Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/24/2026

Paylaşın

HƏR ŞEYDƏN

“Nağıl” və “Abşeron”: Bakının şipşirin xatirələri

Tort, "Nağıl" tortu, "Abşeron" tortu

Bakının keçmişindən danışanda göz önünə təkcə köhnə küçələr, tramvaylar, həyətlər, balkonlardan asılan xalçalar gəlmir. Bəzən bir şəhərin yaddaşı hansısa qoxuda, bir musiqidə, hətta sadə bir dilim tortda gizlənir.

Məsələn, “Nağıl” tortunda…

Bir vaxtlar Bakıda “Nağıl” və “Abşeron” tortları vardı. Onlar indiki kimi yüzlərlə çeşidin arasında itib-batmazdı. Əksinə, adı çəkiləndə hər kəsin gözündə eyni tanış mənzərə yaranardı. Şirniyyat dükanının vitrini, tort üçün növbə, evə aparılan karton qutu və qutunun içindən gələn o özünəməxsus şirin qoxu…

“Nağıl” tortu daha münasib qiymətə idi. Buna görə də tələbələrin, gənc ailələrin sevimlisi sayılırdı. Maaşdan, təqaüddən bir az qənaət edib alınan tortun özü də bir hadisə idi. Evdə çay süfrəsi qurulur, tort ortalığa qoyulur, hamı bir anlıq gözünü ona dikirdi.

Amma tort hələ kəsilməmiş bir təhlükə də vardı… Üstündəki rəngbərəng marmelad dilimləri. Ailənin ən səbirsiz, ən şıltaq uşaqları böyüklər “tortu sonra kəsərik” deyənə qədər gözləyə bilməzdi. Əl yavaşca uzanardı, marmelad dilimlərindən biri qoparılardı. Bəzən elə ustalıqla edilərdi ki, heç kim bilməsin. Bəzən də üstü dağıldığı üçün cinayətkar dərhal məlum olardı. Və qəribəsi budur ki, o marmeladın dadı indi heç yerdə yoxdur. Bəlkə də marmelad dəyişməyib. Sadəcə uşaqlıq dəyişib.

“Abşeron” tortu isə tamam başqa aləm idi. Daha bahalı, daha xüsusi, daha çox arzulanan… Hər şirniyyat dükanında tapılmırdı. Ona görə də “Abşeron var” xəbəri özü belə sevindirici hadisə idi. Ad günlərində, nişanlarda, toylarda, xüsusi qonaqlıqlarda süfrəyə qoyulurdu. Tortdan çox, süfrənin bəzəyi idi.

Qutusu açılan kimi hamının diqqəti ona yönəlirdi. “Abşeron”un özünəməxsus dadı vardı. Elə bir dad ki, illər keçsə də insanın yaddaşından silinmir.

İndi Bakıda şirniyyat dükanlarının sayı-hesabı yoxdur. Rəflərdə dünyanın müxtəlif mətbəxlərindən yüzlərlə desert, rəngbərəng tortlar, eklerlər, makaronlar, çizkeyklər düzülüb. Texnologiya dəyişib, zövqlər dəyişib, şirniyyat mədəniyyəti də xeyli zənginləşib. Amma “Nağıl”ın marmeladı, “Abşeron”un dadı tamam alayı məsələdir. Çünki onların dadına uşaqlıq qarışıb.

O tortlar ad günlərimizi, ailə süfrələrimizi, tələbəlik illərimizi, qonaqlıqlarımızı xatırladır. Biz bununla bir dilim tortu yox, həmin tortun ətrafında olan insanları xatırlayırıq: mətbəxdə çay süzən anamızı, işdən gələndə tortu alıb gətirən atamızı, marmeladı gizlicə götürən uşaqları, süfrə başındakı söhbətləri… Ona görə də bu gün Bakıda nə qədər gözəl, nə qədər müasir, nə qədər dadlı şirniyyat olsa da, həmin o tortların yerini heç nə vermir. “Nağıl” da elə bir dad idi, “Abşeron” da.

Və bəlkə də ona görə illər keçsə belə, bir gün şirniyyat vitrininin qarşısında dayanıb həmin adları görmək istəyirik. Sadəcə tort almaq üçün yox. Bir az da köhnə Bakıya – uşaqlığımıza qayıtmaq üçün…

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yəni Bakı yayında kölgə tapmaq da bir şəhər bacarığıdır.

Ən son

HƏR ŞEYDƏN

Bəzən bir şəhərin yaddaşı hansısa qoxuda, bir musiqidə, hətta sadə bir dilim tortda gizlənir.

HƏR ŞEYDƏN

Bəzən bir şəhərin yaddaşı hansısa qoxuda, bir musiqidə, hətta sadə bir dilim tortda gizlənir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin