il sonra, özü də ömrünü başa vurur. Fəxri Xiyabanda, Vəfasının yanında dəfn olunur. Amma axı onun Ələsgər bəydən Nailə adlı qızı da var idi. Onun da taleyi yaxşı gətirməyib. Əvvəl anasının, sonra isə atasının himayəsində olan Nailə, həmin dövrün şahidlərinin xatirəsində müəmmalı ölümü ilə yadda qalıb. 21 yaşlı qız zəhərlənib. Bununla da bağlı xeyli söz-söhbət gəzib ki, guya atası onun əxlaqsız bir həyat sürdüyünü bilincə, onu bu üsulla öldürmək qərarına gəlib. Digər mənbədəki məlumata görə isə, həmin xanım 62 yaşına kimi yaşayıb. Bunlar sadəcə olaraq, fərziyyələrdir. Reallıqda nəyin necə olduğunu biz artıq, təəssüf ki, bilmirik.

Son söz

Hökümə Qurbanova – səhnədə bir mələk kimi işıq saçan, həyatda isə hökmü ilə tanınan bir qadın. Onun səsi təkcə teatr salonlarında deyil, bu millətin yaddaşında da əks-səda verdi. O, bir qadının nələrə qadir olduğunu sübut etdi – ağrıları ilə, məhəbbətləri ilə, vəfası ilə.

Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Prezidenti İlham Əliyev paraqvaylı həmkarı Santyaqo Penyaya təbrik məktubu göndərib.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

1913-cü il yayının bir günü Bakıdakı tacir evlərindən birində bir qız uşağı doğuldu.

TARIXI ŞƏXSİYYƏTLƏR

1913-cü il yayının bir günü Bakıdakı tacir evlərindən birində bir qız uşağı doğuldu.