Əsrlər əvvəl Avropanı sehr və cadugərlik qorxusu bürüdü ki, bu da genişmiqyaslı təqiblərə və amansız edamlara gətirib çıxardı. Bu dəhşətli çılğınlığın ən güclü dalğaları Almaniya, Fransa, Belçika, Niderland, Şimali İtaliya və Lüksemburqda baş verdi. Tarixçilərin hesablamalarına görə, on minlərlə insan həyatını itirdi, milyonlarla insan isə işgəncələrə, sorğulara və təqiblərə məruz qaldı. Bəs bu kütləvi isteriya haradan qaynaqlanırdı və nə ilə bağlı idi?
Baki-baku.az orta əsrlərə aid qaranlıq məqamlara aydınlıq gətirir.
İnkvizisiya və “Cadugərlər Çəkici”nin (Malleus Maleficarum) yaranması
Cadugərlərə qarşı aparılan təqiblərin qızışmasında mühüm rol inkvizisiyaya – XIII əsrdə katolik kilsəsi tərəfindən bidətə qarşı mübarizə məqsədilə yaradılmış təşkilata məxsus idi. Əsas məqsədi “yoldan çıxanları” dinə qaytarmaq olan bu qurum, zamanla qorxu və təzyiq alətinə çevrildi.
1484-cü ildə Roma Papası VIII İnokentiy cadugərliyi pisləyən fərman (bull) imzaladı. O, cadugərlərlə mübarizə üçün iki inkvizitor — Henrix Kramer və Yakob Şprengeri təyin etdi. Bu iki şəxs birlikdə “Cadugərlər çəkici” (latınca Malleus Maleficarum) adlı kitab yazdılar. Bu əsər cadugərlikdə şübhəli bilinənlərin təqibi üçün bir növ “bələdçi” rolunu oynayırdı. Kitabda cadugərlərlə bağlı uydurma hekayələr, guya “şeytanla əməkdaşlığın əlamətləri” və işgəncə metodları təsvir olunurdu. Sonralar tarixçilər bu kitabı insanlıq üçün yazılmış ən dağıdıcı əsərlərdən biri adlandırdılar.
Papa fərmanından və “Cadugərlər çəkici”nin nəşrindən sonra cadugərlərə qarşı təqiblər kütləvi hal aldı. Çap dəzgahının ixtirası bu cür fikirlərin sürətlə yayılmasına səbəb oldu və ümumi qorxu və şübhələr artdı. Bu düşüncələr daha sonra Amerikaya da sirayət etdi.
Kimlər ittiham olunurdu?
Təqib olunanların əksəriyyətini qadınlar təşkil edirdi – təxminən 70 faiz. Xüsusilə dul qadınlar, yaşlı və kasıb qadınlar, eləcə də otlardan istifadə etməklə insanları sağaldan şəfaçılar daha çox hədəfə alınırdı. Əgər onların müalicəsi effekt vermirdisə, onları tez-tez şeytanla ittifaqda olmaqda günahlandırırdılar.
Ancaq ittiham hər kəsə yönələ bilərdi – cinsindən, var-dövlətindən və ya sosial vəziyyətindən asılı olmayaraq.
“Cadugərlikdə” günahlandırılanlar bütün uğursuzluqlarda – məhsulsuzluq, heyvanların xəstələnməsi, quraqlıq, sonsuzluq, hətta tarlalarda ziyanvericilərin yayılması kimi hadisələrdə günahkar bilinirdi.
Cadugərlik “sınaqları” necə aparılırdı?
İttihamların “sübutu” üçün çox vaxt məntiqsiz və qəddar metodlara əl atılırdı. Belə üsullardan biri su sınağı idi: ittiham olunan şəxs bağlanır və “müqəddəs” suya atılırdı. Əgər boğulurdusa, günahsız sayılırdı; yox, əgər suyun üzünə çıxırdısa, cadugər sayılır və edam olunurdu.
İnkvizitorlar həmçinin “şeytanın nişanı” deyilən bədənin hansısa yerində xüsusi iz axtarırdılar – bu, guya şeytanın buraxdığı iz idi. Hər hansı bir doğum ləkəsi, ziyil və ya çapıq belə “şeytanla əlaqə”nin sübutu kimi qəbul edilirdi. Şübhəliləri soyundurur və şahidlərin gözü qarşısında onların bədənlərini yoxlayırdılar. Tapan izləri iynə ilə deşirdilər: əgər qan gəlmirdisə, bu, “şeytanın izidir” deyə qəbul edilirdi.
Cadugər ovunun sonu və tarixdən çıxarılan dərslər
Bu təqibləri həm katolik, həm də protestant hakimiyyətlər dəstəkləyirdi, halbuki protestantlar bəzi hallarda daha sərt davranırdılar. Lakin zaman keçdikcə cəmiyyət bu dəhşətli hadisələrin ağılsızlığını dərk etməyə başladı. 1631-ci ildə edamlarda iştirak etmiş yezuit rahibi Fridrix Şpee yazırdı ki, onun cadugərlikdə ittiham etdiyi qadınların heç biri günahkar deyildi. O xəbərdarlıq edirdi ki, əgər bu çılğınlıq dayandırılmazsa, sağ qalan insan belə qalmayacaq.
Zamanla həkimlər “cin çıxarma” və ya “cadugərlik” sayılan əlamətlərin bir çoxunu xəstəliklərlə və psixi pozuntularla izah etməyə başladılar. XVII əsrdə bu mövzuda keçirilən məhkəmələrin sayı kəskin şəkildə azaldı və əsrin sonuna qədər cadugərlərə qarşı təqiblər demək olar ki, tamamilə dayandı.
O dövrdən alınan dərs
Tarixin bu qaranlıq səhifəsi göstərir ki, qorxu, xurafat və dini hakimiyyətin sui-istifadəsi nə qədər təhlükəli ola bilər. Həqiqi mənəvi dəyərlər fanatizmlə əvəz olunduqda, cəmiyyət asanlıqla zorakılıq və ədalətsizliyə sürüklənə bilər. Cadugərlərə qarşı aparılan ov gələcək nəsillər üçün bir xəbərdarlıq olaraq qalır.
Murad Muxtarov