Dörd il əvvəl sentyabrın 27-də başlanan Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi böyük igidlik nümunəsi sayəsində erməni hərbi qüvvələri torpaqlarımızı tərk edərək geri çəkildilər. Otuz ilə yaxın işğal atında olan torpaqlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə düşməndən təmizlənərək əzəli sahibinə qaytarıldı. Haqq savaşına qalxan Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa, Ağdam rayonundan beş gün sonra noyabrın 25-də Kəlbəcər rayonunu da boşaltmağa məcbur etdi. Beləliklə, daha bir rayon – Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Baki-Baku.az AZƏRTAC-a istinadən xatırladır ki, həmin gün Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, həmin şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Dəyişməyən erməni xislətinin izləri
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində 53 min 340 sakin öz dədə-baba yurdundan qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir və itkin düşüb. Rayonun 484 nəfər şəhidi var. Onların 258-i hərbçi, 226-sı mülki şəxsdir. Vətən müharibəsində rayonun 37 sakini şəhid olub. Kəlbəcərdən olan 3 döyüşçü Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
İşğal nəticəsində rayonun bütün yaşayış məntəqələri, 13 minədək fərdi mənzil talan edilib, 87 tarixi abidə, 1 muzey, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evini, tarix-diyarşünaslıq muzeyini, 9 xəstəxananı, 75 tibb məntəqəsi, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, çoxlu sayda texnikanı talan edib, dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşıyıblar. Rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
Rayonun məcburi köçkün əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşıb.
Kəlbəcərdə erməni vəhşiliyinin izləri hər addımda görünür. Dağıntı və talanlar həm işğal dövründə, həm də 2020-ci ildə ermənilər rayondan çıxarkən davam etdirilib. İşğaldan azad olunan Kəlbəcərə səfər edən Prezident İlham Əliyev bu barədə danışarkən deyib: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.
Hər daşı-qayası tarix olan diyar
Dağlar qoynunda yerləşən Kəlbəcər başdan-başa canlı təbiət muzeyini xatırladır. Təkcə bir faktı göstərmək kifayətdir ki, rayon ərazisində otuz mindən artıq bulaq var, 4 mindən artıq bitki növü bitir və onlardan 200-ü dərman bitkisidir.
Kəlbəcərdə həzm sistemi xəstəliklərinin əvəzsiz müalicəsi hesab olunan zəngin mineral tərkibə malik olan İstisu müalicə ocağı yerləşir. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. İstisu mineral suları hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur və daim çağlayan 12 bulaqdan ibarətdir. İstisuyu yerin təkindən 58,8 dərəcə C istiliyində qaynayır. Mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Ərazidəki bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicə – balneoloji təsirə malik mineral su yataqları Kəlbəcərə dünya şöhrəti qazandırıb. İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür.
“İstisu” İstirahət-müalicə kompleksinin 34 hektar ərazidə salınması və gündəlik 300 nəfəri qəbul etməsi üçün inşaat işləri gedir. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottec də tikilir.
Qədim tarixə malik Kəlbəcər ərazisində alban dövrünə aid çoxlu abidə var. Bağlıpəyə kəndi yaxınlığında yerləşən Xudavəng kompleksi Ağdərə-Kəlbəcər avtomobil yolunun üzərində inşa edilib. Laçın kəndində “Laçınqaya” qalası, Lev kəndində “Lev” kilsəsi, Qaraçanlı kəndində “Uluxan” qalası, Başlıbel kəndində “Aşağı qalaça” və “Yuxarı qalaça”, Çərəkdar kəndində Həsən Camal kilsəsi, Qanlıkənddə “Lök” qalası, Qalaboynu və Comərd qalaları da digər qədim alban abidələri sırasına daxildir.
Əlverişli relyefi, saf dağ iqlimi, mineral suları ilə böyük turizm potensialından xəbər verən Kəlbəcərdə 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərin yadigarlarıdır.
Kəlbəcər doğma sakinləri qarşılamağa hazırlaşır
İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. 2026-cı ilədək rayon ərazisində 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək. Yaxın vaxtlarda Kəlbəcər şəhərinə ilkin olaraq 5 min nəfərdən artıq, kənd və qəsəbələrə isə 8 min nəfərə yaxın məcburi köçkünün qayıdışı nəzərdə tutulur.
Yeni inşa edilən layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən həmin yolun layihə uzunluğu 80,7 kilometrdir.
2022-ci il iyunun 26-da Azərbaycan Prezidenti Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub.
Prezident İlham Əliyev 2023-cü il mayın 27-də Kəlbəcər rayonuna səfəri çərçivəsində hərbi hospitalın, “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışlarında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin, həmçinin Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib.
Keçən il avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna daha bir səfər ediblər. Səfər çərçivəsində bir neçə kiçik su elektrik stansiyasının açılışı olub və Zar kəndinin təməli qoyulub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu il sentyabrın 2-də Kəlbəcər rayonuna səfəri zamanı Tərtər çayı üzərindəki “Yuxarı Vəng” Su Elektrik Stansiyasının, “İstisu” yarımstansiyasının, “Zar” KSES-in açılışlarında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda “Toğanalı” KSES-in açılışını ediblər. Həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “İstisu” mineral su zavodunun da açılışında iştirak ediblər. Beləliklə, Vətən müharibəsində qazanılan Zəfər sayəsində bu əvəzsiz və möhtəşəm şəfa ocağı yenidən insanlara sağlamlıq bəxş edir. Artıq “İstisu” mineral suyunu rəsmi qəbullarda və görüşlərdə görmək olur. Bu, 44 günlük müharibədə qazanılan Qələbəni tərənnüm edən rəmzlərdən biridir.
Bu il sentyabrın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və həmin yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə, Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılacaq modul tipli məktəbin layihəsi, Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi, Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
Eləcə də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin, Kəlbəcər şəhərində inzibati binanın, Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməli qoyulub. Onlar rayondakı Xudavəng monastır kompleksində də olublar.
Rayonda aparılan nəhəng quruculuq işləri dağlar diyarının gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir. Vətən müharibəsində xalqımızın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın iqtisadiyyata reinteqrasiyası ümumilikdə ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün yeni üfüqlər açır.