Zinger tikiş maşını, İzabel Bayerin fotosu, Frederik Bartoldinin sənət incisi
Dinlərin, mədəniyyətlərin dialoquna töhfələr verən qüdrətli sərkərdə-xaqanlarımız sənəti, mədəniyyəti himayə etməklə daşa, yaddaşa dönən dünyamızın möhtəşəm abidələrini – qalaları, kümbəzləri, məqbərələri, məscidləri ucaltdılar. İnsan heykəllərini isə şəriət qaydalarına uyğun olmayan sənət nümunələri kimi qəbul etmədilər.
Buna rəğmən Fransalı heykəltəraş Frederik Bartoldi Osmanlıdan heykəl sifariş alır. Heykəlin parasının bir qismi öncədən Sultan Əbdüləziz tərəfindən ödənilir. Amma heykəl heç bir zaman Osmanlıya gəlib çıxmır. Tarixi mənbələrə istinad edərək deyə bilərik ki, Osmanlı torpağı olan Misir Ağ dənizi Qırımızı dənizə bağlayan Süveyş kanalının yapılmasına başlayır. Kanalın tikintisi Osmanlı Sarayında təlatüm yaradır. Misir valisi Said Halim Paşa kanalın yapılması tamamlandıqda onun dənizə açılan hissəsində ucaltmaq üçün qeyd etdiyimiz abidəni sifariş vermişdi. Frederik Bartoldi layihəni olduqca bəyənmiş, şah əsər yaradacağına söz vermişdi. Zəhmət haqqının bir qismini də öncədən Sultan Əbdüləzizdən almışdı. Kanal 1869-cu ildə istifadəyə verilməsinə baxmayaraq, Bartoldiyə kimsə məlumat verməmişdi.
Heykəlin yarıdan çoxunu hazırlayan Batoldiyə bir gün xəbər gəlir ki, ABŞ-dən müsəlman xalqı olan Osmanlıya, Misirə təhdidlər var. Yalan, ya doğru. Baltodiyə o da məlumat verilir ki, İslam dini qaydalarına uyğun olaraq müsəlmanlar heykəlin ucaldılması məsələsini təxirə salmışlar. Beləcə, yarımçıq heykəl bir müddət Fransada – Bartoldinin emalatxanasında qalır.

Yarımçıq heykəlin Amerika taleyi
Bu arada Fransız hökuməti ABŞ-nin 100-cü il dönümü münasibəti ilə Bartoldiyə heykəl sifariş verir. Avropanın bu məşhur heykəltaraşı yarımçıq heykəli bitirmək qərarına gəlir. Heykəlin baş hissəsi üçün də “Zinger” tikiş maşının qadın üzü – İzabel Bayerin obrazından istifadə edir. Heykəl bitdikdən sonra hissələr halında Amerika Birləşmiş Ştatlarına göndərilir.
Bu gün hər an sosial şəbəkələrdə, media və kommunikasiya vasitələrində, filmlərin əsas hissəsində, başlanğıcında, Hollivudun sənət incilərinin təqdimatında rastlaşdığımız Amerikanın azadlıq, müstəqillik rəmzi, simgəsi, bəlgəsi halına gələn, istiqlal, özgürlük bəyannaməsinə çevrilən xatirə-heykəl beləcə, yoxdan var olur.
Misir sultanı Said Halim Paşa tərəfindən sifariş olunan, Sultan Əbdüləzizin parasının bir hissəsini ödəyib sonra şəriət qaydalarına görə imtina etdiyi abidə nə qədər kədərli olsa da, etiraf edək ki, bir müsəlmanın, şərqlinin və avropalının sənətə münasibətinin göstəricisidir.
Dinlərin, mədəniyyətlərin sivilizasiyalıların dialoq tolerantlıq ünvanı olan Odlar Yurdu Azərbaycan bir islam ölkəsi olsa da, bineyi-qədimdən abidələr panteonudur. Daşa, yaddaşa dönən abidələrin panteonu!
Amerikanın Azadlıq heykəli kimi tarixə düşən abidə Süveyş kanalında ucalsaydı Misir və Osmanlı sultanlarının əzəmətinin bəlgəsi kimi min illər bundan sonra da xatirəyə dönəcək, bəşəri dəyərlər xəzinəsində yerimizin və rolumuzun bir başqa göstəricisi olacaqdı. Təəssüf ki, belə olmadı…
Şərəf Cəlilli