Xəzər dənizinin səssiz sularında, Bakı sahillərindən cəmi 5–10 kilometr məsafədə yerləşən bir ada var – bir vaxtlar “Nargin”, bu gün isə “Böyük Zirə” adlanan ada. Rəsmi xəritələrdə adı sadəcə bir coğrafi ərazi kimi keçsə də, onun torpağı yüzlərlə faciənin, minlərlə insanın unudulmuş xatirəsinin daşıyıcısıdır. Hər nə qədər bu ada illərlə hərbi ərazi kimi qapalı saxlanılsa da, onun keçmişi tariximizin ən qaranlıq, eyni zamanda ən dərin izlərindən birinə çevrilib.
I Dünya Müharibəsi faciəsi: “Cəhənnəm adası”
1914–1915-ci illər. Osmanlı ilə Rusiya imperiyası arasında Sarıqamış döyüşü baş verir. Minlərlə türk əsgəri əsir düşərək Bakıya gətirilir. Onların böyük hissəsi Nargin adasına, o vaxtkı adla “ölüm adasına” yerləşdirilir. Əsir düşərgəsindəki şərait isə sözün əsl mənasında insanlıqdan uzaq idi: aclıq, vəba, işgəncə, qeyri-insani rəftar bu insanları qısa zamanda ölümə sürüklədi.
Bəzi şahidlərə görə adada gündə 40-45 əsir ölürdü. Bəzi türk əsirlər isə üzərək sahilə – Zığ yarımadasına qaçmağa çalışırdılar. Onlara yerli əhali, o cümlədən Bakı milyonçuları (Ağa Musa Nağıyev, Murtuza Muxtarov və başqaları) tərəfindən yardım göstərildiyi tarixi mənbələrdə qeyd olunur. Bu hadisələr Nargin adasının təkcə hərbi yox, eyni zamanda insani və mənəvi cəhətdən böyük faciə məkanına çevrildiyini göstərir.
Sovet dönəmi və yeni repressiyalar
Azərbaycanın sovetləşməsindən sonra, xüsusilə 1930–1950-ci illərdə Nargin adası yeni bir vəhşilik dalğasına şahidlik edir. Stalin repressiyaları zamanı buraya siyasi məhbuslar gətirilir və qapalı şəkildə məhv edilirdi. Bəzi mənbələrdə həmin şəxslərin barjalarla dənizin ortasına aparılaraq dənizə atıldığı qeyd olunur.
Bu dövrün izləri, adada yerləşən tərk edilmiş bunker və yeraltı keçidlərdə hələ də görünür. Adada yeraltı qazamatlar, ağır beton istehkamlar və içərisində insanların adları yazılmış divarlar Narginin ikinci faciəli dövrünün səssiz şahidləridir.
Strateji mövqe və mayak tarixi
Nargin adasının strateji əhəmiyyəti də danılmazdır. Hələ 1884-cü ildə burada mayak tikilmişdi. 1885-ci ilin yanvarında “Pilot qeydləri” adlı rus dərgisində yazılır: “Hidrologiya departamentinin dənizçilərə nəzarət şöbəsindən verilən məlumatda bildirilir ki, Xəzər dənizində – Nargin adasının qərb qurtaracağında, Bakı buxtasının girişində yeni mayak işıqlandırma üçün açıqdır”.
II Dünya Müharibəsinin əvvəlində alman aviasiyasının diqqətini cəlb etməməsi üçün Nargindəki mayak partladılıb və adada zenit silahlar yerləşdirilib. Mayak yalnız 1958-ci ildə bərpa edilib: adanın ortasındakı bir təpədə 18 metr hündürlüyündə daşdan ibarət olan, fənər quraşdırılan qüllə inşa edilib və o, mürəkkəb optik naviqasiya sistemi ilə təchiz olunub. Ada həm dəniz yollarının təhlükəsizliyi, həm də hərbi nəzarət baxımından vacib mövqe daşıyıb.
Qalıqlar və simvolik yaddaş
Bu gün adaya giriş qadağandır. Amma oradakı qalıqlar – yararsız vəziyyətdəki bina karkasları, divarlardakı yazılar, yeraltı keçidlər və qaranlıq kameralar – bütün bu səssiz izlər faciənin hələ də tam olaraq danışılmadığını göstərir. Nargin adası təkcə fiziki məkan deyil – həm də kollektiv yaddaşın, unudulmuş travmaların məkanıdır.
Nargin, yalnız faciə ilə deyil, eyni zamanda insanlığın çətin dövrlərdə necə rəftar etdiyini xatırladan mühüm bir simvoldur. Onu unutmaq – bir daha baş verməsinə imkan yaratmaq deməkdir.
Xanım Aydın