Nəşr edilmişdir 12/22/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Nəsir İmanquliyev – 113

Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin anadan olmasından 113 il ötür.

«Bakı» qəzeti fəaliyyətə başlayanda Nəsir müəllim «Gənc işçi», «Yeni yol», «Kommunist», «Döyüşən Krım» qəzetlərində, Bakı Şəhər Sovetində, Mərkəzi Komitədə, Radioinformasiya Baş İdarəsində, Radio və Televiziya Komitəsində məsul vəzifələrdə çalışmışdı. Sənətin, mədəniyyətin himayədarlarına çevrilib varlığını sübut etmişdi.
1958-ci il yanvarın 10-da işıq üzü görən, 35 min tirajla nəşrə başlayan «Bakı» milli-mətbuat tariximizə özünün səsi, nəfəsi, dəst-xətti ilə yazıldı. Oxucu auditoriyası ilə o dövrün məşhur qəzetlərinin səviyyəsinə çatdı. Dili, üslubu, yazı manerası, hadisələrə münasibəti, ictimai-siyasi və mədəni mühitdə baş verən olayları çevik, operativ şəkildə əks etdirməsi «Bakı»nı təkcə bakılıların deyil, bütün respublikanın sevimlisinə çevirdi. Bu qəzetin səhifələrində ilk dəfə idman şərhləri, beynəlxalq aləmdə baş verən hadisələrə münasibət, rəsmi və qeyri-rəsmi tədbirlərdən birbaşa reportajlar özünə yer aldı. Ana dilinin bütün incəlikləri ilə işıq üzü görən, orfoqrafiya və orfoepiya qaydalarına əməl edən, sözü müxtəlif çalarlarda oxucuya təqdim edən, ona baş yazarının üslubunu gətirən «Bakı» qəzeti ədəbi səhifələri ilə tez bir zamanda şöhrətlənməyə başladı. Respublikamızda və dünyada baş verən hadisələrə ayna tutan «Bakı» dövrünün məşhur qələm sahiblərinin, gənc istedadların, ədəbiyyatda, poeziyada, incəsənətdə, mədəniyyətdə, elmdə öz sözünü deməyə cəhd edən insanların tribunasına çevrildi.
«Bakı» qəzetinin daimi oxucusu tək mən də Həsən Seyidbəylinin, Balaş Azəroğlunun, Qılman İlkinin, Mir Cəlalın, Hüseyn Abbaszadənin, Rəsul Rzanın, Qabilin, Bəxtiyar Vahabzadənin, İsmayıl Şıxlının, Vidadi Babanlının, Anarın, Elçinin nəşriyyat üzü, senzura qayçısı görməyən əsərlərini isti-isti «Bakı» qəzetindən oxumuşam. «Ardı var» sonluğu ilə çap olunan roman və povestlərin baş qəhrəmanlarının taleyini öyrənmək üçün axşam saat 5-i səbirsizliklə gözləmişəm. Hamı kimi mən də qəzet köşklərinin önündə növbələrə dayanmışam. Onu da qeyd edim ki, «Bakı»nın məşhur olduğu dövrlərdə 150-200 min tirajla çap olunan, digər mətbu orqanlara meydan oxuyan qəzetlər var idi. «Kommunist», «Vışka», «Bakiniskiy raboçiy». Bu qəzetlərin məşhurluğu ancaq tirajında idi. Təkcə şəhərdə deyil, bölgələrdə də saysız-hesabsız məcburi abunəçiləri var idi. Sovet mətbuatının bütün çalarlarını, qayda-qanunlarını özündə yaşadan bu qəzetlərdən fərqli olaraq «Bakı» qəzeti özünün dəst-xətti, hadisələrə münasibəti, sənəti, mədəniyyəti himayə etmək məharəti ilə milli-mətbuatımızın zülmətləri yaran günəşinə çevrilmişdi.
* * *
Bu gün Qafqazın mədəni-siyasi mərkəzinə çevrilən, Şərqlə Qərbi TRASEKA, TASİS proqramlarında, İpək Yolu layihəsində bir-birinə qovuşduran Bakının 60-70-ci illəri elmi-texniki tərəqqinin, tikinti-quruculuq işlərinin əsasının qoyulduğu illər idi. Və Bakıya əyalətdən gələnlər təkcə çörək və iş deyil, elm, sənət, özünü- təsdiq dalıyca gəlirdilər. Bakı bu yönü, görkəmi ilə görüş yerinə dönmüşdü. Elmin, mədəniyyətin, ona könül verən insanların və bu illərin dastanını yaradan istedadların görüş yerinə.
Elm-təhsil ocaqlarından, tikinti meydançalarından, dənizkənarı parkdan, kinoteatr salonlarından başlayıb şadlıq evlərində bitən o görüşlərin bir ünvanı vardı: sevən könüllər, duyan ürəklər. Nəsir müəllim radionu «Bakı» qəzetinə dəyişəndə məhəbbətinin, sevgili peşəsinin dalıyca gedirdi. Tale onu jurnalistika, özü də məhz qəzet jurnalistikası üçün xəlq etmişdi.
Bütün 60-cılar kimi, o da sevgisinin görüşünə gəlmişdi. Görüş yeri «Bakı» qəzeti idi. Düz 30 il dəyişməyən bu ünvanda onu sevdikləri ilə mənalı, maraqlı, yaddaqalan, ürəyəyatımlı görüşlər gözləyirdi. Düz 30 il sərasər sevdiklərinlə ayqaranlıq gecədə, ulduz dolu kəhkəşanın altında eyni vaxtda, eyni saatda görüşə çıxmaq, ürəyini sevdiyinə vermək, sinəni dəftər, əlini qələm etmək, axşam görüşlərini səhər sözə köçürmək hər kişiyə – sevən aşiqə nəsib olmur. Görünür, Tanrı Nəsir müəllimin taleyinin bu üzünü də sevgili məqamlarında, sevdalı çağlarında xəlq etmişdi…
Yarım əsrdən çox pedaqoji fəaliyyəti üst-üstə yığsaq, Nəsir müəllimdən beş mindən bir az çox tələbə dərs almış olar. Ömrünün 30 ilini iki dildə nəşr olunan «Bakı» qəzetinə həsr edən Nəsir müəllimin azı beş milyondan çox şəyirdi olub. Çünki onun ruhunun aynası olan «Bakı»nın auditoriyası Azərbaycan boyda idi. Və bu auditoriya üçün nə rəsmi dairələrin sərəncamı, nə tikinti-quraşdırma işləri, nə də tədris planı lazım idi. Onun ünvanı könüllər, duyan qəlblər, görən gözlər, qərar çıxaran beyinlər idi.
Nəsir müəllimin «Bakı»sı sözün gerçək və məcazi mənasında paytaxtın güzgüsü idi. O aynada özünü əyri görən də, düz görən də var idi. Bu, məsələnin zahiri tərəfi idi. Batində isə «Bakı» mənəvi dəyərlərin cilalandığı, arınıb durulduğu, pisin yaxşıdan, aqilin cahildən seçildiyi əlçatmaz, ünyetməz bir dünyanın baş ocağı idi. Milli mədəniyyət tariximizdə, ədəbiyyatımızda, musiqimizdə, ümumən sənət aləmində baş verən bütün olaylar muncuq kimi ipə-sapa düzülüb tarixin boynundan asılırdı.
Tarixi min illərlə ölçülən iri-iri dövlətlərin baş şəhərləri olduğu kimi, o şəhərlərin də taleyi olub. Dövlətlərin məişətinə, saray mədəniyyətinə, əyalətlərinə ayna olan həmin şəhərlərin taleləri kimi də tarixləri olub və bu tarix yazıya alınıb. Bineyi qədimdən tarixini qılıncla yazan TURAN-ın bir parçası olan Oğuz eli – Azərbaycanda da tarixi yazmaqdan çox yaradıblar. Təkcə mərd kişilər, ilk maarifçilər ondan qaça bilməyiblər. Tişəni qan ediblər. Ürəklərinin qanı, ruhlarının səsi, gözlərinin nuru ilə Qobustanın qayaüstü abidələrinə, Gəmiqayaya könül veriblər. Dağların sal daşından qalalar çəkib, bürclər tikiblər. Dəmirqapı Dərbənddən, Gəncə, Şabran, Mərdəkan, Ramana qalasından, Şuşa, Bakı, Təbriz qalasından şahinlər pərvaza gələndə yağıların dizi titrəyib. Nə qədər qəribə səslənsə də, bu əzəmətli məqamları da daha çox özgə millətdən olan tarixçilər yazıb.

Şərəf Cəlilli

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin anadan olmasından 113 il ötür. «Bakı» qəzeti fəaliyyətə başlayanda

Ən son

ƏSAS XƏBƏRLƏR

Prezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik məktubu ünvanlayıb.Baki-baku.az President.az-a istinadən bildirir ki, məktubda

GÜNDƏM

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən 1, 5, 10, 20 və 50 qəpiklik metal pul

GÜNDƏM

Bakıda Azərbaycan Din Xadimlərinin Forumu öz işinə başlayıb.Baki-baku.az xəbər verir ki, tədbir “Dini maarifləndirmənin aktual