Nəşr edilmişdir 09/26/2024

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Nəsir İmanquliyev

“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir.

Odur ki, nə böyük,​ nə də ki kiçik rollar olur.

Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir”.

Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Azərbaycan ədəbiyyatı, jurnalistikası və ictimai həyatında əqidəsi, əməlləri, peşəkarlığı ilə müstəsna yer tutan görkəmli jurnalist, ictimai xadim, Bakı Dövlət Universitetinin (BDU) professoru,​ Əməkdar mədəniyyət işçisi, Əməkdar jurnalist Nəsir İmanquliyev mətbuat salnaməmizdə silinməz iz qoymuşdur. O, “Radio proqramı”, “Vətənin səsi”, “Bakı” və “Baku” qəzetlərinin qurucusu, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə ənənələrini özündə ehtiva edən, kitabları, monoqrafiyaları, publisistik yazıları, təşkilatçılıq və redaktorluq məharəti ilə milli mətbuatımıza töhfə vermişdir.

Nəsir İmanquliyev 22 dekabr 1911-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1925–1926-cı illərdə Bakıda peşə məktəbini bitirmiş, 1926-cı ildə komsomol sıralarına qəbul olunmuşdur. 1934-cü ildə Bakıda Lassal adına Neft Texnikumuna daxil olaraq təhsilini davam etdirmişdir.

Dövri mətbuatda ilk yazıları tələbəlik vaxtlarında, yəni 1934–1952-ci illərdə çap olunmağa başlayır. Həmin illərdə o, “Kommunist”, “Yeni yol”, “Gənc işçi”, “Vətənin səsi” qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifələrində çalışmışdır. İkinci dünya müharibəsi zamanı, 1942-ci ildə Nəsir İmanquliyev siyasi işçi kimi Krım cəbhəsinə göndərilmiş, orada “Krım cəbhəsi” qəzetinin məsul katibi olaraq fəaliyyət göstərmiş, eyni zamanda hərbi hissədə tərcüməçi kimi çalışmışdır.

Müasirləri Nəsir İmanquliyevi “mətbuatın patriarxı” adlandırırdılar. Gənc yazarlara xüsusi diqqət və qayğıyla yanaşan görkəmli jurnalist XX əsr Azərbaycan ədəbiyyatına əvəzsiz töhfələr vermişdir.

İkinci Dünya müharibəsi illərində Krım döyüşləri zamanı N.İmanquliyev, A.Zamanov, R.Rza ilə birlikdə Cəfər Cəfərovun redaktoru olduğu “Krım cəbhəsi” qəzetində müxbir kimi çalışmışdır. Daha sonra böhtanla işdən uzaqlaşdırılan C.Cəfərovun bəraət qazanması üçün Nəsir İmanquliyev digər müxbirlərlə birgə ictimaiyyətə məktub ünvanlamışdılar.

1943-cü ildə Nəsir İmanquliyev “Kommunist” qəzetinə məsul katib təyin edilmiş, bu qəzetdə onun vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işıq üzü görmüşdür. 1946-cı ildə Moskvada mərkəzi qəzet kursunu bitirən Nəsir İmanquliyev 1947-ci ildə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamışdır.

Nəsir İmanquliyev 1948–1950-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almış, təhsilini iki ilə başa vurmuşdur. O daha sonra təhsilini 1948–1955-ci illərdə Moskva Ali Partiya Məktəbində qiyabi olaraq davam etdirmişdir.

1958-ci ildə Nəsir İmanquliyev “Bakı” qəzetini yaratmış və həmin ilin 10 yanvar tarixində qəzetin ilk nömrəsi işıq üzü görmüşdür. “Bakı” qəzeti 1958–1988-ci illərdə nəşr olunmuşdur. Həmçinin 1963–1988-ci illərdə “Baku” qəzeti rus dilində fəaliyyət göstərmişdir. Nəsir İmanquliyev uzun illər yaratdığı bu iki qəzetin baş redaktoru vəzifəsində çalışmışdır.

Xalq yazıçısı Anar Nəsir müəllim haqqında xatirələrində qeyd edir ki, bir gün onlar iş əsnasında qarşılaşmış, gözünə qəmgin görünmüşdür. Səbəbini soruşduqda evində yanğın baş verdiyinin və əsərlərinin də orada külə dönməsindən pərişan olduğunu demişdi. Onun üçün ən qiymətli miras yaradıcılığı və əsərləri idi. 

2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “N.Ə.İmanquliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” Sərəncam imzalamışdır. Yenə həmin ildə Ömər Eldarovun müəllifliyi ilə yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur. 2007-ci ildə Bakı Dövlət Universitetində xatirə lövhəsinin açılışı olmuşdur.

2011-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Nəsir İmanquliyevin 100 illiyinə həsr olunmuş silsilə yubiley tədbirləri keçirilmişdir.

Nəsir İmanquliyev Yusif bəy Sultanovun qızı Gövhər Sultanzadə ilə ailə həyatı qurmuş və bu evlilikdən onların yeganə qız övladı, görkəmli şərqşünas alim Aida İmanquliyeva dünyaya gəlmişdir. Aida xanım Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın anasıdır.

Related Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.Baki-baku.az bu barədə BDYPİ-yə

Ən son

DİGƏR XƏBƏRLƏR

Dünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatıb. Söhbət təxminən 10 il əvvəl

DİGƏR XƏBƏRLƏR

Noyabrın 25-dən “Azərbaycan Dəmir Yolları” QSC COP29-la əlaqədar Bakı-Sumqayıt sürət elektrik qatarlarının müvəqqəti ləğv edilmiş

DİGƏR XƏBƏRLƏR

Rusiya-Çin alimləri qrupu Ayın cənub qütbündə yerləşən Şumeyker kraterinin daim kölgəli dibinin fotogeoloji təhlilini aparıblar.