Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH), Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, millət vəkillərinin, şəhid ailələrinin, Vətən Müharıbəsi qazilərinin və rayon gənclərinin iştirakı ilə BŞİH-nin və Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitunun layihəsi olan “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı kitabın təqdimatı keçirilib.
Baki-Baku.az xəbər verir ki, müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin büstü önünə güllər düzüldükdən sonra qonaqlar məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbir iştirakçıları kitabla bağlı hazırlanmış video-filmə baxıb.
Təqdimat mərasimini giriş sözü ilə açan Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov bildirib ki, bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən yaradılan Azərbaycanın iqtisadi-siyasi modeli özünü tam doğruldub: “Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutu ilə birgə hazırlanan 44 günlük Vətən müharibəsinə həsr edilmiş əvvəlki kitabın davamı kimi çap edilən yeni kitab Vətən müharibəsindən keçən dövr ərzində Azərbaycanda baş verən çox mühüm hadisələrə həsr edilib.
“Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabında bir günlük anti-terror əməliyyatı nəticəsində ölkəmizin suverenliyinin bərpası, Xankəndi, Ağdərə, Əsgəran, Xocavənddə dövlət bayrağımızın ucaldılması və Xankəndidəki tarixi hərbi parad, qısa zaman kəsiyində işğaldan azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, yeni infrastrukturun yaradılması, Böyük Qayıdış Proqramına uyğun keçmiş məcburu köçkünlərin öz doğma yurdlarına qayıdışı kimi çox mühüm tarixi hadisələr öz əksini tapıb”.
Sonra tədbirdə çıxış edən Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Vaqif Şadlinski, Milli Məclisin deputatları- Məlahət İbrahimqızı, Afət Həsənova, Fatma Yıldırım, Asif Əsgərov və Elman Nəsirov yeni çap edilən kitabın əhəmiyyətini qeyd edərək bu nəşrin müharibə həqiqətlərinin və sonrakı dövrdə əldə edilən nailiyyətlərin təhlili və gələcək nəsillərə düzgün çatdırılmasının geniş təbliğində mühüm rol oynayacağını vurğulayıblar.