Hər bir şəhərin öz əfsanələri var. Bəziləri dar küçələrdə və qədim həyətlərdə gizlənir, digərləri isə mərkəzdə ucalaraq keçmişin çılğın dövrlərini xatırladır. Bakıda belə bir simvol “Nizami” kinoteatrıdır. Bu gün o, tamaşaçıları parlaq fasadı və müasir zalları ilə qarşılayır, lakin az adam bu gözəlliyin arxasında təəccüblü bir həyat hekayəsinin — gözlənilməz dönüşlərin, yüksəlişlərin və enişlərin olduğunu düşünür.
Bu bina hər şeyə şahidlik edib: təntənəli premyeralar və müharibə illəri, caz konsertləri və ittifaq miqyaslı festivallar, heyran tamaşaçılarla dolu salonlar və illərlə davam edən tənəzzül dövrləri. “Nizami” sadəcə kinoteatr deyil. Bu, Bakının öz tarixinin səhnəsidir.

Çoxları onun nə vaxt yaranmasını dəqiq xatırlamır: bəziləri 1950-ci illərin ortasını, digərləri isə daha sonrakı illəri deyir. Amma əslində, onun tarixi daha əvvəl — 1930-cu illərin əvvəllərində başlayıb. Gənc memarlar Mixail Useynov və Sadıq Dadaşov Bakı mərkəzinin bir guşəsini dəyişən layihə yaratdılar.
Memarların hələ otuz yaşı tamam olmamışdı ki, 28 Aprel küçəsi (indiki 28 May) və Kirov prospektinin (indiki Bülbül prospekti) kəsişməsində demək olar ki, simmetrik olan iki binadan ibarət ansambl layihəsi hazırladılar. Bu binalardan biri kinoteatr, digəri isə Ərzaq Sənayesi Komissarlığı üçün nəzərdə tutulmuşdu. Binaların arxitekturasında klassisizm, intibah və o dövrdə hələ də təravətini itirməmiş konstruktivizm cərəyanlarının xüsusiyyətləri birləşmişdi. Heykəltəraş Yelizaveta Tripolskayanın yaratdığı üç qabarıq relyef binanın fasadını daha təsirli etmişdi.

1940-cı il fevralın 1-də kinoteatr “İncəsənət” adı ilə təntənəli şəkildə açıldı. İlk seans isə 1939-cu ilin dekabrında keçirilmişdi Viktor Eysimontun “Dördüncü periskop” filmi nümayiş olunmuşdu. Bu, bakılılar üçün mədəniyyət şoku idi: geniş qış, yay və estrada zalları, məxmər pərdə, dəbdəbəli çilçıraq və hətta zalda dondurma paylayan ofisiant qızlar. “İncəsənət” yalnız kinoteatr yox, şəhərin mədəni həyatının mərkəzinə çevrildi: konsertlər, mühazirələr, caz axşamları, məşhur vokalistlərin çıxışları…
Hətta müharibə illəri də onun fəaliyyətini dayandıra bilmədi. Yay zalının yerində zenit topları yerləşdirilmişdi, amma kinoseanslar davam edirdi. Burada həm sovet filmləri, həm də qənimət kimi əldə edilmiş Hollivud filmləri — “Böyük vals”dan “Günəşli vadinin serenadası”na qədər — nümayiş olunurdu. 1945-ci ildə isə məhz bu zalda tamaşaçılar Rəşid Behbudovun oynadığı “Arşın mal alan” filmini izlədilər, film dərhal kult statusu qazandı.

1947-ci ildə kinoteatra böyük Azərbaycan şairi Nizami Gəncəvinin adı 800 illik yubileyi münasibətilə verildi. Həmin andan etibarən “Nizami” Bakı kino həyatının simvoluna çevrildi. 1974-cü ildə VII Ümumittifaq kino festivalı münasibətilə yenidənqurma işləri aparıldı: fasad çəhrayı rəngə boyandı, küncdə parlaq şar-qlobus yerləşdirildi, yeni zallar açıldı. Məhz burada tamaşaçılar ilk dəfə Vasili Şukşinin “Qırmızı zoğal” və Leonid Bykovun “Döyüşə yalnız qocalar gedir” filmlərini izlədilər.
1990-cı illərdə postsovet məkanında olduğu kimi, “Nizami” də demək olar ki, kinoteatr funksiyasını itirdi. Onun divarları arasında bərbərxanalar, mağazalar, hətta bilyard salonları açıldı.
Amma 2011-ci ilin noyabrında, üç il davam edən əsaslı təmirdən sonra “Nizami” kinoteatrı yenidən fəaliyyətə başladı.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun həyat yoldaşı Mehriban Əliyeva iştirak etdilər. Dövlət başçısına və birinci xanıma “Nizami” kinoteatrının fasadının bərpası ilə bağlı məlumat verildi. Qeyd olundu ki, kinoteatr görkəmli memar Mikayıl Useynovun layihəsi əsasında inşa edilib və 1934-cü ildə istifadəyə verilib. Əvvəllər “İncəsənət” kinoteatrı adı ilə fəaliyyət göstərib. Daha sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illiyi münasibətilə “Nizami” adlandırılıb. Foyedə dövlət başçısı və xanımı Mehriban Əliyeva kinoteatrın təmirdən əvvəlki və sonrakı vəziyyətini, bərpa prosesini əks etdirən fotostendlərə baxdılar.


Prezident İlham Əliyev kinoteatrın açılışını bildirən lent kəsdi və bununla da müasir tələblərə cavab verən, yeni dövrə uyğunlaşdırılmış kinoteatr kinosevərlərin üzünə qapılarını açdı.
Bu gün “Nizami” sadəcə kinoteatr deyil, Bakının mədəni həyatının dirçəlişinin simvoludur. O sübut etdi ki, əsl incəsənət həm müharibəni, həm böhranı, həm də unudulma illərini dəf edə bilir. Onun sütunları arxasında hələ də gülüş və alqış səsləri eşidilir, yeni filmlərin kadrları canlanır, və bu atmosfer bir şeyi xatırladır: tarix davam edir. “Nizami” yaşayır — və onunla birlikdə kinonu həyatın bir hissəsinə çevirən şəhərin ruhu da yaşayır.
Hacı Cavadov