Müasir həyatın sürətli tempi, davamlı dəyişən şərait və qarşıya qoyulan tələblər insan psixologiyasına ciddi təsir edir. Bu təsirlərdən biri də getdikcə daha çox insanda müşahidə olunan bir hal – “overthinking”, yəni həddindən artıq düşünməkdir. Sanki hər məsələni dərin-dərin analiz etməli, hər ehtimalı nəzərə almalıyıq. Amma bu düşüncə vərdişi bir müddət sonra insanı həm zehni, həm də emosional baxımdan tükəndirə bilir. Bəs çox düşünmək niyə bizi bu qədər yorur?
Beynin davamlı aktiv olması
Beynimiz, fiziki bir əzələ kimi, daim işlədikdə yorulur. “Overthinking” zamanı beynimiz sanki heç dayanmadan çalışır. Bir qərar üzərində uzun-uzadı düşünmək, “bunu etsəm nə olar?”, “etməsəm nə baş verər?” kimi suallarla özümüzü yükləyirik. Bu isə mental enerjinin tükənməsinə səbəb olur. Bir müddət sonra diqqət toplamaq, məhsuldar işləmək və ya sadəcə rahatlaşmaq mümkün olmur.
Emosional yük: Qorxu və narahatlıq
Çox düşünmək adətən qorxu, narahatlıq və qərarsızlıq kimi emosiyalardan qaynaqlanır. İnsan beyni qeyri-müəyyənliyə dözümsüzdür və riskləri önləmək üçün ehtimalları araşdırmağa çalışır. Amma bu araşdırma bəzən sonsuz bir dövrəyə çevrilir. Biz “bəlkə”lərin içində itirik və real həyatdan uzaqlaşırıq. Nəticədə emosional olaraq yorğun, stresli və gərgin hiss edirik.
Gecikən qərarlar və tərəddüd hissi
“Overthinking” çox zaman qərar qəbul etmə prosesini ləngidir. Bir məsələ üzərində uzun müddət düşündükcə, qərar vermək daha da çətinləşir. Bu tərəddüd hissi isə insanın özünə inamını azaldır. “Doğru olan nədir?” sualına cavab tapmağa çalışdıqca, özümüzdən və bacarıqlarımızdan şübhə etməyə başlayırıq. Bu da həm psixoloji yorğunluğa, həm də özünəinamın azalmasına gətirib çıxarır.
Keçmiş və gələcək arasında qalmaq
“Overthinking” çox zaman ya keçmişdə baş vermiş hadisələrə, ya da gələcəkdə ola biləcək hadisələrə fokuslanmaqdan ibarətdir. Halbuki insan zehni bu iki zaman aralığında qalanda indi və burada olma qabiliyyətini itirir. “Kaş belə etməzdim”, “əgər belə olsa nə edəcəyəm?” kimi düşüncələr bizə nə keçmişi düzəltmək, nə də gələcəyi dəyişmək imkanı verir. Sadəcə bu düşüncələr arasında itərək indiki anın verdiyi rahatlıqdan məhrum oluruq.
Yuxu pozuntuları və fiziki yorğunluq
Həddindən artıq düşünmək yalnız zehni deyil, bədəni də təsir altına alır. Çox düşünən insanlar tez-tez yuxu problemləri yaşayır. Beyin yatmazdan əvvəl belə çalışdığı üçün rahatlaşmaq çətinləşir, yuxu keyfiyyəti azalır. Bu da fiziki yorğunluq, baş ağrısı, əzginlik və ümumi enerji çatışmazlığına səbəb olur.
“Overthinking”lə necə mübarizə aparmaq olar?
Fikirləri yazıya tökün: Düşüncələrinizi kağıza yazmaq beyninizdəki yükü azaltmağa kömək edə bilər.
“Yetər” deməyi öyrənin: Hər detalı bilmək və nəzarət etmək mümkün deyil. Bəzən ən yaxşı yol, təslim olmaqdır.
İndiki anı yaşayın: Meditasiya və nəfəs məşqləri bu baxımdan çox faydalı ola bilər.
Perfeksionizmdən uzaq durun: Hər şeyin ideal olması vacib deyil. Yetərincə yaxşı olan kifayətdir.
Bir dostla bölüşün: Bəzən sadəcə danışmaq belə rahatlamağa kifayətdir.
Düşünməkdən boğulmayaq
Çox düşünmək – yəni “overthinking”– ilk baxışda ağıllı və diqqətli olmağın əlaməti kimi görünə bilər. Lakin bu hal nəzarətdən çıxdıqda, insanın gündəlik həyat keyfiyyətini aşağı salır və davamlı bir yorğunluğa səbəb olur. Əsas məsələ, beynimizi necə və nə qədər istifadə etdiyimizi şüurlu şəkildə dərk etməkdir. Düşünmək yaxşıdır, amma düşüncənin içində boğulmaq yox.
Xanım Aydın