Nəşr edilmişdir 02/24/2025

Paylaşın

TARİXİMİZ

Nərimanov rayonu – İki liderin bir ünvanı

Nərimanov rayonu - İki liderin bir ünvanı, Nərimanov, Nəriman Nərimanov, Heydər Əliyev, Nərimanov rayonu

Nərimanov rayonu – İki liderin bir ünvanı

Yeni, müasir tikililəri, elm, təhsil, mədəniyyət mərkəzləri, idman kompleksləri, məktəbləri, məşhur səhiyyə ocaqları, yaşıl, göz oxşayan parkları, bağları ilə Bakının ayrılmaz tərkib hissəsinə çevrilən, 1941-ci ilin yanvarında, Keşlə rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyə Komitəsi kimi təməli qoyulan, 1957-ci ilin avqustundan 1977-ci ilin oktyabrınadək isə Nərimanov rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyə Komitəsi kimi tanınan, 1991-ci ilin 20 noyabrından üzü buyana Nərimanov Rayon İcra Hakimiyyəti kimi fəaliyyət göstərən, Nəsimi, Xətai, Nizami, Binəqədi və Sabunçu rayonları ilə həmsərhəd olan Nərimanov rayonu Bakının mərkəzi rayonlarından biri olmaqla yanaşı, həm də, ölkənin geniş infrastruktura malik yaşayış məskənlərindəndir. “Gənclik”, “Nəriman Nərimanov”, “Ulduz” və “Bakmill” metrostansiyalarını əhatə edən Nərimanov rayonu, həm də, artıq yaşı yüz ili ötmüş və haqlamış tarixi tikililərin diyarıdır. Ötən əsrdə təməli qoyulan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dillər Universiteti, Tofiq Bəhrəmov adına Respublika Stadionu, Azərbaycan Elmi-Tədqiqat Tibbi-Bərpa İnstitutu, Böyük Vətən Müharibəsi İştirakçılarının “Qardaşlığı məzarlığı” xatirəsinə həsr olunan memorial abidə kompleksi, Bakı Zooloji Parkı, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gənclik” Qonaq evi məhz Nərimanov rayonunun ərazisində yerləşir. Ötən əsrin Sənaye Parkı kimi tanınan, bir çox məşhur zavodlara ev sahibliyi edən Nərimanov rayonunda Respublika Uşaq Stomatoloji Mərkəzi, Akademik C.M. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu –  Uşaq Kliniki Xəstəxanası, Respublika Uşaq Stomatoloji Mərkəzi, Psixi Sağlamlıq Mərkəzi, Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu, Azərbaycan Respbulikası DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalı, Azərbaycan Respublikası Dövləd Sərhəd Xidmətinin Hərbi Hospitalı, 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, 5 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Atletika Məktəbi, 10 saylı Uşaq-Gənclər İdman Məktəbi, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi, Su İdman növləri üzrə Respublika Yüksək İdman Ustalığı Məktəbi, Respublika Yüksək İdman Ustalığı Məktəbi, Respublika Atçılıq və Müasir Beşnövçülük Məktəbi, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası  kimi məşhur elm, təhsil və səhiyyə ocaqları da mövcuddur. “Dədə Qorqud Dünyası” parkı, “Atatürk” parkı, “Nərimanov” parkı ilə məşhur olan rayonda, ucaldılan Kitabi Dədə Qorqud abidəsi, Bakı Həştərxan dostluğu abidəsi, Böyük Özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin abidəsi, Milli Qəhrəmanlar – Albert Aqarunovun, Əliyar Əliyevin, Gültəkin Əsgərovanın, Koroğlu Rəhimovun büst və abidələri ölkəmizin tarixə və tarixi şəxsiyyətlərə münasibətinin göstəricisidir. Nərimanov rayonunun müasir inciləri sırasında yer alan Heydər Əliyev Mərkəzinin, Bakı Konqres Mərkəzinin, ADA Universitetinin, Bakıda İtaliya Universitetinin isə milli-mənəvi dəyərlər və beynəlxalq münasibətlər tariximizdə xüsusi rolu və yeri var.

Nərimanov rayonu milli-mənəvi dəyərlər tariximizdə mühüm məqama sahib olduğu kimi, həm də, dövlətçilik tariximizdə əvəzsiz yerlərdən birini tutur. İki qüdrətli dövlət xadiminin – Nəriman Nərimanovun və Ulu öndər Heydər Əliyevin adı ilə bağlı bir çox müqəddəsliklərə ünvan olan rayonda uzun müddət Ulu öndər Heydər Əliyev indi Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin tabeliyində olan “Gənclik” Qonaq Evində yaşayıb, övladlarını böyüdüb, unudulmaz Zərifə xanımın açdığı süfrələrin baş köşəsində yer alıb. Ulu Öndərə məxsus malikanədə məşhur simalar qonaq olub, Azərbaycan Respublikasının taleyi ilə bağlı möhtəşəm qərarların bir çoxu da məhz burada, bu müqəddəs mülkdə alınıb. Ulu Öndərin adı ilə bağlı şah əsərlər çoxdur, Heydər Əliyev Fondunun möhtəşəm binası, iqamətgahı ilə eyni sırada dayanan Heydər Əliyev Mərkəzi.. Mərkəz onun əzizlərinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun  Prezidenti xanım Mehriban Əliyevanın iradəsi, dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında qurulub.

Azərbaycanı kənd təsərrüfatı ölkəsi kimi təqdim edir, buralarda kapitalizm sisteminin, milli burjuaziyanın mövcud olmadığını deyirdilər

Bu gün leksikonumuza daxil olan “brend”, trend kimi ifadələri Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsində eşidirdi. Özü də Sovet vətəndaşlarından deyil, dünya insanlarından. Bir Şərq ölkəsi olsa da, Böyük İpək Yolu üzərində yerləşən Odlar Yurdu Azərbaycan Ulu öndər Heydər Əliyevin iradəsi ilə hələ Sovetlər dönəmində qüdrətli iqtisadiyyatı, sənayesi, intellektual potensialı ilə beynəlxalq arenada nüfuz sahibinə çevrilir, tanınırdı.

XIX əsrin sonu, XX yüz ilin önündə milli dövlətçilik tariximizdə yaşanan intibah mərhələsini Bakı, Bakı qarışıq Azərbaycan məhz Ulu Öndərin uzaqgörən siyasəti, analitik təfəkkürü, intellektual potensialı ilə məhz 70-80-ci illərdə yaşayırdı.

İri-iri sənaye obyektlərinin, zavod və fabriklərin tikilib istifadəyə verilməsi Moskvada, Mərkəzdə nüfuz sahibi olan Bakıya, Azərbaycana münasibətdə Stalin-Mikoyan-Beriya siyasətini davam etdirən erməni daşnakları və onların havadarları bu torpaqları, Azərbaycan Sovet Sosialist Respublikasını kənd təsərrüfatı ölkəsi kimi təqdim edir, buralarda ümumiyyətlə kapitalizm sisteminin, milli burjuaziyanın mövcud olmadığını, onun feodalizmdən sosializmə Şura hökumətinin dəstəyi ilə birbaşa keçdiyini sübut üçün əlindən gələni əsirgəmirdilər. 30-cu illərin müdhiş repressiyalarından, 1941-1945-ci illər müharibəsinin dəhşətlərindən, 50-ci illərin mənəvi terrorundan sonra Xruşov yumşalmasına qədəm qoyan Azərbaycan Stalin-Bağırov erasının bitməsi ilə İmam Mustafayev, Vəli Axundov dövrünün milli siyasətlə bağlı işartılarını yaşadığı bir ərəfədə Mərkəzi Komitənin iyul plenumu ilə əbədi intibahın yeni mərhələsinə qədəm qoydu. 1969-cu il iyulun 14-nə təsadüf edən bu tarixi hadisə Ulu öndər Heydər Əliyevin, daha doğrusu General Heydər Əlirza oğlu Əliyevin simasında ölkənin kompleks inkişafının, dirçəlişinin təməlini qoydu. 1969-cu ildən 1982-ci ilə qədər tarix üçün kiçik, tarixi hadisələr baxımdan olduqca zəngin 13 il ərzində qərinəyə, əsrə, epoxaya bərabər nailiyyətlərə, uğurlara imza atıldı. Azərbaycanda təkcə neft və kimya sənayesi istiqamətində deyil, maşınqayırma, cihazqayırma, metallurgiya sahəsində də tarixi nailiyyətlərə imza atıldı. Bakının sürətli inkişafı təkcə yüngül və ağır sənayenin qurulması ilə müşayiət olunmadı. İri-iri istehsal müəssisələrinin istifadəyə verilməsi ilə yanaşı, yeni-yeni yaşayış kompleksləri, mikrorayonlar, qəsəbələr quruldu. Tağıyevin toxuculuq fabrikindən sonra, indiki Bakı Tikiş Evinin, o zamankı Volodarski adına Tikiş fabrikinin işə düşməsi ölkədə trikotaj məhsullarına olan tələbatın böyük hissəsini ödəməklə kifayətlənmədi. Burada istehsal olunan geyim nümunələri təkcə SSRİ-də deyil, bir çox xarici sosialist dövlətlərinin məşhur univermaqlarının vitrinlərini bəzədi.

Heydər Əliyevin iradəsi ilə məşhur sənaye parkına, şəhərciyə çevrildi

Geniş, boş səhraları xatırladan Nərimanov rayonunun şoran, qumsal, mazut, neft qoxuyan torpaqlarının böyük bir qismi Ulu öndər Heydər Əliyevin iradəsi ilə məşhur sənaye parkına, şəhərciyə çevrildi. Bakı Neftayırma Zavodu, Bakı Dərin Özüllər Zavodu, Bakı Şifer Kombinatı, Leytenant Şmidt adına Maşınqayırma zavodu kimi ölkədə nüfuz sahibi olan zavodların sırasında yer alan, 1941-ci ildə təməli qoyulsa da, 1942-ci ildə fəaliyyətə başlayan, yenidən qurularaq ciddi bir istehsal müəssisəsi kimi SSRİ məkanında qəbul edilən Azərneft Kombinatının “Azərneftmaş” trestinin tərkibində Bakı Alət Zavodu Ulu Öndərin siyasi hakmiyyətinin birinci mərhələsini çevrələyən illər ərzində tərəqqi dövrünü, yaşayaraq SSRİ iqtisadiyyatının əsas sütunlarından birinə çevrildi.

Ulu Öndərin Moskvaya – Mərkəzə, SSRİ Nazilər Soveti sədrinin müavini vəzifəsinə keçməsi ilə ölkə iqtisadiyyatının digər sahələri kimi, bu məşhur zavod da, keçid dövrünün dəhşətləri ilə üzləşərək sükunət dolu illərin, deqredasiya dövrünü yaşadı.

Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə yenidən qurulan, tikilən, tərəqqi dövrünə qədəm qoyan zavod və fabriklərin sırasında ölkə iqtisadiyyatının, Azərbaycan sənayesinin aparıcı müəssisələrindən biri olan Bakı Alət Zavodu islahat proqramları çərçivəsində 1993-cü il oktyabrın 6-dan Bakı Cihazqayırma Zavodu adı altında “Geofizcihaz” İ.B-nin tərkibində Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində fəaliyyətinin yeni mərhələsinə qədəm qoydu.

1994-cü il sentyabrın 20-də dünyanın məşhur neft şirkətlərinin iştirakı ilə ölkədə “Əsrin müqaviləsi”nin imzalanması, neft sənayesinin yenidən qurulması, Dövlət Neft Şirkətinin, müasir dillə desək, SOCAR-ın ölkənin iqtisadi potensialının formalaşdırılması istiqamətində gerçəkləşdirdiyi mühüm layihələr çərçivəsində Bakı Cihazqayırma Zavodu da öz tarixi missiyasını yerinə yetirdi.

Ulu öndər Heydər Əliyevin iradəsi ilə İkinci Dünya müharibəsi dövründəki şöhrətini özünə qaytaran Bakı Alət Zavodu Varislik prinsipini dövlət idarəçilik təliminin bütün parametrlərində həyata keçirən Prezident İlham Əliyev hakimiyyətinin ilk üçüncü ilində ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi olaraq tarixlə müasirlik arasında körpüyə çevrildi. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aqreqat İstehsalat Birliyi Bakı Cihazqayırma Zavodu adı altında əldə etdiyi nailiyyətlərlə yerini və rolunu müəyyən etdi. 2006-cı ildən yeni, müasir standartlarla istehsal proseslərinə qoşulan zavod dünən olduğu kimi, bu gün də,  Nərimanov rayonunun,  Bakının, eləcə də Azərbaycanın iqtisadi inkişafına töhfə verməkdədir.

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə

Ən son

ƏSAS XƏBƏRLƏR, GÜNDƏM

Artıq bir neçə gündür ki, paytaxt Bakı şəhərində şaxtalı-qarlı hava şəraiti və intensiv yağan qar

ƏSAS XƏBƏRLƏR, GÜNDƏM

Artıq bir neçə gündür ki, paytaxt Bakı şəhərində şaxtalı-qarlı hava şəraiti və intensiv yağan qar