Bütün həyatını milli-mənəvi dəyərlərin qorunub inkişaf etdirilməsinə, mənsub olduğu millətin cəhalətdən qurtuluşuna həsr edən Nəriman Nərimanovun dövlət xadimi kimi fəaliyyəti də bu tarixi missiyaya xidmət edirdi. Millətin mənafeyini qorumaq, ölkənin ərazi bütövlüyü uğrunda mücadilə etmək onun Tanrıdan tale payı, alın yazısı idi. Bu səbəbdən də o, Azərbaycanda baş verən inqilabi proseslərə digər bolşeviklərdən fərqli mövqe, münasibət bəsləyir, yerli xüsusiyyətləri nəzərə alır, milli birliyə xüsusi diqqət yetirirdi. Nərimanovun ictimai, siyasi, dövlətçilik fəaliyyətində Azərbaycanın ərazi bütövlüyü, delimitasiya və demorkasiya məsələləri mühüm yer tuturdu. Tarixi həqiqətlər, rəsmi sənədlər sübut edir ki, Azərbaycanın ərazi bütövlüyü, Zəngəzur, Qarabağ, Naxçıvan, Zaqatala ilə bağlı problemlər onun siyasi fəaliyyətindən öncə, təkcə XX yüz ildə deyil, ondan 200 il qabaq, Azərbaycanın xanlıqlara parçalandığı “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” kimi ilhaq müqavilələrinin imzalandığı zamanlara təsadüf etmişdir. Çar Rusiyasi devrildikdən, Şura hökumətinin qərarı ilə ucqarlarda muxtariyyət məsələləri gündəmə gəldikdən, Qafqaz Seyminin qərarı ilə Azərbaycan, Gürcüstan, Ermənistan dövlətləri qurulduqdan, Azərbaycanın tarixi torpaqlarında Ermənistan Respublikası elan olunduqdan sonra Zəngəzur, Qarabağ, Naxçıvan məsələləri müzakirə mövzusuna çevrilmiş, erməni daşnakları münbit şəraitdən, ikili standartlardan, xristian bağından istifadə edərək Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmişlər. Komissar Nəriman Nərimanov “ağır bolşevik sistemi şəraitində Azərbaycan hökumətinin demək olar ki, hüquqlarının məhdud olduğu şəraitdə ərazi bütövlüyünü qorumağa çalışmış və çətin də olsa buna nail olmuşdur. Nəriman Nərimanovun hökumət başçısı işlədiyi dövrdə itirilməsi rəsmiləşdirilməsini gözləyən ərazilər faktiki olaraq əvvəllər Azərbaycanın nəzarətindən çıxmışdı…”.
Çar Rusiyasında 1917-ci ildə baş tutan fevral inqilabından sonra delimitasiya və demorkasiya məsələləri ilə bağlı qurumların erməni daşnaklarının əlinə keçməsi, onların xaricdə yaşayan erməni lobbisi tərəfindən dəstəklənməsi, rejimin dəyişməsi uğrunda savaşlar, maddi sıxıntı içərisində olan ölkənin xarici emissarların imkanlarından asılılığı onların Qafqaz, xüsusən də bir türk, müsəlman dövləti kimi Azərbaycanla bağlı maraqlarının gerçəkləşməsinə rəvac verirdi. Digər tərəfdən erməniləri XVIII yüz ildən sonra Azərbaycanda yerləşdirən, əsasən də İran və Türkiyə sınırlarında məskunlaşdıran, türk və müsəlman xalqların arasında daşnaq çəpəri çəkən Çar Rusiyası, onun davamı kimi Qafqazlarda görünən Şura hökuməti üçün də yaralı idi. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Gürcüstan və Rusiya Arxivlərində qorunan sənədlər də sübut edir ki, həqiqətən də Nəriman Nərimanov Sovet Rusiyasının iddialarına qarşı barışmaz siyasi xətt yürüdüb, xalqın, ölkənin hüquqlarını və maraqlarını qorumaq üçün əlindən gələni əsirgəməyib, bütün imkanlarından istifadə edərək respublikanın müstəqilliyini qorumağa çalışıb. Bu məsələlərdə Nəriman Nərimanovla Mərkəz arasında çox vaxt ciddi fikir ayrılıqları yaransa da problemlərin əksəriyyətinin həll olunması onun şəxsi nüfuzu, iradəsi və cəsarəti sayəsində mümkün olub.
30 illik intizardan sonra 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, qüdrətli Azərbaycan Ordusunun, peşəkar zabit, əskər heyəti iradəsi, bir parası Vətən olan Qazilərin, al qanı ilə tarix yazan Şəhidlərin sonsuz sevgisi ilə işğaldan azad olunan Dağlıq Qarabağ, Zəngəzur məsələsinə Azərbaycanın, Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun mövqeyi dəyişməz olub. Təzyiq və təhdidlərə baxmayaraq Stalin başda olmaqla bütün cəlladların, erməni daşnaklarının dəyirmanına su tökənlərin üstünə yeriyib. 1920-ci ildə Dağlıq Qarabağda ermənilərin keçirdiyi “qurultayın” qərarının ləğv edilməsi məqsədi ilə Onun verdiyi nota, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi qalması üçün əsas şərtlərdən biri olub. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində mühafizə olunan komissar Nəriman Nərimanov tərəfindən 1920-ci il iyulun 10-da RK(b)P MK-ya “Dağlıq Qarabağda vəziyyət” haqqında vurula teleqram bolşevizmin xəyanətinin iç üzü, gerçəyin özü kimi bu gün də diqqət mərkəzindədir: “Müsəlman əhalisi Moskvanın qəflətən köhnə mövqeyə qaytıması və ermənipərəst siyasət yürütməsini Sovet hökumətinin Azərbaycan sərhədlərini qorumaq imkanına malik olmaması və xainlik kimi qiymətləndirəcək”.

Bu tarixi sənəd bir liderin Vətən sevgisinin, aldanışının, eyni zamanda cəsarətinin, ləyaqətinin bəlgəsi kimi onunla tanış olan istənilən tədqiqatçını 105 il öncəyə aparır. Çar Rusiyasına, Sovet hökumətinə arxalanan Ermənistan sonrakı illərdə Bağırovun, Vəli Axundovun, Heydər Əliyevin dövründə də Dağlıq Qarabağla bağlı iddialarını gerçəkləşdirmək istəsə də bu yalnız Heydər Əliyevin eynən Nərimanov kimi Moskvaya rəhbər vəzifəyə aparıldıqdan sonra baş tutdu. Nəriman Nərimanov Stalinin üstünə yeridiyi kimi, Heydər Əliyev də Mixail Qarbaçova yerini göstərdi, istefa ərizəsi ilə illərlə sədaqətlə xidmət etdiyi quruluşun üzünə sərt bir “Osmanlı tokatı” vurdu. “Böyük Ermənistan” iddiası ilə tarixi həqiqətlərə arxa çevirən erməni daşnakları Şura hökumətinin imkanlarından istifadə edərək Dağlıq Qarabağ məsələsini yenidən gündəmə gətirdilər. 1921-ci il iyunun 12-də Ermənistan hökuməti Dağlıq Qarabağın “Ermənistan Sovet Sosialist Respublikasının bir hissəsi” kimi elan olunduğu haqqında dekret qəbul etdi. Bir qədər sonra onlar qətnaməni ləğv etmədən Dağlıq Qarabağ və digər mübahisəli hesab etdikləri ərazilər üzrə komissiya yaratmaq təklifini irəli sürdülər. Belə bir həsssas dönəmdə, 1921-ci ildə bir-birinin ardınca qəbul olunan üç qərardan irəli gələn nəticələri Nəriman Nərimanov siyasətinin uğuru kimi qiymətləndirmək olar”. Ermənistanın, erməni daşnaklarının, onların Mərkəzdə oturan havadarlarının diqtəsinə baxmayaraq 1921-ci il iyunun 19-da Ermənistan tərəfindən “Dağlıq Qarabağın Ermənistana yenidən birləşdirilməsi haqqında” dekret həyata keçirilmədi, iyunun 26-da Azərbaycan XKS-nin qərarı ilə Ermənistanın Dağlıq Qarabağda olan nümayəndəsi Mravyanın fəaliyyəti qadağan olunaraq xitam edildi. İyunun 27-də Azərbaycan K(b)P MK-nın Siyasi Bürosu və Təşkilat Bürosunun iclası keçirildi. İclas “Tiflisdə komissiyanın işi ilə əlaqədar Azərbaycanla Ermənistanın sərhədləri haqqında” məsələyə baxıb təqdim etdiyimiz qərarı qəbul etdi. “Siyasi Büro və Təşkilat Bürosu Dağlıq Qarabağın Azərbaycana şəksiz iqtisadi meylini nəzərə alaraq, Dağlıq Qarabağ haqqında məsələnin Bekzadyan tərəfindən qoyuluşunu qəbuledilməz sayır. Birinci qərara əlavə olaraq nəzərdə tutulan qərarla erməni və türk əhalili yerlərini müvafiq olaraq Ermənistana və Azərbaycana ayrılması təklifi inzibati və iqtisadi baxımdan məqsədəuyğun hesab edilmir”.
Siyasi Büronun və Təşkilat Bürosunun bu tarixi iclasından sonra, iyunun 28-də Nəriman Nərimanovun sədrliyi ilə Azərbaycan Xalq Komissarları Sovetinin növbəti iclası çağırılır. Aleksandr Myasnikovun əslində isə Myasnikyanın Dağlıq Qarabağı “Ermənistan Sovet Sosialist Respublikasının bir hissəsi” kimi elan edən bəyanatı rədd edilir. Eyni zamanda, həmin iclasda yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycan XKS-in rəyi nəzərə alınmadan Aşkanaz Mravyanın geri çağırılması məsələsi qoyulur”.
Tarixi mənbələr onu da sübut edir ki, “iki respublika arasında ixtilaflar artdığından, 1921-ci il iyulun 4-5-də Rusiya Kommunist (b) Partiyasının Qafqaz bürosunun plenumu məsələni müzakirə etməli olur. Məsələnin müzakirəsində RK(b)P MK-nın üzvü Stalin, RK(b)P Qafqaz bürosunun üzvləri Serqo Orconikidze, Sergey Mironoviç Kirov, Aleksandr Myasnikov, Filip Maxaradze, Nəriman Nərimanov, Amayak Nazaretyan, Yuri Fiqatner, İosif Oraxelaşvili və başqaları iştirak edir… S.M.Kirovun təklifinə görə, Dağlıq Qarabağ Azərbaycandan alınaraq Ermənistan SSR-ə verilməli idi. Nərimanov qətiyyətlə buna etiraz edir və bildirir: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”. Qarabağın Ermənistanın tərkibinə verilməsi ilk dəfə məhz Kirov tərəfindən ortaya atılmışdı. İyulun 4-də axşam iclasında Kirov-Myasnikov qruplaşmasının (S.Kirov, A.Myasnikov, S.Orconikidze, Y.Fiqatner) təklifi ilə Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi haqqında əsassız və qərəzli qərar qəbul edilir…”.
Nərimanovun əhali arasında rəy sorğusunun keçirilməsi tələbinin qarşılığında qruplaşma üzvləri sorğunun yalnız erməni sakinlər arasında keçirilməsi iddiası ilə çıxış edəndə təklifi yenə də Kirov-Myasnikov qruplaşmasının üzvləri dəstəkləyir. İclasın sonunda Nəriman Nərimanovun təkidi ilə Qarabağ məsələsinin Azərbaycan üçün böyük əhəmiyyətə malik olduğunu nəzərə alaraq RK(b)P MK-nın Qafqaz Bürosu bu məsələ barədə RK(b)P MK-nın iki qərar çıxarmasını zəruri edir. Nərimanovun mövqeyini Maxaradze və Nazarteryan müdafiə edir. S.Orconikidze, A.Myasnikov, S.Kirov, Y.Fiqatner isə təkrar əleyhinə səs verir…”. Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılır, muxtar vilayətin tərkibinə daxil olan Şuşa şəhəri inzibati mərkəz olmaqla, ona geniş vilayət muxtariyyəti verilir”.
Bu tarixi qərarın qəbul oldunduğu iclasda Nəriman Nərimanov qüdrətli dövlət xadimi kimi cəsarətin, ləyaqətin simvoluna dönür. Ölümü gözə alaraq iradənin gücü, xarakterin əyilməzliyi ilə Stalinin və Orconikidzenin üstünə yeriyir, sərt baxış, elə sərt bir çıxışla da onlara yerini göstərir. Öldü var, döndü yoxdur deyib: “Mən bircə gün də qoymaram Qarabağ erməni tapdağının altında qalsın. Mən Qarabağı bu gecə ya qaytaracağam, ya da başqa cür həll edəcəyəm!” nidası ilə tarix yaradır, qəvi düşmənə yüz illər boyu səlib yürüşünə çıxan, kilsələrdə türk və müsəlmanlara qarşı tədbirlər tökən imperiyalara, imperialist qüvvələrə yerini göstərir. Osman Qazinin, Əmir Teymurun, Fateh Mehmetin, Şah İsmayıl Xətainin, Səlcuqlu, Qəznəli, Osmanlı sultanlarının, Şirvanşahların, Atabəylərin, Səfəvilərin, Əfşarların, Qacarların dili, Babək Xürrəminin İradəsi ilə cavab verir: “40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq xoşbəxtlikdir!”. Bu tarixi hadisənin üstündən 70 ilə yaxın zaman ötəndən sonra Ulu Öndər Moskvada “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir!” Müzəffər Ali Baş Komandan İlham Əliyev “Qarabağ Azərbaycandır!” nidası ilə tarix yaradacaq, qisası qiyamətə qoymayacaq, mənsub olduğu milləti, məmləkəti Şuşa qalasında, Xudafərin körpüsündə, Murovun zirvəsində, Ağoğlan qəsrində, Şərqi Zəngəzurda Bayrağa döndərəcək, “Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da, Göyçə də, İrəvan da var. Biz o torpaqlara qayıdacağıq. O torpaqlarda bizim əcdadlarımızın ruhu dolaşır!” nidası ilə tarixi həqiqəti yerinə qoyacaq. Qarabağ, Naxçıvan, Zəngəzur məsələlərinə qurban gedən Nəriman Nərimanovun da, polkovnik komissar Əziz Məmmədkərim oğlu Əliyevin də, mərkəzdə, Moskvada heç bir türk müsəlmana nəsib olmayan, ən yüksək görəvdən alınan Ulu Öndər Heydər Əliyevin də, onlardan sonra Ali Baş Komandan iradəsinə al qanı ilə tarix yazıb, qəhrəmanlıq dastanı yaradan Şəhidlərin də qisasını qiyamətə qoymayacaq, ruhunu şad edəcəkdi!
Şərəf Cəlilli