Üçüncü yazı
Siyasi fəaliyyətə Odessada, Novorassiski, İmperator Universitetində təhsil aldığı illərdə Tələbə hərəkatında başlayan, Tiflisin elmi-mədəni Bakının və Təbrizin ictimai-siyasi mühitində yetişən, Qori Müəllimlər Seminariyasının inqilab abı-havasını ruhuna köçürən, Təbriz hərəkatındakı yerinə və roluna görə Metex qalasına salınan, sonra isə Həştərxana sürgün edilən, Bakıya döndükdən, bəraətindən sonra yenidən siyasi fəaliyyətinin Həştərxan və Moskva dövrünü yaşayan Nəriman Nərimanov Azərbacycan Xalq Cümhuriyyəti Qızıl Ordunun qırmızı terroruna qurban getdikdən, Bakı al qana boyanandıqdan sonra Vətənə qədəm qoydu. Bu onun müəllim, yazıçı, publisist, həkim, ictimai-siyasi xadim kimi dönüşü idi. Tarixçilər onu Nərimanovun aldanışı, prosesləri diqqətlə incələyib tədqiq etməyənlər, ayrı-ayrı ölkələrin Siyasi Sənədlər arxivində mühafizə olunan rəsmi sənədlərdən, tarixi məktublardan xəbəri olmayanlar Nərimanovun xəyanəti, Şura Hökumətinin “Sapı özümüzdən olan Balta” ilə başımızı kəsməyi kimi qiymətləndirirlər.

Həqiqət isə fərqli, tamamilə fərqlidir. Nərimanov sosial demokrat idi. Xalqını azad, dövlətini müstəqil, millətini firavan görmək istəyirdi. Leninin “Bütün ölkələrin proletarları birləşin şüarı onu qane edirdi!” Güney Azərbaycanda “Mücahid” Partiyasının – daha doğrusu nizamnaməsi partiya sənədindən daha mükəmməl olan Təşkilatın qurucuları sırasında yer alan Nərimanov “Hümmət”in qurucularından idi. Dövrünün bütün sosial demokratları kimi “Ümmətin” nicatını “Hümmət”də, şimalda, Mərkəzdə – RSFSR-də görür, “Şimal Günəşinə” ümid edirdi. Al bayraqları, oraq-çəkicli quruluş özü ilə dəyişən formasiyanı gətirsə də, əldə saxlamaq, tutmaq olmadı…

Azərbaycanda daşnak siyasəti tam gücü ilə həyata keçirilirdi…
Tarixi faktlar Azərbaycan Respublikası Prezindentinin İşlər İdarəsinin Siyasi sənədlər arxivində qorunan rəsmi sənədlər, Leninin, Çiçerinin 1919-cu ildə Nərimanova, Nərimanovun 1921-ci ildə V.İ.Leninə, Trotskiyə, Çiçerinə ünvanladığı məktublar bir daha sübut edir ki, Marksizm-Leninizm şüarı ilə başlayan, daha doğrusu təməli qoyulan Şura Hökumətinin Marksizm-Leninizm-Stalinizm düsturuna keçidi Orconikidze, Kirov, Myasnikov (Myasnikyan), Maxaradze, Mikoyan-Beriya xəyanətinin Mərkəzdə kök salması, sosializmin prinsiplərini bəri başdan pozulması, Nərimanovun dili ilə desək Bolşevizmin vəd olunan idarəçilik sistemi, ərazi bütövlüyü məsələlərinin, etimad və etibar mexanizminin çürüməsi, hər şeyin alt-üst olması, yerlərdə hökumətə inamsızlığın yaranması, “banditizm və terrorizm”in meydana çıxması ilə nəticələndi. Avropanın sərhədlərində yerləşən Latviya, Litviya, Estoniya, Moldova kimi dövlətlərin sırasında Şimali Qafqaz respublikalarının, Azərbaycanın da yer alması əslində Qafqazlarda, xüsusi ilə Gürcüstan sərhədlərində, Azərbaycanda tarixi torpaqlarında yaşayan azərbaycanlıların sıxışdırılması, doğma vətənində qurulan Ermənistan SSR-nin torpaq iddiaları, Mərkəzin ermənilərin və gürcülərin istəyi ilə Zəngəzur, Zaqatala məsələsini gündəmə gətirməsi, Qarabağ Muxtar Vilayətinin, Naxçıvan Muxtar Respbublikasının, Dağıstan Muxtar Vilayətinin qurulması Şura hökumətinin təməlinin qoyulması, inqilabın baş tutuması üçün Şərq xalqlarını səfərbər edən Nəriman Nərimanovda nigarançılıq və narahatlıq yaradır ki, bu da etiraz məktubları, notaları ilə nəticələnir. Yerli əhalinin etirazını, “Azərbaycan xalqının mənafeyinə zidd siyasəti cəsarətlə özündə ehtiva edən, Mərkəz qarşısında mühüm məsələləri qaldıran “Şərq məsələsi”, “Azərbaycanda vəziyyət” bölmələrindən ibarət “Ucqarlarda inqilabımızın tarixinə dair” irihəcmli məktub-mərizəni Mərkəzi Komitəyə, İ.Stalinə, L.Trotskiyə, K.Radekə göndərən Nərimanov inamla çıxdığı yolda üzləşdiyi inamsızlıqla qələmə aldığı məktubda Azərbaycan xalqının Mərkəzdəki düşmənlərinin gözünün içinə baxa-baxa kədərlə yazırdı: “Bu sənədin işıq üzü görməyə imkanı yoxdur, lakin vaxt olacaq ki, tarix bizim qəzanın müqəssirlərini axtaracaqdır…”
“Hal-hazırda Azərbaycanda Azərbaycanı təmsil edən partiya yoxdur… partiya günbəgün deyil, saatbasaat parçalanır… Azərbaycanda daşnak siyasəti tam gücü ilə həyata keçirilir… Serqo Orconikidze və Stalinin simasında AKP MK biz türklərə etibar etmir və Azərbaycanın taleyini erməni daşnaklarına tapşırır”.

Sovetləşmənin ilk günlərindən Azərbaycanın hakim elitasında milli məsələnin həlli yolları ətrafında ixtilalar başladı
Cümhuriyyət zamanında Qarabağın qubernatoru, hərbi valisi Xosrov bəy Sultanovun müşaviri Qarabağda, Zəngəzurda xüsusi nüfuz sahibi olan, Nərimanovun əmri ilə Şuşa qəzasının İcraiyyə Komitəsinə sədr təyin edilən Şamil bəy Həbib bəy oğlu Mahmudbəyovun 15 fevral 1921-ci ildə komissar Nəriman Nərimanova ünvanladığı məktubda yerli əhalinin daşnaklar tərəfindən terrora məruz qaldığı Xosrov bəy Sultanovun və Sultan bəy Sultanovun Zəngəzur, Qarabağ insanını antiterror əməliyyatları ilə zorla qoruduğu, ümumiyyətlə bu ərazilərdə Şura hökumətinin təhlükə mənbəyinə çevrildiyini qeyd edir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, 609-cu Fondda mühafizə olunan rəsmi dövlət sənədi hələ Sovet hökumətinin Naxçıvanda da möhkəmlənə bilmədiyini, daşnaklar tərəfindən incidildiyi, güllə-boran edilən xalqın etirazı ilə üzləşdiyini sübut edir ki, Nərimanov bu barədə V.İ.Leninə ünvanladığı məktublarda digər məsələlərdən də söz açır. 1920-ci il mayın 20-də təntənə ilə qədəm qoyduğu Bakıda, Azərbaycanda ilk eşitdiyi acı həqiqətin “Azərbaycanı başdan-başa qarət edirlər, sağ və sola güllələyirlər” düşüncəsinin hələ də qaldığını, davam etdiyini vurğulayır, bunun yaxşı nəticə verməyəcəyini söyləyirdi ki, bu barədə tarix elmləri doktoru İlqar Niftəliyev “Xalq qəzeti”nin 19 mart 2024-cü il tarixli sayında dərc olunan “Nəriman Nərimanov və Azərbaycanın milli maraqları” məqaləsində qeyd edir: “Sovetləşmənin ilk günlərindən Azərbaycanın hakim elitasında milli məsələnin həlli yolları ətrafında ixtilalar başladı. Əslində, bu ixtilafların kökü əvvəlki illərdə qoyulmuşdu. 1918-ci ilin mart-aprel aylarında Bakı quberniyası ərazisində Sovet hakimiyyətinin qurulmasının acı təcrübəsi, yəni on minlərlə azərbaycanlının soyqırımı, yerli əhali arasında bolşeviklərə qarşı inamsızlıq və mənfi münasibət hisslərinin yaranmasına səbəb olmuşdur. Buna görə 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurucuları arasında 1918-ci ildə Bakı Xalq Komissarları Soveti hökuməti ilə bağlı olan və qanlı Mart hadisələrində fəal iştirak etmiş bir sıra bolşeviklərin olması təbii olaraq azərbaycanlılar arasında birmənalı qarşılanmamışdı. Müsəlman əhalisi “bolşevik” sözündən dəhşətə gəlirdi. Buna görə də, sovet hakimiyyətinin ilk günlərindən Nəriman Nərimanov milli məsələni həll edərkən 1918-ci ilin səhvlərinin təkrarlanmasına imkan verməyəcək bir siyasət yürütməyə çalışmışdı. Bu məsələni Nərimanov Moskvaya, RK (b)P Mərkəzi Komitəsinə, Vladimir İliç Leninin, İosif Stalinin ünvanına göndərdiyi məktublarda Kreml rəhbərliyi qarşısında dəfələrlə qaldırmışdı. Lakin Aprel işğalından sonra sovet hakimiyyətinin Azərbaycanda ilk addımları bir daha 1918-ci ildəki kimi milli məsələnin həllində səhvlərin təkrarlanacağına əsas verirdi. Təsadüfi deyil ki, 1920-ci ilin mayında N.Nərimanov Bakıya qayıtdıqdan sonra müsəlmanlar onu bu sözlərlə qarşıladılar: “Bəlkə də sizdən əvvəl baş verən bu özbaşınalığa son qoyulacaq … Azərbaycanı hərtərəfli qarət edirlər, sağa-sola güllələyirlər”. Buna görə Nərimanov Azərbaycan İnqilab Komitəsinin təsdiqi olmadan kimi isə güllələməyi qadağan edən bir neçə fərman imzaladı”.

“Nərimanovçuluğa”, daha doğrusu, azərbaycançılığa qarşı savaşda Orconikidze və Kirov daha qüvvətli idi
Bütün bu qeyd olunanlar acı həqiqətlər, Azərbaycan xalqının üzləşdiyi dəhşətlər idi. Siyasi fəaliyyətinin, İnqilab Komitəsinin sədri kimi ilk günlərdən Nərimanovun imzaladığı rəsmi sənədlər, fərman, əmr və göstərişlər isə onun ədalətli mövqeyi, vətənpərvər duyğuları ilə bağlı idi. Onun hakimiyyətə gəldiyi, fəaliyyətə başladığı ilk illər həm də siyasi, mənəvi baxımdan bölünmüş, ikiyə parçalanmış bir iqtidar, idarəçilik sistemi var idi: “Bir qrup kommunistin fikrincə Rusiya ilə bir dövlətdə yaşamaq şəraitində respublikanın hüquqları nisbətən geniş olmalı, dəyişikliklər həyata keçirilərkən yerli şərait, milli adət-ənənələr, din və dil amilləri tam şəkildə nəzərə alınmalı, respublikanın azərbaycanlı kommunistləri tərəfindən idarə edilməsi təmin olunmalı idi. Bu qrupun ən görkəmli nümayəndəsi Azərbaycan İnqilab Komitəsinin və Xalq Komissarları Şurasının sədri Nəriman Nərimanov idi. Beləliklə, Nəriman Nərimanov Azərbaycan Kommunist Partiyası daxilində milli sapınçılıq hərəkatının əsasını qoymuşdur. “Nərimanovçuluq” kimi tarixə daxil olmuş bu ideologiya heç də təsadüfən yaranmamışdı”.

Onun millət, məmləkət, Vətən sevgisini, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin ilk illərində kompleks şəkildə inkişaf etdirdiyi azərbaycançılıq Məfkurəsini özündə ehtiva edirdi. Nərimanovdan 100 il öncə Kazan və Peterburq Universitetinin Şərqşünaslıq bölümlərini qurucusu kimi tarix yaradan, əsərləri Çar Rusiyasında senzuradan kənar dərc edilən Mirzə Kazım bəy Çar Nikolayın hüzurunda tarixi bir kəlam işlətmişdi: “Şərqi xilas və tərəqqi etdirəcək insanlar Şərqin içərisindən çıxmalıdır”.
Mirzə Kazım bəy Dərbənd Şeyxülislamı Məhəmməd Qasım Kazım bəyin oğlu idi. O zamanlar, Şərq deyiləndə həm də Azərbaycan nəzərdə tutulurdu.

Nəriman Nərimanov 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin, sonra isə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri təyin olunmamışdan öncə, 1919-cu ildə Həştərxan Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlığın sədri, RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsinin müdiri təyin olunmuş, Xalq Milli İşlər komissarının müavini işləmiş, RK(b)PMK-nın qərarı ilə Şimali Qafqazda Sovet hakimiyyətini bərpa etmək üçün aprelin 8-də yaradılan Büronun üzvü seçilmiş, Leninin göstərişi ilə Güney Qafqaz müsəlmanlarının işləri üzrə komissar təyin edilmiş, Vladimir İliç Leninlə əksər görüşlərdə Qafqaz, Şərq, Türk dünyası və Azərbaycanla bağlı məsələləri müzakirə etmişdi. “Qafqazın fəthinə baxış” “Biz Qafqaza hansı şüurla gedirik?” məqalələri ilə Qafqazda bolşevik siyasətinin konturlarını müzakirə etmiş, İran və Türkiyə ilə həmsərhəddə yerləşən Azərbaycana və azərbaycanlılara fərqli münasibət sərgiləməsini tövsiyə etmiş, onların adət-ənənələrinə, milli dəyərlərinə diqqətlə yanaşılmasını İnqilabın, bolşevik hərəkatının vacib amillərindən hesab etmişdir. Onunla eyni kürsünü paylaşan digər Qafqazlı həmfikirləri, daha doğrusu onu gözü götürməyən partiyadaşları Moskvaya, Mərkəzə, Vladimir İliç Leninə açıq-açığına etiraz məktubları yazmaqdan, teleqram vurmaqdan, hətta onu şərləyib ləkələməkdən, nüfuzuna xələl gətirmək üçün siyasətçiyə yaraşmayan addımlardan da çəkinməmişdilər ki, bu barədə pedaqogika üzrə elmlər doktoru Zəhra Muradova “Respublika” qəzetinin 2020-ci il 29 iyul tarixli sayında dərc olunan “Nəriman Nərimanov” adlı məqaləsində qeyd edir: “Nərimanovun gəlişi ərəfəsində Orconikidze və Kirov Leninə teleqram göndərərək, “bütün Qafqaz və daha geniş ərazi üçün səlahiyyət” istəmiş, həm də “Nərimanova belə səlahiyyət verməməyi” məsləhət görmüşdülər. Nərimanovun gəlişindən əvvəl Naxçıvan qəzasından başqa, demək olar, bütün Azərbaycanda sovet hakimiyyəti qurulmuşdu…”

“Nərimanovçuluğa” daha doğrusu, azərbaycançılığa qarşı savaşda Orconikidze və Kirov daha qüvvətli idi. Onların mövqeyini dəstəkləyən Mikoyan, Mirzoyan, Sarkis Sarkisyan, hətta “sapı özümüzdən olan baltalar” – Ruhulla Axundov, Əliheydər Qarayev kimi solçu mövqeyi ilə Moskvanı dəstəkləyən, Nərimanovun sağçı, sapıncı, “Nərimanovçu” qrupuna daxil olan Möhsün Qədirli, Mircəfər Bağırov, Sultanməcid Əfəndiyev, Dadaş Bünyatzadə kimi milli-mənəvi dəyərlər, Azərbaycanın ərazi bütövlüyü uğrunda Mərkəzin üzərinə yeriyən, Zəngəzurun, Qarabağın, Naxçıvanın Ermənistana, Zaqatalanın Gürcüstana birləşdirilməsini, Bakını müstəqil şəhər kimi qalmasını, Azərbaycanın Cənubi Qafqaz Federasiyasına daxil olmasının əleyhinə çıxan, bunun üçün açıq-açığına mübarizə aparan yerli kommunistlər daxil idi. Aparılan araşdırmalar da sübut edir ki, Nəriman Nərimanovun Azərbaycandakı siyasi hakimiyyəti dövründə sağçılar və solçular arasında “soyuq müharibə” davam etmiş, solçular “Nərimanovçuluğu” məhv etmək, milli kadrları sıradan çıxarmaq üçün bütün imkanlarını səfərbər etmişlər. İş hətta o həddə çatmışdır ki, Nəriman Nərimanov dəfələrlə istefa ərizəsi yazmağa məcbur olmuşdur.

Nərimanov “nərimanovçuluq” kodeksinə, azərbaycançılıq məfkurəsinə söykənib milli mənlik, milli kimlik uğrunda mücadilə etdi
Proqramın yazılmasında, Qafqazlara gəlişində xüsusi rol oynayan Şura hökuməti, Mərkəz, Moskva, Vladimir İliç Lenin şübhəsiz ki, Nərimanovun haqlı olduğunu bilir, ancaq milli maraqlara söykənən mövqeyini ona bağışlamırdı. Nərimanovun isə istefa ərizələri yazmaqdan başqa yolu yox idi. O, ancaq bu vasitə ilə Vladimir İliç Leninin Mərkəzin diqqətini Azərbaycana, onun problemlərinə yönəldə bilərdi. Digər bir fakt isə bu idi ki, Nərimanovun ölkənin baş kommunisti Vladimir İliç Lenin yanında əsl kommunist partiya qurucusu kimi xüsusi nüfuzu var idi. Bu səbəbdən də onun Moskvaya ünvanladığı tarixi məktubları, istefa ərizələri diqqətdən kənar qalmır. Qaldırdığı məsələlər müzakirəyə çıxarılır, Orconokidzenin, Mikoyan və Mirzoyanın, Kirovun təhdid dolu çıxışlarına baxmayaraq komissar Nərimanovu siyasi səhnədən birdən çıxarmaq, tutduğu vəzifədən kənarlaşdırmaq olmurdu. Bu digər ucqarların, orada fəaliyyət göstərən kommunistlərin Mərkəzə inamını itirərdi. Tarix elmləri doktoru İlqar Niftəliyev Solçuların Nərimanovu ittiham etdikləri məsələlər barədə rəsmi sənədlərə istinad edərək qeyd edir: “Sollar” hesab edirdi ki, Azərbaycan kəndində inqilab tam baş verməmişdi. Bunun üçün bəy mülklərini yandırmaq və beləliklə kəndlilərə inqilabın baş verdiyini hiss etməyə imkan vermək lazımdır. Sonralar böyük və kiçik burjuaziyaya bölünmədən tam müsadirənin həyata keçirilməsini tələb edirdi. Sağlar burjuaziyanın ilkin siyahısı və dəqiq ünvanlarının tərtib olunmasını və bu məlumatlar əsasında müsadirənin keçirilməsini təklif edirdi. İdarəetmə orqanlarının və əsas müəssisələrin işçilərinin milli tərkibi məsələsi də, sollara qarşı ittiham siyahısında idi. Azneftin və Bakı Sovetinin tərkibi əsasən qeyri-millətlərdən ibarət idi. Savad baxımından müsəlman fəhlələr ermənilərdən, gürcülərdən və ruslardan geridə idilər. Bunu nəzərə alaraq Nərimanov müsəlmanların səviyyəsini rus işçiləri səviyyəsinə qaldırmağı təklif edirdi ki, sonradan onlar dövlət quruculuğunda fəal iştirak edə bilsinlər. Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Borçalı qəzasında Qızılhacılı qəza məktəbini quran, Bakıya, böyük şəhərə də məktəb açmaq məqsədi ilə gələn, Həbib bəy Mahmudbəyov, Sultan Məcid Qənizadə ilə birlikdə Həsən bəy Zərdabinin, Hacı Zeynalabdin Tağıyevin arzularını gerçəyə çevirən, Rus-tatar və Realnı məktəbdəki fəaliyyətinə görə III dərəcəli Stanislav ordeninə layiq görülən, haradaa yaşamasından, çalışmasından asılı olmayaraq Ustad-Müəllim müqəddəsliyi yaşayan “Nadanlıq” əsərində qeyd etdiyi kimi “bəşəriyyətin geridə qalmış hissəsinə qüvvəsi çatdığı qədər kömək etmək” barədə düşünən, hətta RSFSR-nin ən ali kürsüsündə əyləşəndə belə, millət, məmləkət naminə bu andına sadiq qalan, 1924-cü il martın 20-də Moskvada partiyanın siyasi bürosunda “Neftdən gələn gəlirin böyük bir hissəsini Azərbaycanda maarifin və səhiyyənin inkişafına xərcləməsi məsələsini qaldırdı. F.Djerjinskinin etirazına baxmayaraq buna nail olan, öz tövsiyələrini Bakıya Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyova ünvanlayan Nəriman Nərimanov “nərimanovçuluq” kodeksinə, azərbaycançılıq məfkurəsinə söykənib milli mənlik, milli kimlik uğrunda mücadilə etdi. Mücahid ömrü sürdü, Şəhid ucalığı, müqəddəsliyi yaşadı.


Şərəf Cəlilli