Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/15/2026

Paylaşın

TARİX

Oğuzların mirası: əsrlər boyu davam edən dövlətçilik ənənəsi

Birinci yazı

Milli dövlətçilik tariximizin yaddaş saxlancı: imperiyalar, sülalələr və varislik

Ağa Məhəmməd şah Qacar: “Bütün cahan Adəm və Həvvadan gəlir və əgər Turanlı xaqanlara həşəmətlə öyünmək xasdırsa, bizim budağımız da həmin kökdən gəlir. Qacar soyu Noyonun nəsli Manğıtdan aşağı deyil. Bizim şanlı və hörmətli tayfamız hətta Sulduz, Cəlayir və Özbəkdən də üstündür. Şükürlər olsun Yaradana ki, Turan və İran, Bizans və Rusiya, Xatay, Xotan və Hindistan mülklərini Ulu Türk sülalələrinə bəxş etmişdir”.

Qüdrətli Sərkərdə-xaqanları, fikir və düşüncə sahibləri, təbib-filosofları, mütəfəkkir şairləri ilə dünyaya səs salan Odlar Yurdu Azərbaycan tarix boyu, qüdrətli dövlətlər qurdu. Həmin dövlətlərin əsas qurucuları türklər olsa da, digər xalqların qüdrəti, əzəməti ilə həmin dövlətlər qəhrəmanlıq salnamələri yaratdı. Tarixi mənbələrə istinad edərək qeyd edə bilərik ki, Azərbaycan türkləri tarix boyu əsasən Azərbaycan Respublikası, Güney Azərbaycan, Türkiyənin şərqi, Kürdüstanın cənubu, cənub-şərqi və mərkəzi bölgələrində, eləcə də Borçalıda və Dağıstanın cənubunda-Dəmirqapı Dərbənddə yaşamışlar. Azərbaycan türklərinin bir hissəsi olan qaşqayılar Güney Azərbaycanının cənubunda, türkmənlər Suriyada və İraqda, səfəvilər-qızılbaşlar adı altında tanınan millətimizin başqa bir hissəsi Xorasanda və Əfqanıstanda, “irani” adı altında tanınan daha bir hissəsi isə Özbəkistanın Səmərqənd bölgəsində məskunlaşmışlar.

Oğuzların Səlcuqların başçılığı altında XI əsrdə indiki İran, Azərbaycan və Anadolu ərazilərinə axını Oğuz türklərinin bu regionlarda hökmranlığının başlanması ilə nəticələndi. Bizans tarixçisi Nikita Xoniat yazır ki, “sürüləri ilə zəngin olan səlcuqlar ərazi ehtiyacı ilə rastlaşıb öz yurdlarını tərk edərək bütün ailələri ilə Rum ərazilərinə daxil olmağa başladılar”. Novoseltsev, Paşuto və Çerepninin “Puti razvitiya feodalizma” adlı kitabında isə bu cür yazılır: Səlcuq İmperiyasının yaranmasından başlayaraq oğuzlar indiki bütün İran ərazisinə yayıldılar, lakin əsasən Kiçik Asiya və Azərbaycanda məskunlaşdılar.

Yılmaz Öztuna: “Oğuzların qərbə axınından öncə Qazaxıstan ərazisində Oğuz Yabğu dövləti adında bir Oğuz dövləti mövcud idi”

Tanınmış türkoloq alim Nikolay Baskakov “Voprosı klassifikatsii tyurkskix yazıkov” adlı kitabında əski osmanlı dilini, müasir Türkiyə türkçəsini, Azərbaycan türkçəsini və səlcuq dilini Oğuz-Səlcuq altqrupuna, türkmən dilini isə Oğuz-Türkmən altqrupuna aid edir. Fransız tarixçisi Klod Kaen (Claude Cahen) Azərbaycan ərazisinin Səlcuq İmperiyasındakı rolunu bu cür qiymətləndirir: “İrəli, türklərin az sayda məskunlaşdığı ərazilərə gedən türklər üçün iqtisadi baza Azərbaycan qalır… İran və Anadolu türklərinin arasında olan əlaqə xətti əsasən Azərbaycandan və Diyarbəkirdən keçir.”

Tarixi mənbələrə istinad edərək qeyd edə bilərik ki, “Oğuzların qərbə axınından öncə Qazaxıstan ərazisində Oğuz Yabğu dövləti adında bir Oğuz dövləti mövcud idi. Türkiyəli tarixçi Yılmaz Öztunanın qeydləri də dediklərimizə əyani sübutdur. Əgər XI əsrdə Oğuz Yabğu dövlətində 24 şəhər və bir neçə milyon əhali var idisə, XIII əsrdə bu dövlətin ərazisində yalnız 4 şəhər qaldı. Çünki Oğuzların mühüm hissəsi Anadoluya və Yaxın Şərqə köç etdi.”

Atabəylər dövləti 90 ilə yaxın varlığını sürdürüb, Cəlaləddin Xarəzmşahla savaşın nəticəsində süqut edib

Səlcuqlardan sonra Azərbaycan ərazisini əhatə edən növbəti türk dövləti Eldənizlər və ya Azərbaycan Atabəyləri dövləti kimi tanınan dövlət olub. Bu dövlətin qurucusu Şəmsəddin Eldəniz qıpçaq köklü bir qul olub və Səlcuq İmperiyasındakı əhəmiyyətli xidmətlərindən sonra öz dövlətini qurub. Azərbaycan Atabəylər dövləti 90 ilə yaxın varlığını sürdürüb və Orta Asiya türklərindən olan Cəlaləddin Xarəzmşahla savaşın nəticəsində süqut edib. Atabəylər dövlətinin paytaxtları Naxçıvan, Təbriz, Ərdəbil və Həmədan şəhərləri olub.

Mikluxo-Maklay: “Sonradan qızılbaş adlanan tayfalar Azərbaycanda hökmranlıq edən Ağqoyunlu və Qaraqoyunlu dövlətlərini yaradan tayfalarla dil və mənşə baxımından qohum idilər”

Atabəylər dövlətindən sonra iki güclü Oğuz tayfa birliyi olan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri gəlir. Bu dövlətləri yaradan tayfalar haqqında tarixçi Mikluxo-Maklay belə yazır: “Sonradan qızılbaş adlanan tayfalar əvvəllər ardıcıllıqla Azərbaycanda hökmranlıq edən Ağqoyunlu və Qaraqoyunlu dövlətlərini yaradan tayfalarla dil və mənşə baxımından qohum idilər.”

Bu qənaəti təsdiq edən Minorski isə Qaraqoyunlu hökmdarlarından olan Cahanşahın şeirlərinin dilinin Azərbaycan türkçəsi olduğunu qeyd edərək deyir: “Bütövlükdə götürdükdə, Cahanşahın şeirlərinin dili bu gün Azərbaycan türkçəsi adlanan Güney Türkmən dialektləri qrupuna aiddir.” Hindistan ərazisində Qütbşahilər sülaləsinin banisi olan Sultanqulu Baharlı da Qaraqoyunlulardan idi. Bunu daha ətraflı şərh edən Minorski onu da qeyd edir ki, “Bizə Cahanşahın böyük qardaşı İsgəndərin soyunu nəzərdən keçirmək qalır. İsgəndərin digər oğlu Əlvənd Mirzə Həmədana köçdü və üç nəsil sonra nəvəsi Sultanqulu Hindistana, Bəhmənilər sarayına qaçdı. Sonradan o, onların varisi elan edildi və yeni şiə Qolkonda Qütbşahilər sülaləsinin banisi oldu. Onun haqqında rəvayət edilir ki, o, 12 imamlıq əqidəsinin əsasının Səfəvilər tərəfindən qoyulmadığını deyir və ailəsinin bu əqidəyə hətta Qara Məhəmmədin və Qara Yusifin dönəmində belə etiqad etdiyi ilə öyünürdü.”

Dövlətin hökmdar sülaləsi Oğuzların Bayandur tayfasından çıxmışdı

Qaraqoyunlulardan sonra siyasi səhnədə onlarla qohum olan Ağqoyunlular meydana gəldi. Dövlətin hökmdar sülaləsi Oğuzların Bayandur tayfasından çıxmışdı və Qaraqoyunlu türkmənlərindən fərqli olaraq, Ağqoyunluların üst təbəqəsi sünni idi. Bunun sübutunu Fəzluallah ibn Ruzbihan Xuncinin əsərində tapmaq olar: “Onlar pis hərəkətləri və mülhidlərlə ünsiyyəti üstündən cəhənnəmin qapısına çatan bir çox Qaraqoyunlulardan fərqli olaraq heç vaxt səhv inanclara qapanmamışdılar. Heç bir Bayandur ilhadın, rəfzin və mötəzililiyin qurbanı olmamışdır.”

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumat yayıb

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin