Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/29/2025

Paylaşın

“Neyləyim?” – Əbədi ayrılığın sevda nəğməsi

“Neyləyim?”, Nigar Rəfibəyli, Rəsul Rza, Emin Sabitoğlu, Akif İslamzadə

Bəzən radionun dalğasında bir mahnı səslənər… və bir anlıq bütün kainat susar… Heç kim nəfəs almaz, zaman donar, ürəyin, sanki tanımadığın, amma eyni zamanda da sənə çox doğma olan bir ağrını xatırlayar. Akif İslamzadə “Ala gözlüm”ü oxuyar, sənsə məkan olaraq cismən dayandığın yerdə ruhən olmazsan. Sən artıq Nigar Rəfibəylinin gözlədiyi günlərdə, Emin Sabitoğlunun içindən keçənlərlə üz-üzə, Rəsul Rzanın ölüm xəbərindən bixəbər, sükut içində qaranlığa boylanan bir sevginin tam ortasında olarsan.

Bu mahnı ilk baxışdan sadəcə ayrılıq notları daşıyan bir sevgi nəğməsi kimi görünə bilər. Amma onun içində gizlənmiş dərin tarix, sarsıdıcı talelər, susqun göz yaşları, unudulmaz xatirələr var. “Neyləyim?” sıradan bir musiqi deyil — bu, bir qadının həyat yoldaşına ünvanlanmamış son məktubu, bir bəstəkarın dostunun itkisindən doğan melodik fəryadı və bir xalqın yaddaşında dərin iz buraxan eşq hekayəsidir.

Ala gözlüm…  kim idi?

Mahnının sözlərini oxuyan hər kəs təbii olaraq düşünür ki, bu bir kişinin bir xanıma ünvanladığı sevgi etirafıdır. Amma əslində bu belə deyil. “Ala gözlüm” deyə müraciət edilən şəxs — məhz Rəsul Rzadır. Və bu sözləri yazan həyat yoldaşı Nigar Rəfibəylidir. O Rəsul ki, müharibə yollarında hərbi müxbir kimi çalışdığı zaman, Nigar Bakıda onu gözləyir. Hər səhər bağçada açan qızıl güllər, hər axşam pəncərə qarşısında susan gözlər – hamısı sevdiyi kişinin yolunu gözləyən bir qadının səssiz fəryadıdır.

Bu şeir 1950-ci ildə “Azərbaycan jurnalı”nda çap olunur. Amma illərlə sadəcə söz olaraq qalır. Ta ki, Emin Sabitoğlu onu öz dəftərçəsinə yazana qədər…

Unudulmuş melodiyanın göz yaşları

Emin Sabitoğlunun bu şeiri illərlə unutması və sonra Rəsul Rzanın ölümündən sonra onu bəstələməsi təsadüf deyil. Qəlbin ən dərin yerindən doğan hisslər gec də olsa səssizliyə sığmır. Rəsulun ölümündən xəbərsiz olan Nigarın, onu gözləməyə davam etdiyi günlərdə bu mahnının yaranması təkcə sənət deyil, insanlıq tarixinin bir ovuc içi boyda etirafıdır. Mahnı beləcə ağır hisslərdən 1981-ci ildə yaranır…

İlk dəfə lentə alındığında, Akif İslamzadənin səsi, Emin Sabitoğlunun royalı, divarda isə Rəsul və Nigarın portretləri vardı. O çəkiliş zamanı Şövkət Ələkbərovanın göz yaşları kameralardan gizlənə bilmədi. Onun kövrəlməsi sanki bu mahnının yazılmamış tarixçəsinə çevrildi.

Mahnı eşidiləndə…

Bu mahnı səslənəndə insan təkcə ayrılığın dadını duymur. Hər notda sevgi dolu bir qadının sükut içində gizlətdiyi fəryadı, keçmişin həzin pıçıltısı, bir ömürlük gözləntinin göynərtisi eşidilir.

“Ala gözlüm!

Səndən ayrı gecələr,

Bir il kimi uzun olur, neyləyim?”

Bu misraların poetik gözəlliyinin arxasında yalnızlıqla dolu gecələrin, ümidsiz sabahların və dönməyən sevginin çalarları gizlənir.

Tək bir sual: Neyləyim?

Bu sual əslində cavab gözləmir. Bu, illərlə içdə saxlanmış, ürəkdən ürəyə səssizcə ötürülən bir həsrət çarəsizliyidir. Bu mahnını eşidən hər kəs, həyatında bir dəfə də olsa, sevdiyini itirən, yolunu gözləyən, amma gözlədiyi qapıdan gəlməyən insanın qəlbinə bir addım daha yaxınlaşır.

“Neyləyim?” – bəzən bir insanın ömründə verdiyi ən dürüst, ən aciz, amma bir o qədər də saf sual və bəlkə də sual yox, çarəsizlik cavabıdır.

Son səs, son nəfəs

Sonralar bu mahnını Zeynəb Xanlarova, Müşərrəf Akay, Elçin Cəlilov, Nəzakət Teymurova, Sinan Özən də ifa etdi. Amma nə qədər ifa olunursa olunsun, bu mahnının orijinal ruhu Akif İslamzadənin titrək səsində, Emin Sabitoğlunun hisslərlə yoğrulmuş notlarında və Nigar Rəfibəylinin tək qaldığı, amma ümidini itirmədiyi gecələrdədir.

“Neyləyim?” — bir mahnı deyil.

O, sevgidir, həsrətdir, əbədiyyətdir…

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda oktyabrın 8-də havanın əsasən yağmursuz olacağı, bəzi yerlərdə çiskinli olacağı gözlənilir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin