2025-ci il mayın 21-də Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammitində əhəmiyyəti ilə yeni bir dövrün başlanğıcını simvolizə edən mühüm hadisə baş verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışında səsləndirdiyi təşəbbüs iclas zalının divarlarını aşaraq, dünyanın geosiyasi və iqlim gündəliklərində güclü əks-səda doğurdu.
Dövlət başçısı həmkarlarına ötən ilin noyabrında Bakının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) mühüm nəticələrini təqdim etdi. Eyni zamanda XXI əsrin artıq siyasi termini kimi qəbul edilən yeni anlayış səsləndi – “Bakı sıçrayışı”.
Bu ifadənin arxasında nə dayanır? Bu, sadəcə bir şüar və ya ritorik fiqur deyil. Bu, Xəzər sahilində doğulub qlobal miqyasda səslənən yeni bir iqlim fəlsəfəsidir.
Azərbaycan – iqlim məsuliyyətinin yeni memarı
Azərbaycanın qlobal iqlim proseslərində iştirakı onun unikal coğrafi mövqeyinə, Şərqlə Qərb arasında mədəni körpü roluna və enerji reallıqlarına əsaslanır. Lakin məhz COP29 Azərbaycanın dünya miqyasında rolunu köklü şəkildə dəyişdi. Uzun illər neft gücü ilə tanınan ölkə nadir bir siyasi-ekoloji transformasiyaya imza atdı: karbohidrogen ixracatçısından ilhamverici iqlim diplomatiyası liderinə çevrildi.
Prezident İlham Əliyevin sözlərinə görə, COP29 sadəcə beynəlxalq tədbir deyildi – Azərbaycan burada gələcəyin əsaslarını qoydu. Forum çərçivəsində əldə edilən razılaşmalar sırasında inkişaf etməkdə olan ölkələrə yaşıl texnologiyaların ötürülməsi, təmiz enerji layihələrinə beynəlxalq maliyyə dəstəyi, yeni iqlim fondlarının yaradılması və enerji keçidi üzrə təşəbbüslərin startı xüsusi yer tutur.
Azərbaycan bu prosesdə müşahidəçi yox, lokomotiv rolunda çıxış etdi. Elə “Bakı sıçrayışı” da konkret mənaya çevrildi: söhbət dövrlərarası sıçrayışdan gedir – sənaye əsrindən postkarbon cəmiyyətə, neftdən asılılıqdan təbiət, iqtisadiyyat və tərəqqi arasında balanslı bir gələcəyə keçiddən.
İqlim — Yeni geosiyasət: Günəş və külək dilində danışan diplomatiya
Budapeşt sammitində Prezident İlham Əliyev COP29-la bütöv türk dünyasının gələcəyi arasında konseptual bir körpü qurdu. Onun çıxışında aydın bir mesaj vardı: iqlim dəyişikliklərinə qarşı mübarizə artıq ayrıca bir mövzu deyil, ümumi inkişaf fəlsəfəsidir. Bu fəlsəfənin əsas sütunu isə Prezidentin irəli sürdüyü təklif oldu – “Türk Dünyası Yaşıl Enerji Alyansı”nın yaradılması.
Bu təşəbbüs utopik bir ideya kimi deyil, strateji istiqamət kimi qəbul olundu. Hətta bu alyans, mahiyyət etibarilə, əks-tərəfli bir OPEK rolunu oynaya bilər. Bu dəfə neft hasilatında deyil, bərpa olunan enerji mənbələrinə keçid və birgə hidrogen, günəş və külək layihələri sahəsində.
Prezident türk dünyası ölkələri arasında, eləcə də qlobal səviyyədə ümumi iqlim əməkdaşlıq platformalarının və mexanizmlərinin qurulmasına çağırış etdi. Bu, mədəni yaxınlıqdan enerji tərəfdaşlığına, birgə infrastruktur təşəbbüslərinə doğru regional inteqrasiyada yeni bir səhifənin açılmasıdır.
“Bakı modeli”: Üslub, intellekt və məsuliyyətlə formalaşan iqlim elitası
COP29 dünyaya sübut etdi ki, Azərbaycan yüksək siyasət, milli kimlik və qlobal gündəmi vahid və harmonik bir sistemdə birləşdirmək bacarığına malikdir. Forumun təşkili özü bu fikri təsdiqləyirdi: Bakı sadəcə COP tədbirini qəbul etmədi, onu ilin əsas iqlim hadisəsinə çevirdi. Burada Şərq və Qərb, ənənə və innovasiya, mədəniyyət və iqtisadiyyat bir nöqtədə birləşdi.
Azərbaycanın dünyaya təqdim etdiyi yaşıl inkişaf modeli aşağıdakı təməl prinsiplərə söykənir:
İxrac olunan konkret milli emissiya hədəfləri;
Beynəlxalq tərəfdaşlarla yaşıl investisiya proqramı;
Davamlı texnologiyalar üzrə regional mərkəzlərin yaradılması;
Ekoloji təhsil və yaşıl mədəniyyətin təşviqi.
Bu, sadəcə deklarasiya deyil, artıq tətbiq olunan, maliyyələşdirilən, beynəlxalq dəstək qazanan real mexanizmlərdir.
Enerji təhlükəsizliyinin və dayanıqlı gələcəyin lideri
Budapeştdə Prezident İlham Əliyevin çıxışı bir daha sübut etdi ki, müasir lider sadəcə dövlət adamı deyil, həm də strateq, qlobal meyilləri öncədən görüb onlara hazırlaşmağı bacaran bir şəxsiyyət olmalıdır.
Dövlət başçısı iqlim əməkdaşlığına dair özünəməxsus konsepsiyanı təqdim etdi. Bu konsepsiya real çağırışlar fonunda formalaşmışdı. İlham Əliyev spiker kimi yox, məna yaradan lider kimi çıxış edir. Onun dili diplomatikdir, lakin mövqeyi elmi, praqmatik və humanist əsaslara söykənir. Onun siyasəti milli məsuliyyət və qlobal açıqfikirliyin sintezidir.
Azərbaycanın təqdim etdiyi ölkə imici enerji, ekologiya və beynəlxalq siyasətdə həm resurs, həm də həll mənbəyi olmağı bacaran bir dövlət obrazıdır.
“Bakı sıçrayışı”: Gələcəyin fəlsəfəsi və ümidin coğrafiyası
“Bakı sıçrayışı” anlayışının qlobal iqlim leksikonuna daxil olması təsadüfi deyil. Bu, sadəcə ifadə yox, bir hərəkata çevrilmiş fəlsəfədir. Bu sıçrayış sürətdən deyil, hündürlükdən danışır. Bu, dövlətin köhnə paradiqmaların cazibəsindən xilas olub, qlobal maraqlar səviyyəsində danışmağa başladığı anı təmsil edir.
COP29, yaşıl enerji alyansı təşəbbüsü, iqlim həmrəyliyi üzrə diplomatiya və Azərbaycanın ölçülmüş siyasi strategiyası – bütün bunlar tək-tək epizodlar deyil, vahid bir strateji modelin tərkib hissələridir. Bu modeldə Azərbaycan ideyaların, qərarların və fəaliyyətin mərkəzinə çevrilir.
Beləliklə, Azərbaycan artıq xəritədəki nöqtə deyil, gələcəyə aparan bir vektor oldu.
Bir neçə il sonra qlobal iqlim transformasiyasının tarixçəsi yazılarkən, ilk səslənən adlardan biri mütləq Bakı olacaq.
Əbülfəz Babazadə