XIX əsrin ikinci yarısında Bakı planetin enerji mərkəzinə çevrildi: burada neft fontan vururdu, lakin paradoks ondan ibarət idi ki, həmin xammalı daşımaq onu hasil etməkdən daha çətin idi. Daşınan zaman neft çəlləkləri çatlayırdı, sularda batırdı, yanırdı, yolda yoxa çıxırdı, neft dolu çəlləkləri daşıyan gəmilərin anbarları isə ölüm saçan təhlükəli tələlərə çevrilirdi.
Baki-baku.az yazır ki, neftin nəqli zamanı ortaya çıxan məhz bu çətinliklər həmin dövrün ən cəsarətli mühəndis eksperimentlərindən biri üçün başlanğıc nöqtəsinə çevrildi.
İrəli sürülən ideya həm sadə, həm də inqilabi idi: çəlləklərdən imtina edib nefti birbaşa gəminin gövdəsinə dolduraraq daşımaq fikri. Bu ideyanın müəllifi “Nobel qardaşlarının Neft Cəmiyyəti”nin banisi Lüdviq Nobel idi. Nefti gəminin gövdəsində daşımaq ideyası iş kabinetində deyil, partlamış çəlləklərdən axan neftlə dolmuş, kerosin qoxan anbarda doğuldu. “Bəlkə anbarın özünü çəlləyə çevirək?” sualı dənizçilik tarixində inqilabi dəyişiklik etdi.
Lüdviqin qardaşı Robert Nobel layihəni dəstəklədi. Göteborqdakı Lindholmen tərsanəsinin isveçli mühəndisləri gəminin inşasında tərəddüd etdi, sığortaçıların fikrincə isə risklər həddən artıq çox idi və bu səbəbdən layihəni dəstəkləməkdən imtina edirdilər. Buna baxmayaraq, 1877-ci ildə Lüdviq Nobelin layihəsi və konstruktor Sven Almkvisitin iştirakı ilə dünyada ilk neft tankeri inşa edildi.
Bu gəmi mühəndis cəsarətinin əsl nümunəsi idi: polad gövdə, 21 metal sistern, 242 tona qədər neft və ya kerosin daşımaq imkanı, dayanıqlıq üçün ballast tankları, maye yanacaqla işləyən buxar maşını və 10 knotsa (“düyün”) qədər qalxan sürət. Gəminin ölçüləri Rus imperiyası logistikasının reallıqlarına uyğunlaşdırılmışdı – eni Mariinski su-kanal sisteminin şlyuzlarının ölçülərinə hesablanmışdı. Gəminin adı da rəmzi məna daşıyırdı – qədim dövrlərdə yaşamış peyğəmbərin şərəfinə “Zərdüşt” adlandırılaraq, sanki alovun və enerjinin müqəddəsliyini ehtiva edirdi.


Tankerin xidmət edəcəyi yerə gedən yolu asan olmadı: suya dalması kanalların ölçüsü ilə müqayisədə həddən artıq dərin idi və buna görə neft sisternləri ayrıca gətirildi. Bakıda isə “Zərdüşt” tankeri tam şəkildə istismara verildi. Bakı limanında neftin gəmiyə yüklənib-boşaldılması üçün buxar nasosu quraşdırıldı.

“Zərdüşt”ün istismarı ideyanın səmərəliliyini sübut etdi və tanker donanmasının inkişafı başlandı. Onun ardınca filosofların, peyğəmbərlərin və alimlərin adlarını daşıyan gəmilər ərsəyə gətirildi – “Budda” və “Sokrat”dan tutmuş “Darvin” və «Spinoza»ya qədər müxtəlif adlı gəmilər istismara verildi. Əsrin sonuna doğru Nobel qardaşları dünyanın ən iri tanker donanmasına sahib oldular: yüzlərlə neftdaşıyan gəmi Bakı neftinin Rusiya və dünya bazarlarına ixracını təmin edirdi.
İlk neft tankerinin taleyi həm faciəvi, həm də möhtəşəm oldu. 1949-cu ildə dünyada ilk dəfə açıq dənizdə neft şəhəri – Neft Daşları yaradılarkən “Zərdüşt” batırılaraq betonla dolduruldu və süni adanın bünövrəsinin bir hissəsinə çevrildi. Beləliklə də, maye yüklərin daşınmasında inqilab etmiş gəmi həmişəlik dənizdə qaldı, lakin artıq bir gəmi kimi deyil, yeni neft dövrünün təməlinə çevrildi.
“Zərdüşt”ün istifadəyə verilməsi daşınma xərclərini kəskin şəkildə azaltdı və Bakıya qlobal neft yarışında strateji üstünlük qazandırdı. 1878-ci ildən sonra tanker tikintisi texnologiyası həqiqətən də çox sürətli addımlarla irəlilədi: Xəzər dənizi bir neçə onilliklər ərzində dəniz neft texnologiyalarının ən böyük laboratoriyasına çevrildi.
Bu prosesdə əsas rolu “Nobel qardaşlarının Neft Cəmiyyəti” oynadı. Onlar yalnız neft hasilatına sərmayə qoymaqla kifayətlənmirdi, xammalın daşınması üçün infrastrukturu sistemli şəkildə formalaşdırırdılar. Bakıda bir-birinin ardınca simvolik və fəlsəfi adlar daşıyan tankerlər suya buraxılırdı: “Nordenşöld”, “Budda”, “Moisey”, “Maqomet”, “Sokrat”, “Spinoza”, “Darvin”, “Talmud”, «Quran». Gəmilərə verilən adlar təsadüfi seçilmirdi, onlarda həmin dövrün dünyagörüşü – elmə, tərəqqiyə və insan düşüncəsinin universallığına inam əks olunurdu.


XIX əsrin sonuna doğru tanker donanmasının həcmi həqiqətən də nəhəng ölçülərə çatdı və artıq 1 sentyabr 1899-cu il tarixinə Xəzər dənizində 345 tanker fəaliyyət göstərirdi ki, onlardan 133-ü buxarlı, 212-si isə yelkənli idi. Öz dövrü üçün bu, ixtisaslaşmış gəmilərin misilsiz konsentrasiyası idi və Xəzər dənizini planetimizin əsas neft nəqli qovşağına çevirdi. Bakı faktiki olaraq texnologiyaların, kapitalın və mühəndis düşüncəsinin bir nöqtədə cəmləndiyi müasir neftdaşıma mərkəzlərinin ilkin modeli rolunu oynadı.


Yeni mərhələ 1903-cü ildə Nobellərin “Vandal” tankerini inşa etməsi ilə başlandı. O, tarixə dünyada istilik enerjisi ilə işləyən ilk gəmi və eyni zamanda ilk dizel-elektrik mühərrikli gəmi kimi düşdü. Gəminin istismara verilməsi öz dövrünü qabaqlayan texnoloji sıçrayış idi: dizel mühərrikləri gəminin özünün daşıdığı neftlə işləyirdi. “Vandal”dan sonra onun bənzərləri – Volqa çayı üçün nəzərdə tutulan “Sarmat” və “Skif” istifadəyə verildi; məhz bu gəmilər vasitəsilə Nobellərin hasil etdiyi neft Rusiya imperiyasının daha uzaq ərazilərinə doğru yol alırdı.


Maraqlı məqamlardan biri də odur ki, Nobel qardaşları özləri də ideyalarının universallığını aydın şəkildə dərk edirdilər. Onların məntiqinə görə tanker sadəcə gəmi növü deyil, bir funksiyadır. Bu funksiyanı buxar gəmisi də, teploxod da, barja və hətta şxun da yerinə yetirə bilərdi. Məhz bu yanaşma neft donanmasını çevik və daha geniş əhatəli etdi ki, bu da sürətlə böyüyən bazar şəraitində xüsusilə mühüm əhəmiyyət kəsb edirdi.
Gəmiçilik tarixində ayrıca bir səhifə isə Rusiya imperiyası tərkibində yaşayan xalqların milli adlarını daşıyan gəmilər seriyasının yaradılması oldu: “Başqırd”, “Kalmık”, “Tatar”, “Türkmən”, “Finn”, “Çeçen”, “Yakut” və bir sıra digər gəmilər istismara verildi. Bu gəmilərin əksəriyyəti də tanker funksiyasını yerinə yetirir, Nobel qardaşlarının ölkənin su arteriyalarındakı mövqelərini daha da gücləndirirdi.


Nəticədə “Nobel qardaşlarının Neft Cəmiyyəti” əvvəlcə dünyanın ilk, daha sonra isə ən böyük tanker donanmasının sahibi oldu. Bakının və Nobel qardaşlarının əsas mirası isə nə rəqəmlərdir, nə də daşınmaların həcmi. Əsas miras XX və XXI əsrlərin qlobal iqtisadiyyatının təməli olan neft gəmiçiliyi ideyasının özüdür. Məhz bu ideya sayəsində Bakı təkcə neft şəhərinə deyil, yeni dünya reallığının başlanğıc nöqtəsinə çevrildi. İlk dəfə Bakı əyanı şəkildə nümayiş etdirdi ki, xammalın dəyəri yalnız onun mövcudluğu ilə deyil, həm də onu ehtiyac olan yerə çatdırmaq bacarığı ilə ölçülür. Bir eksperimental tanker ticarətin, sənayenin və gəmiçilik sahəsinin məntiqini dəyişərək Bakı mədənlərini qlobal iqtisadiyyatla birləşdirdi.
Bu gün dəniz sularında minlərlə neftdaşıyan gəminin üzməsinin şahidi olduğumuz üçündür ki, haqqında söhbət açdığım əhvalat sensasiya kimi görünmür. Eyni zamanda bu tarixi faktlar onu xatırladır ki, böyük texnoloji dönüşlər sadə suallarla və cəsarətli cavablarla başlayır. Bu cavablardan biri isə Xəzərdə – Bakıda verildi; məhz bu şəhərdə ilk dəfə 1878-ci ildə suya buraxılmış Bakı tankerinin sisternlərində neft bütün dünyaya yol tapdı.
Hacı Cavadov