Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/08/2026

Paylaşın

TARİX

Otluqbeli: İki böyük Türk hökmdarını üz-üzə gətirən tarixi savaş

Otluqbeli

Otluqbeli müharibəsində qələbə qazanan Osmanlı İmperiyası olsa da, karlı tərəf Venesiya krallığı başda olmaqla Avropa dövlətləri oldu

Qüdrəti, əzəməti, döyüş taktikası ilə  hərb tariximizə adı qızıl hərflərlə həkk olunan Fateh Sultan Mehmetlə Ağqoyunlu hökmdarı Uzun Həsənin üz-üzə gəlməsi milli dövlətçilik tariximizin kədər dolu səhifələrindəndir.  İki Sərkərdə-xaqanın üz-üzə gəldiyi gün Roma papası, Venesiya kardinalları, Avropa kralları kilsələrdə şadyanalıq şamları yandırırdılar.  Fateh Mehmetin və Ağqoyunlu hökmdarının Avropadakı fətih dastanlarını önləyən Otluqbeli savaşı onları illərlə geri salmaqla yanaşı, Uzun Həsənin tarixi səfərlərinə bir dəfəlik son qoydu.

Ağqoyunlu hökmdarı Uzun Həsən Osmanlı ordusunun hərbi gücünə, onların odlu silahlardan istifadə məharətinə bələd idi. Ona görə də o, bir qədər gözləyib vaxt qazanır ki, Osmanlılarla döyüşə hazırlaşa bilsin.  Əldə olunan məlumatlardan bəlli olur ki, Ağqoyunlular bu müharibə üçün yalnız İraqdan 37 min əsgər səfərbər edir. Müxtəlif vilayətlərdən toplanan əsgərlər İrəvan şəhərinin yaxınlığında cəmlənir. Ağqoyunlu ordusunun 40 min zirehli və mizraqlı piyada əsgəri, 30 min süvarisi var idi. Orduya əhali tərəfindən qatılanlarla birlikdə Ağqoyunlu ordusunun sayı yüz mindən çox idi. Lakin Ağqoyunlu ordusunda çatışmayan bir  cəhət vardı – Odlu silah!

Uzun Həsən ordusunu odlu silahla təmin etmək üçün Qərb dövlətləri və Venesiya krallığı ilə ittifaqa girmişdi

Qüdrətini artırmaq, Osmanlı ordusuna qalib gəlmək, ordusunu odlu silahla təmin etmək üçün Ağqoyunlu hökmdarı  Qərb dövlətləri ilə, xüsusilə də Venesiya krallığı ilə ittifaqa girmişdi. Buna görə də Uzun Həsən 1472-ci il mayın 30 -da səfir Hacı Məhəmmədi  bəyi Təbrizdən Venesiyaya göndərmişdi. Venesiya kralı ilə danışıqlar uğurlu keçmişdi. Belə ki, Osmanlı İmperiyasının güclənməsini istəməyən venesiyalılar, Ağqoyunlu ordusunu odlu silahlarla təmin etməyi öz öhdələrinə götürmüşdülər. Ağqoyunlularla Venesiya Krallığı arasında əldə olunan razılaşmaya görə, Venesiya gəmiləri Aralıq dənizinin sahilinə odlu silahlar və onun istifadəsinin təlimini bilən mütəxəssislər göndərəcəkdi. Bununla da Ağqoyunlular müttəfiqi olan Venesiya Krallığının Anadoluya gətirdiyi top və tüfəngləri əldə edəcəkdilər. Danışıqlara əsasən Uzun Həsən Anadolunu fəth etməli, Osmanlı sultanının Qara dənizə çıxışının qarşısını almalı idi. İkinci mərhələdə isə Uzun Həsən öz ordusu ilə boğazdan keçib Venesiya donanmasının dəstəyi ilə İstanbulu fəth etməli idi. Amma bütün bunların baş verməsi üçün Ağqoyunlu ordusu ilk növbədə odlu silahlar əldə etməli idi.

Avropa saraylarını Osmanlıya qarşı birləşdirən savaş

Odlu silahların dəniz yolu ilə gətirilməsini təmin etmək məqsədilə venesiyalılar Anadoludakı əksər Osmanlı limanlarına basqın etmək qərarına gəldilər. Admiral Pietro Mocenigonun rəhbərliyi altında müttəfiq qoşunları eyni vaxtda Anadolu limanlarına donanma göndərdi. Bu donanma 70 Venesiya, 16 Neapol, 22 Rodos, 16 Papa və 5 Kipr gəmisindən ibarət idi. Venesiyadan 50 top və 5000 tüfənglə yüklənən iki böyük gəmi polkovnik Tomassonun komandanlığındakı 5 zabitlə birlikdə Mersin istiqamətində yola salınmışdı. Həmin zabitlər Ağqoyunlu döyüşçülərinə odlu silahlarla davranmaq təlimləri keçməli idi. Söz verilən silahlar Mersinə vaxtında çatdırılsa da, Osmanlı kəşfiyyatı məsələdən xəbər tutur və nəticədə II Mehmetin qüvvələri odlu silahların ünvanına yetişməsinə mane olurlar. Bununla da, Ağqoyunlu hökmdarı Uzun Həsən odlu silahsız qalır, buna baxmayaraq, o, Osmanlılara qarşı döyüş hazırlıqlarını davam etdirir.

Bu ərəfədə  Fateh Mehmet də  müharibə planlarını  və hərbi taktikasını təkmilləşdirir. Moreya, Bosniya, Valaxiya, Anadolu, Qaraman, Kastamonu, Trabzon və digər vilayətlərdən toplanan əsgəri heyətləri paytaxt İstanbula gətirdir.  Bununla yanaşı, Fateh II Mehmet ona tabe olan bəyliklərin qüvvələrini də öz tərəfinə çəkməyə nail olur. Fatehin əmri ilə yunanlar, serblər və albanlardan ibarət xristian qüvvələri də Ankarada Osmanlı ordusuna qatılacağına vəd verir.  Bununla İkinci Osmanlı ordusunun sayı  yüz mindən çox olur. 1473-cü ilin aprelin 11-də Osmanlı ordusu  Şərqə doğru hərəkətə başlayır.

Ağqoyunlu hökmdarı Səlcuqşahbəyimin təkidi ilə Osmanlı ordusuna qəfil hücum etmək planından daşınır

Uzun Həsənin və Fateh Mehmetin hərbi qüvvələri 1473-cü ilin yayında Ərzincan şəhərinin yaxınlığında, Tərcan adlı yerdə bir-birinə yaxınlaşır. Bu ərəfədə artıq Osmanlı ordusu döyüş toplarını Fərat çayının şimal sahilinə yerləşdirmişdi. Fəratın o biri sahilində isə Ağqoyunlu ordusu vardı. 1473-cü il  avqustun 4-də Uzun Həsənin oğlu Uğurlu Məhəmməd Osmanlıların kəşfiyyata çıxmış qüvvələrinə qəfil hücum edir. Şahzadə Uğurlu Məhəmməd dağlıq keçidlərdə Osmanlıların ön qüvvələrini darmadağın edir. Bu toqquşmada Osmanlı ordusunun önəmli sərkərdələrindən biri Xas Murad Paşa döyüş zamanı öldürülür. Uğurlu Məhəmməd qələbə xəbərini atasına çatdırıb, dərhal Osmanlı ordusuna hücum etməli olduqlarını bildirir. Lakin Uzun Həsən xatunu Səlcuqşahbəyimin təkidi ilə Osmanlı ordusuna qəfil hücum etmək planından daşınır. Bununla Ağqoyunlular üçün tarixi fürsət əldən verilmiş olur.

Uğurlu Məhəmmədin bu ilkin zəfərinin təsiri hər iki tərəf üçün fərqli olmuşdu. Osmanlı tərəfində matəm və bədbinlik hökm sürərkən, Ağqoyunlular bayram əhval-ruhiyyəsində idi. Amma bu məğlubiyyət Osmanlıları səhvlərini düzəltmək üçün yeni tədbirlər görməyə  məcbur edir. Uzun Həsən isə geri çəkilən Osmanlı ordusunu bir həftə təqib edir. Nəhayət, 1473-cü il avqustun 11-də Otluqbeli dağının ətəyində gözlənilən böyük  qarşıdurma baş verir. Odlu silahların üstünlüyündən istifadə edən  Fateh Mehmet hərbi manevrlər edərək, çətinliklə olsa da, bu döyüşdən qalib ayrılır. Arxayınlıq,  Səlcuqşahbəyimin yersiz müdaxiləsi  Ağqoyunlu hökmdarını məğlubiyyətə sürükləmişdi. Döyüş meydanında məğlub olduğunu görən Uzun Həsən zahirən ona bənzəyən  sərkərdə Pir Məhəmməd bəy Alpautu öz yerinə qoyub döyüş meydanından uzaqlaşır. Bu döyüşdə Ağqoyunlu ordusunun böyük bir hissəsi məhv edilir, sağ qalanların əksəriyyəti isə əsir alınaraq İstanbula aparılır.

Şərqi Gürcüstanı fəth edərək İmereti kralı II Baqratı özündən asılı vəziyyətə salır

Ağqoyunlularla Osmanlının iki qüdrətli türk imperiyasının üz-üzə gəldiyi Otluqbeli müharibəsində qələbə qazanan Osmanlı İmperiyası olsa da, karlı tərəf Venesiya krallığı başda olmaqla Avropa dövlətləri oldu. Çünki bu döyüş Osmanlı İmperiyasının qərbdəki yürüşlərini bir qədər gecikdirdi. Uzun Həsənin isə Otluqbelindəki məğlubiyyətdən sonrakı illəri sükut içində keçdi. Onun bu hadisədən sonra yeganə hərbi səfəri Gürcüstan üzərinə oldu. 1477-ci ilin yazında Uzun Həsənin böyük ordusuyla Osmanlı torpaqlarına səfər etməsi gözlənilsə də, o, qəfildən Gürcüstana qoşun çəkdi. Şərqi Gürcüstanı fəth edərək İmereti kralı II Baqratı özündən asılı vəziyyətə saldı. Bununla da gürcülər Ağqoyunlu İmperiyasına ildə 16 min duka vergi ödəmək öhdəliyini üzərlərinə götürdülər.

Avropa dövlətləri ilə müxtəlif sahələrdə münasibətlər qurulub, diplomatik münasibətlərin əsası qoyulub

Uzun Həsən ömrünün qalan hissəsini dövlətin inkişafına həsr etdi.  Bütün Azərbaycan torpaqlarını bir Bayraq altında birləşdirən  Hökmdar “Qanunnamə” hazırlayaraq Ağqoyunlu İmperiyasının iqtisadiyyatını gücləndirdi. Əldə olunan məıumatlardan bəlli olur ki, onun hakimiyyəti illərində əhalidən alınan vergilər xeyli yüngülləşdirilib. İslam dininin müqəddəs kitabı olan Qurani-Kərim tarixdə ilk dəfə olaraq Azərbaycan türkcəsinə tərcümə olunub. Mədəniyyətə və incəsənətə  dəstək verilib, Ağqoyunlu dövlətində bütün sahələr sürətlə tərəqqi edib. Avropa dövlətləri ilə müxtəlif sahələrdə münasibətlər qurulub diplomatik münasibətlərin əsası qoyulub.

Gürcüstan səfərindən sonra Təbrizdəki sarayına çəkilən Uzun Həsən bundan sonra heç bir müharibəyə qatılmayıb. Ömrünün sonlarına yaxın oğlu Uğurlu Məhəmməd Şirazda ona qarşı üsyan qaldırıb. Hökmdar digər bir oğlu Xəlil bəyi üsyanı yatırmaq üçün Şiraza göndərib. Ögey qardaşı Xəlil bəyin ordusu ilə mübarizə aparmağın mümkünsüzlüyünü anlayan Uğurlu Məhəmməd İstanbula yollanaraq atasının əzəli və əbədi rəqibi II Mehmete sığınıb. Fateh Mehmet onu  izzəti-cəlalla qəbul edib,  qızı Gövhərxan Sultanı onunla evləndirib. Üstəlik onu  Sivasa hakim təyin edib.

Ata üzünə ağ olan oğlunun son məqamda belə başsız bədənindən keçməyib

Məhşurların ölüm xəbəri, məğlubiyyət soraqları tarixdə yer alan məlumatlar sırasında olmaqla yanaşı,  həm də insanların maraq dairəsindədir. 1477-ci ilin yayında  adı milli dövlətçilik tariximizə qızıl hərflərlə həkk edilən Ağqoyunlu hökmdarı – Uzun Həsənin yer üzü ilə vida xəbəri yayılıb. Daha dəhşətlisi, kədərlisi isə odur ki, atasının yayılan ölüm xəbərini  alan  kimi Sivas hakimi  Uğurlu Məhəmməd İstanbula məlumat vermədən Təbrizə doğru hərəkət edib. Ərzincana yetişəndə isə atasının ölümünün yalan olduğunu bilib. Burada Ağqoyunlu ordusu ilə üz-üzə gəlib. 1477-ci ilin yayında Ərzincan yaxınlığında baş tutan döyüşdə oxla vurularaq öldürülüb. Başı kəsilən Şahzadə Uğurlu Məhəmmədin bədəni Ərzincanda dəfn edilib. Atasının istəyi ilə üzərində türbə inşa olunub. Bununla tariximizin daha bir kədərli səhifəsi yazılıb. Ata üzünə ağ olan oğlunun son məqamda belə başsız bədənindən keçməyib…

Üzləşdiyi haqsızlıqlar, xüsusən də övlad yanğısı Həsən  bəyə dünyaya bivaxt vida nəğməsi oxutdurub. Müxtəlif məzhəblərdən olan 4 xatunundan dünyaya gələn 7 oğlu ilə qürur duysa da ,  həm də onların kədər dolu dərsləri ilə baş-başa qalıb.  Sağlığında özündən sonra varis təyin etməyən Ağqoyunlu Hökmdarı 1478-ci il yanvarın 6-da 55 yaşında  Təbrizdə yer üzündən göy üzünə çəkilib. Təbrizdəki Həsən Padşah Məscidində dəfn edilib. Uzun Həsənin ölümündən sonra Ağqoyunlu taxtı uğrunda şahzadələr arasında aramsız savaşlar başlayıb. Səfəvilər İmperiyasının Şərur düzündə elan edilməsi ilə milli dövlətçilik tariximizdə yeni bir səhifə açılıb. Şah İsmayıl Səfəvinin iradəsi ilə qurulan  Səfəvilər İmperiyası tarix səhnəsinə gəlib.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Ən son

ƏDƏBİYYAT

İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Düzünü desəm, sizin inanıb-inanmamağınız məni bir o qədər də narahat etmir.

ƏDƏBİYYAT

İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Düzünü desəm, sizin inanıb-inanmamağınız məni bir o qədər də narahat etmir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin