Nəşr edilmişdir 05/05/2025

Paylaşın

GÜNDƏM

Niyə böyük “uşaqlar” hələ də valideynləri ilə yaşayır?

behind our

Vüqarın artıq 31 yaşı var. Həyatı axarında gedir: səhərlər işə tələsir, həftədə bir neçə dəfə işdən sonra idman zalına baş çəkir, istirahət günləri isə gecə yarısına kimi dostları ilə əylənir. Gecə isə qapını səssizcə açıb atasının evinə daxil olur. Bəs niyə? Gəliri pis deyil, münasibətdə olduğu biri də var. “Niyə hələ də valideynlərinlə yaşayırsan?” sualına cavabı sadədir: “Belə daha rahatdır”.
Bakıda bu hal artıq normaya çevrilib. Üçüncü onilliyinə qədəm qoyan bir çox insan, öz evinə köçmək əvəzinə valideynləri ilə yaşamağı seçirlər. Maraqlısı odur ki, bu seçim hər zaman maddi çətinliklərlə bağlı deyil. Sadəcə, onlara belə yaşamaq doğrudan da rahatdır.
Valideyn evində həyatın çətinlikləri hiss olunmur: ana yeməyi bişirir, ev hər zaman təmiz və səliqəlidir, paltarlar ütülüdür, atanın bir əli daima üstündədir. Bu, bir növ tənbəlliyin və məsuliyyətdən yayınmağın sakit təzahürüdür.
Xarici ölkələrdə, adətən, orta məktəbi bitirən gənclər müstəqil həyata atılır, vaxtaşırı, bayramlarda ailələrini ziyarət edirlər. Bizdə isə ailə bağları, adət-ənənələr, mentalitet, “qız evdə qalmalıdır” və “oğul ata ocağını tərk etməz” kimi anlayışlar hələ də gücünü saxlayır. Bu səbəbdən, hətta universitetə daxil olan gənclər də, əksər hallarda, valideyn evində qalmağa üstünlük verirlər.
Lakin universiteti bitirdikdən, iş tapdıqdan və müəyyən maddi sabitliyə çatdıqdan sonra da hələ ailə ilə birgə yaşamaqda israr etmək – fikrimcə, bu artıq ambisiyanın zəif olmasına işarədir.
Əlbəttə, Bakıda kirayə evlərin bahalığı danılmaz reallıqdır. Xüsusilə mərkəzdə yerləşən yeni tikililərdə münasib qiymətə mənzil tapmaq çətindir. Lakin şəhər yalnız mərkəzdən ibarət deyil axı və ətraf ərazilərdə daha əlçatan imkanlar mövcuddur.
Sinif yoldaşım Rüfət hələ məktəb illərində ailəsi ilə birgə yaşamağın onu sıxdığını deyirdi. Halbuki anası evdar və qayğıkeş, atası da həlim bir kişi idi. Amma Rüfətin 2 iti var idi və ailəsi onlara qarşı idi. Ona görə evdə yaşamaq mümkün deyildi – ailəsi onları içəri buraxmırdı. Universitetə qəbul olunduqdan sonra, Rüfət atasının Bakının mərkəzində geniş və rahat evini tərk edib, Bakıxanovda yerləşən, xudmani kirayə mənzilə köçdü. İlk zamanlar çətin olsa da, kolbasa-çörəklə dolansa da, həyatın məsuliyyətini üzərinə götürmək onu tez böyütdü. Yaşıdlarından daha tez formalaşdı.
Bir başqa hekayə də danışım, universitet yoldaşım Afət haqqında. O vaxtlar Afət bizim hamımızın həsəd apardığı həyat yaşayırdı. Qrupun bütün qızları ailəmizin yanında yaşayırdıq, çünki “qız tək qalmaz” düşüncəsi hökm sürürdü. Amma Afət universitetə qəbul olunduqdan sonra şəhərin mərkəzindəki mənzildə tək yaşamağa başladı. Üstəlik kirayə haqqı da ödəmirdi, çünki ailəsinin evi idi. Bu, bizim üçün həm təəccüblü, həm də bir qədər qibtə doğuran hal idi. Lakin bu müstəqil həyat cəmi bir il davam etdi. Birinci kursun sonunda Afət tək yaşamağın yükündən yorulub yenidən ata evinə qayıtdı. İndi o, 32 yaşındadır, prestijli bir şirkətdə çalışır, baxımlıdır, lakin hələ də ailəsi ilə birgə yaşayır. Səbəbi isə illər uzunu dəyişməyib: “belə rahatdır”.
Bəs valideynlər bu vəziyyətə necə baxırlar? Ən mühafizəkar ailə belə, övladını böyüdüb, bir nöqtədən sonra daha sakit və şəxsi həyat yaşamaq istəyir. Lakin hazırkı reallıqda bu çox zaman mümkün olmur.
Bugünkü Bakı reallığında “rahatlıq” anlayışı ilə “məsuliyyət” anlayışı arasında balans qurmaq getdikcə daha çətinləşir. Amma bir şey aydındır: müstəqil yaşamaq yalnız maddi imkanla deyil, daxili motivasiya, həyat planı və cəsarətlə mümkündür.
Deniz Məmmədli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gün Bakının Xətai rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Ən son

GÜNDƏM

Paytaxtımızın simvollarından biri olan Bakı funikulyoru bu gün 65 illik yubileyini qeyd edir.

GÜNDƏM

Paytaxtımızın simvollarından biri olan Bakı funikulyoru bu gün 65 illik yubileyini qeyd edir.