Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/26/2025

Paylaşın

GÜNDƏM

“Obraz aktyorun daxilində doğulur və bir daha dəyişmir” – Səbinə Məmmədzadənin müsahibəsi

Səbinə Məmmədzadə, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı, Сабина Мамедзаде

Azərbaycan teatr səhnəsi heç vaxt istedadlı gənclərdən kasad olmayıb. Hər yeni nəsil bir-birindən gözəl artistlər yetişdirib. Onlar zamanlar formalaşıb, özləri bir ustada çevriliblər. Bu gün də səhnəmizdə parlayan ulduzlar az deyil. Müsahibim Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının istedadlı aktrisası Səbinə Məmmədzadədir.

– İlk rolunuzu indi necə oynayardınız? İndiki Səbinə o obrazı necə oynayardı?

– İlk obrazım Əli Əmirlinin “Hasarın o üzü” əsərində Çiçək obrazı idi. Quruluşu müəllimim Bəhram Osmanov vermişdi. O, mənim dram rejissorluğu üzrə müəllimim idi və teatra gələndə məndə daha çox aktrisa potensialı görmüşdü. Deyirdi ki, zamanla rejissorluq da edərəm.

Mən o obrazı indi də eyni cür oynayardım – həmin quruluşda, həmin şövqlə, həmin sevgi ilə. Amma sıfırdan kimsə gəlib həmin tamaşanı yenidən qursa, yəqin ki, oynamaram. Çünki aktyor belədir: bir obraz üzərində aylarla məşq edir və həmin obrazın bütün xüsusiyyətlərini, xasiyyətini özününküləşdirir. Sanki obraz aktyorun daxilində doğulur, böyüyür, formalaşır. Onu sonra başqa cür oynamaq olmur.

Çiçək 17 yaşlı, uşaq evində böyüyən, xərçəng xəstəliyi ilə mübarizə aparan bir qızdır. O tamaşada mən nəhəng aktyorlarla tərəf-müqabil idim – Həmidə Ömərova, Nurəddin Mehdixanlı, həmçinin Şəbnəm Hüseynova və Günel Məmmədova. Çox maraqlı bir tandem yaranmışdı. Mən onlardan xeyli balaca idim və hər şeyə də fərqli baxırdım. Elə bilirəm ki, obraz uğurlu alınmışdı. Hər halda belə deyirdilər.

O vaxt yazmışdılar ki, “Teatr məbəddirsə, açın qapıları mələk gəlir”. Bu, mənim üçün çox böyük stimul olmuşdu. Amma indi başqa bir rejissor tərəfindən başqa cür qurulsa, yəqin ki, oynaya bilmərəm. Çünki o obraz artıq mənim daxilimdə o cür yoğrulub.

Məsələn, “Qağayı” artıq beş ildir repertuarımızdadır. Mən o tamaşada da oynayıram. Bu beş il ərzində obraz, təbii ki, daha da mükəmməlləşib. Amma ilkin olaraq şüuraltına necə hopubsa, elə də qalıb.

Səbinə Məmmədzadə, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı

– Aktrisa kimi öhdənizə düşən nədir?

– Öhdəmə düşən odur ki, bu rolu rejissorun dediyi kimi və özümün yarada bildiyim qədər səhnəyə gətirim. Obrazın yeməyinə, içməyinə, yaşayışına, hətta harda yaranıbsa, pulumdan, vaxtımdan keçib ora gedirəm. Müşahidə edirəm, tam o obraza girmək istəyirəm.

Rejissor məndən bir addım yuxarıdır. O mənə nə deyirsə, sayğı ilə yanaşıram və öz tapdıqlarımı da əlavə edib göstərirəm. Əgər o da bunu dəyərləndirirsə, nə gözəl. Heç indiyə kimi əksi də olmayıb.

Hər bir aktyor həm də özünün rejissoru olmağı bacarmalıdır. Rejissor mizan verməlidir, həllini tapmalı, izah etməlidir. Amma bu o demək deyil ki, aktyor robotdur və yalnız deyiləni etməlidir. O da öz qatqısını, gördüklərini, hisslərini, emosiyalarını obraza qatmalıdır – təbii ki, rejissorun razılığı ilə. Mən bu baxımdan heç vaxt kaprizli olmamışam. Sadəcə düşünürəm ki, hər şey yerində və qaydasında olmalıdır.

– Rol seçiminizdə və baş rol anlayışında əsas prinsipləriniz hansılardır?

Mən səhnədə öz gücümü bilirəm. Baxın, baş rol oynamaq həm asandır, həm də çətindir. Baş rol baş roldur. Amma bir də var antaqonist rol. Onu elə oynamalısan ki, ən azı baş rol qədər güclü və yaddaqalan olsun. Baş rolla bağlı bunu da demək istəyirəm ki, mənim fikrimcə, onun dublyoru olmamalıdır, onu kimsə əvəz etməməlidir. Düşünürəm ki, baş rolun ifaçısı xəstələnibsə, tamaşa oynanılmamalıdır. Məsələn, Gürcüstanda Romeo obrazını oynayan aktyor xəstələndiyindən o tamaşa ildən çox tamaşa oynanılmamışdı. Heç kim onu əvəz etməmişdi. Amma bunu da demək istəyirəm ki, gərək bütün aktyorlara eyni dəyər verilsin.

Həmişə gücüm daxilində olan obrazları sevirəm. Məsələn, hər hansı bir tələbənin də oynaya biləcəyi obrazı mən niyə oynayım? Bəlkə bu rol gənc bir aktyora şans verər, özünü göstərər. Mən onun yolunu niyə kəsim? Qoy elə o oynasın. Hətta bəzən özüm təklif edirəm ki, bu rolu mən artıqlaması ilə oynaya bilərəm, amma bəlkə gəncə yol açaq.

Səbinə Məmmədzadə, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı

– Kapriz nədən yaranır?

– Hər şey yerində və qaydasında olmayanda. Elədirsə, kapriz nədən olsun ki? Bəzən görürsən ağır bir səhnə olacaq, amma aktyorlar məşq etmək əvəzinə bir kənarda danışıb-gülürlər. Düzdür, Çexov deyir ki, ölümə də gülə-gülə getmək lazımdır. Amma atmosfer də vacibdir axı. Peşəkarlardan belə münasibət görəndə çox qıcıqlanıram. Məsələn, çəkiliş olur, əvvəlcədən deyirəm ki, bədən ölçüm M-dir. Başqa ölçü gətirəndə deyirlər, Səbinə kaprizlidir. Axı bu kapriz deyil, bu, zəruri olan bir şeydir.

– Tənqidlə aranız necədir?

– İndiyə qədər oynadığım heç bir obrazla bağlı ciddi tənqid almamışam. Amma başqa bir situasiya olmuşdu. Vətən müharibəsi, pandemiya, teatrsızlıq – o dönəm mənim üçün çox ağır idi. Həmin vaxtlarda çox çəki almışdım. Bu mənim üçün qorxulu deyildi, bu da həyatın bir mərhələsidir. Pandemiyadan sonra səhnəyə Çexovun “Qağayı” tamaşasının premyerası ilə qayıtdıq. Tamaşaçılardan yox, amma aktrisalardan biri köklüyümlə bağlı çox ədəbsiz bir söz demişdi. Bu mənə çox təsir etdi. Mən Taqanroqa getdim, həmin yerləri gəzdim, o qatara mindim, o ab-havanı duymağa çalışdım. Orada stendlərdə oyndaığım obrazın – Ninanın təsvirlərini gördüm. Və gördüm ki, o obraz məndən də daha ətli-canlı, dövrünün əsl rus xanımı görünüşündədir. Amma deyilən sözlər məni sarsıtmışdı. Bir müddət çəkilişlərə də ara verdim, çəkimi tənzimləməyə başladım.

– Böyüklər üçün oynamaq çətindir, yoxsa uşaqlar üçün?

– Böyükləri də inandırmaq çətindir, amma uşaq tamaşaları oynamaq daha çətin və məsuliyyətlidir. Obrazı tapmaq, səsi tapmaq, tam bürünmək üçün çox peşəkar olmalısan. Bəzən uşaqlar özləri ilə plakat gətirir, güllər verir, tamaşadan sonra görüşmək istəyirlər. Bu çox xoşdur. Uşaq tamaşası oynayanda inanılmaz enerji gedir, amma eyni zamanda çox böyük enerji də alırıq.

Səbinə Məmmədzadə, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı

– Tamaşadan sonra Səbinəni həyata nə qaytarır?

– Əvvəllər tamaşadan sonra çətin özümə gəlirdim. Neçə gün elə tamaşanın, rolun ab-havasında gəzirdim. Hətta o qədər rola bürünürdüm ki, hərdən olurdu həmin obrazın taleyini də yaşayırdım. Tamaşadan əvvəl üç gün normal yemək yemirdim. Tamaşadan sonra duş alıram, yemək yeyirəm, özümə gəlirəm. Son üç ildir ki, yoqa ilə məşğulam, nəfəs məşqləri edirəm. İndi daha rahat keçirirəm bütün bunları. Tamaşa bitir, xarakteri səhnədə qoyub çıxıram. Pərdələr bağlandı, vəssalam, mən Səbinəyəm…

– İndiyə qədər bir neçə səhnə işiniz olub. Amma “Solğun çiçəklər” dövlət teatrında ilk rejissor işinizdir. Niyə məhz bu əsər?

– Aktyor kimi işlərimi görmüşdülər, amma özümü rejissor kimi də sınamaq istədim. Axı ixtisasım da rejissorluqdur. Teatrımızın direktoru Naidə xanım İsmayılzadə gənclərə böyük imkanlar yaradır, yaxşı mənada sərbəstlik verir. Mənə də bu tamaşa ilə bağlı bir azadlıq verdi.

Pyes seçərkən düşündüm ki, həm tamaşaçıya maraqlı olsun, həm də mənim üçün çətin. “Solğun çiçəklər” hamıya tanış əsərdir. Mən fərqli bir şey etməli idim, yeni nə isə göstərməli idim səhnədə. Cəfər Cabbarlı böyük yazıçıdır. İlk baxışda bəlkə də, yazdıqları sadə görünür, amma alt qatında çox böyük mətləblər var. Dəfələrlə ədəri oxudum, düşüncələrimi ələkdən keçirdim. Səhnəyə qoyduğum versiyada dialoqlara toxunmadım, ancaq monoloqlar əlavə etdim. Mən boş səhnədə işləməyi sevirəm. Əvvəl aktyorlara qəribə gəlsə də, sonra inanmağa başladılar. Şükür ki, tamaşa qəbul olundu. Hər halda, belə deyirlər…

Səbinə Məmmədzadə, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı

– Qarşıda tamaşaçılara hansı əsəri təqdim etmək istəyirsiz?

– “Heyvanıstan” haqqında düşünürəm…

– “Leyli” sizin üçün nədir?

– Leyli çox ağır obrazdır. Mən illərlə onun ağırlığını daşıdım. Özümü Leyli kimi hiss edirdim. Sonra başa düşdüm ki, belə olmamalıdır. Tamaşa bitdi – vəssalam.

– Hansı obrazı oynamazsınız?

– Düzdür, rolun böyüyü, kiçiyi olmaz. Amma mən özündən zəif aktyorun yanında ikinci və ya üçüncü dərəcəli rol oynamaram.

– Ruh nədir?

– Ruh Allahın bizə əmanətidir. Ruhumuz təmizlənmədikcə bu həyata yenidən gələcəyik. Çox istərdim ki, bu həyatım yer üzünə sonuncu səfərim olsun.

– Həyat nədir?

– Doğulmuşuq, öləcəyik. Arada nə etdik, nə gördük – həyat odur.

– Eşq nədir?

– Eşq Leyli diliylə desək, ilahidir. Amma ilahi eşqi – Allahın simasını kimdəsə görə bilirsənsə, deməli həmin adam sənin eşqindir. Və nə yaxşı ki, mən indiyə kimi həmin adamı, eşqi səbrlə, təmkinlə gözləmişəm. Çox xoşbəxtəm. Sevdiyim və məni sevən bir insan var həyatımda. O çox zəhmətkeşdir. Eyni zamanda da qayğıkeş və mehribandır. O, məni olduğum kimi sevir, ən vacibi mənə və sənətimə hörmət edir. Mən onunla fəxr edirəm. Çünki o, İkinci Qarabağ müharibəsində sinəsini qabağa verib döyüşənlərdəndir. Bircə bunu deyə bilərəm: Nə yaxşı ki, var, nə yaxşı ki, varımdır!..

– Sonda sözünüz?

– Azərbaycanda doğulduğuma, bu istedadın mənə verildiyinə, yaxşı müəllimlərim və rejissorlarım olduğuna görə şükür edirəm. Tamaşaçılara və oxuculara təşəkkür edirəm. Adımın yanında başqa heç bir ad olmadığı üçün, ancaq öz adımla tanınıb, inkişaf etdiyim üçün çox xoşbəxtəm..

Söhbətləşdi: Xanım Aydın

Fotolar: Murad Muxtarov

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Baki-baku.az-a verilən məlumata görə, idarənin tabeliyindəki 182 təhsil müəssisəsində 561 şagird fərdi
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin