Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir və xalq inanclarında odun müqəddəsliyi, saflaşdırıcı və qoruyucu gücü ön plana çıxır.
Qədim mənbələrdə Od çərşənbəsi “Üskü çərşənbə”, “Üskü gecəsi” adları ilə də tanınıb. Türkdilli xalqların dünyagörüşündə Günəşə, oda və atəşə böyük inam olub. Od türkün düşüncəsində müqəddəslik rəmzi kimi yaşayaraq bu günümüzə qədər gəlib çatıb.
Tonqal və təmizlənmə mərasimi
Od çərşənbəsinin ən məşhur adəti tonqal qalamaqdır. İnsanlar tonqalın üzərindən atlanaraq belə deyirlər: “Ağırlığım, uğurluğum odda yansın!”
Xalq inanclarına görə, bu mərasim insanı bədlikdən, xəstəlikdən və uğursuzluqlardan qoruyur, mənəvi cəhətdən təmizləyir. Odun alovu daxildəki bütün mənfi enerjini, azar-bezarı yandırıb yox edir və yerini işığa, xeyirxahlığa verir.
Od çərşənbəsində ailəsində itki olan – yas saxlayan evlərin qarşısında da tonqal qalayırlar. Bu, həmin ailəni yasdan çıxarmaq, onları yenidən həyata və ümidə bağlamaq mənası daşıyır.
Qədim inanclar və Günəş kultu
Od çərşənbəsinin mahiyyəti qədim insanların Günəşə və oda olan müqəddəs inamından qaynaqlanır. Ocaq, alov və işıq həyatın, istiliyin və dirçəlişin simvolu sayılıb. Bu baxımdan Od çərşənbəsi həm də insanın təbiətlə və kainatla harmoniyasının ifadəsidir.
Qarşıdakı çərşənbələr və baharın gəlişi
Bu il ölkəmizdə martın 10-da Yel çərşənbəsi, martın 17-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq.
Yaz fəslinin Azərbaycana daxil olması isə martın 20-si, Bakı vaxtı ilə saat 18:46-ya təsadüf edəcək. Həmin an gecə ilə gündüz bərabərləşir, Günəş düz şərqdən doğub qərbdə batır. Bu, təbiətin yenilənməsinin və həyatın yeni mərhələsinin başlanğıcıdır.
Xanım Aydın